Vətən eşqi: Onların dəstəyi bizim üçün qələbə deməkdir
Azərbaycan əsgərinin hələ ki, cəbhədə qadınların köməyinə ehtiyacı yoxdur
Azərbaycanın işğal olunmuş əraziləri uğrunda gedən hərbi əməliyyatlarda çox ciddi itkilər verən Ermənistan Müdafiə Nazirliyi orduda əsgər çatışmazlığını nəzərə alaraq ön cəbhəyə qızları cəlb edib. Gənc erməni qızlar əsgər forması ilə ordu sıralarına yazılmağa başlayıb.
Qeyd edək ki, qadınların hərbi əməliyyatlarda iştirak məsələsi hər zaman Azərbaycanda da müzakirə predmeti olub. Artıq hüquqi baxımdan buna bir əngəl olmasa da, mentalitet qadınlarımıza bir baryer rolunu oynayır.
Bununla belə cəbhədə hərbi əməliyyatlar başlayandan andan qızlarımız sosial şəbəkələr vasitəsilə "bizi niyə əsgər aparmırlar”- deyə çağırışlar edib, orduda snayper, tibb bacısı, əməliyyatçı olaraq xidmət etməyə hazır olduqlarını bəyan ediblər.
"Əsgər Ailəsi” Cəmiyyətinin sədri, Qarabağ müharibə veteranı, ehtiyatda olan zabit, hərbi jurnalist Roza Əliqızı "Şərq”ə açıqlamasında qadınların hərbi xidmət keçməsini müsbət qarşıladığını deyib: "Dünyanın hər yerində qadınların hərbi xidmətdə olduğunu görə bilərik. Əslində hərbi xidmətdə olmaq, o demək deyil ki, qadınlar mütləq əlinə silah alıb döyüş bölgəsində kişilərlə bərabər çiyin-çiyinə savaşmalıdır. Hərbdə qadınların xidmət etməsi üçün bir çox məlum vəzifələr var ki, bu da onların hərb sahəsində lazımi dəstək verəcəyinə gətirib çıxarır. Məsələn, tibb bacısı kimi hər zaman onlara ehtiyac var. Hərbi idarələrdə, hərbi nəşriyyatlarda, tədris korpuslarında, hərbi muzeylərdə nə qədər qadınlar çalışa bilər və hazırda çalışdıqlarının da şahidiyik. Amma sırf qadınların döyüşməsi məsələsinə gəldikdə isə indiki situasiyada buna ehtiyac olmadığını düşünürəm”.
90-cı illərin əvvəllərində də qadınların hərbi xidmətə meylinin çox güclü olduğunu vurğulayan xanım özünün də rəsmi olaraq, hərbi xidmətdə olduğunu vurğulayıb: "Vətənpərvər qadınlarımız, gənc qızlarımız döyüş bölgəsinə getmək, vuruşmaq üçün bizə müraciət edirdilər. Biz komandanlığın tapşırığı ilə cəbhə bölgəsinə getmək istəyində olan qadınların əksəriyyətini fikirlərindən çəkindirib idarəmizdə işə götürərdik. Lakin bəziləri fikirlərindən dönməyərək döyüş bölgəsinə gedərdilər. Cəbhə bölgəsində nə qədər şəhid olan qadınlarımız və qızlarımız oldu o zaman. Amma çox təəssüf ki, Vətən üçün döyüşən, orduda alnıaçıq xidmət edən qızlarımızla yanaşı, ordumuzun adına ləkə gətirən qadınlarımız da var idi. Bu isə qadınların orduda iştirakı ilə bağlı müəyyən suallar doğururdu”.
