Vətən, millət və insanlıq borcu...

Saday müəllim Azərbaycanı canında gəzdirən əsl xeyirxah fədailərdəndir
"20 yanvar, o qanlı hadisə baş verən gün Bakıda, evimdə idim. Sovet-rus ordusu Bakıya girib insanları qırırdı. Bir Azərbaycan oğlu kimi, tankların qarşısına çıxdım, etirazımı bildirdim. Həmin gecə mən də şəhid ola bilərdim. Amma təsadüf nəticəsində sağ qaldım. Gecə səhərə kimi isə yaralıların xəstəxanalara aparılmasında iştirak etdim. Səhər saatlarında evə çatdım, baxdım ki, hər yerim qandır. Şəhidlərimizin, yaralılarımızın qanı”...
Bunu Saday Əhmədov 1990-cı ilin qanlı 20 yanvar hadisələrini anlatarkən deyir. Gəlin Saday müəllim haqqında, Azərbaycanın bu xeyirxah, mesenat insanını bir az geniş təqdim edək....
Hər bir ölkənin nüfuzunu qaldıran, güc mənbəyinə çevrilməsini şərtləndirən əsas amillərdən biri və bəlkə də birincisi iqtisadiyyatın inkişafıdır. Təbii ki, iqtisadiyyat da bacarıqlı, səriştəli biznesmenlərin, iri, orta və xırda sahibkarlardan, onların rəhbərlik etdiyi