Bu gün qızların hərbi xidmət keçməsinə, döyüşə yollanmasına ehtiyac olmadığını deyən R.Əliqızının sözlərinə görə, indiki Azərbaycan ordusunda 25 il bundan əvvəlki pərakəndəlikdən əsər-əlamət qalmayıb: "Bizim güclü ordumuz, hər an Vətən uğrunda ölümə hazır əsgərlərimiz var. Bir çox ölkələrə örnək hərbi qüdrətimiz, texnikamız var. Ali Baş Komandanın bir əmri kifayətdir ki, düşmən ordusunu darmadağın edək. Bir neçə günə qədər bir çoxlarına bu, adi pafos kimi görünə bilərdi. Amma biz ordumuzun gücünü 3 günün içində bütün dünyaya sübut etdik. Azərbaycanın işğal olunmuş torpaqları uğrunda gedən hərbi əməliyyatlar zamanı mən də cəbhə bölgəsində oldum. Əsgərlərimizin Vətən uğrunda necə döyüşdüyünə, onların qələbə əzminə şahid oldum. Ermənistanın qadınları silahlandırıb döyüş bölgəsinə göndərməsi bizim qadınları qıcıqlandırmasın. Əslində sevinin ki, yenilməz ordumuz qarşısında duruş gətirə bilməyən düşmən əsgərləri qadınların arxasında gizlənir. Deməli, sarsıdıcı zərbələr alan düşmən ordusu darmadağın olub, qızların köməyinə ehtiyac duyub. Qadınlarımızın cəbhəyə olan meylini başa düşürəm. Hər birimiz ürəyi Vətən eşqi ilə döyünür. Qızlarımız da oğlanlarla yanaşı, torpaqlarımız uğrunda döyüşmək istəyir. Ancaq əsgərlərimizin qadınların köməyinə ehtiyacı olduğunu düşünmürəm. Hərbidə olan bir xanım kimi hərbin müxtəlif sahələrində onların çalışmasını israr etsəm də, amma qadının və gənc qızın əlinə silah alıb səngərdə kişilərlə çiyin-çiyinə döyüşməsinin əleyhinəyəm. Nə qədər mərd və qorxmaz qadınlarımız olsa da, düşmənə cavab verə biləcək kişilərimiz öndə olmalıdır. Döyüşdən qorxub, qadınları qabağa vermək ancaq erməni ordusuna xas xüsusiyyətdir”.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Şərq”ə deyib ki, Azərbaycanda qadınlara hərbi xidmət keçmək qadağası yoxdur: "Müharibədə, hərbi münaqişələrdə qadınların iştirakı daha çox ruhlandırıcı və ideoloji xarakter daşıyır. Amma indiki vəziyyətdə bu o qədər də önəmli deyil. Bu, həm də siyasi məsələdir. Qadınlar o vaxt müharibəyə gedir ki, artıq müharibədə ağır itkilər var və döyüş üçün adam tapmırlar, çox çətindir. Şükür ki, Azərbaycanda bu problem yoxdur. Biz elə bu günlərdə Azərbaycanda qadınların kütləvi olaraq, hərbi xidmətə cəlb olunmasına ehtiyac olmadığının şahidi olduq. Azərbaycan Ordusunun hərbi güc və döyüş ruhu son dərəcə yüksəkdir. Hətta hərbidə olmayan gənclərin belə könüllü olaraq, bu prosesə qoşulmaq üçün necə canfəşanlıq etdiyini gördük”.
M.Zeynalovanın sözlərinə görə, qadınlarımız əgər torpaq uğrunda döyüşən əsgərlərimizə dəstək olmaq istəyirlərsə, arxa cəbhədə əllərindən gələni etməyə hazır olsunlar.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının isə qadınların ön cəbhədə döyüşməsi məsələsinə münasibəti mənfidir: "Qadınlarımızın hərbi xidmətə çağırılmasına, hərbçi olmasına pis baxıram. Hərbi xidmətə çağırılan qadından sonradan nə həyat yoldaşı, nə də ailə başçısı olacaq. Qadının hərbi xidmət keçdiyi ailələrdə sərt rejim olacaq. Belə xanımların ailə həyatı qurması da çətindir. Çünki kişilərin hərbçi qadınlara münasibəti ümumən yaxşı deyil. Mövcud stereotiplər qadınlarımızın hərbi xidmətdə olmalarına mane olur. Ona görə də bu məsələnin ictimailəşdirilməsinə ehtiyac görmürəm”. Millət vəkili Aydın Mirzəzadə qadınların belə bir təşəbbüslə çıxış etmələrini qürurla qarşıladığını deyib. Onun sözlərinə görə, bu təşəbbüsün özü belə qadınlarla fəxr etməyə səbəb olur: "Amma Azərbaycanda qadınların döyüşməsinə ehtiyac yoxdur. Bu gün Azərbaycanda kifayət qədər əsgərimiz, vətəndaşlıq borcunu yerinə yetirmək istəyən gənclərimiz var. Qadınların ruhən bizimlə olması və bizi dəstəkləməsi yetər ki, qələbəni daha tez əldə edək. Onların mövcudluğu və dəstəyi bizlər üçün qələbə deməkdir”.
Şəymən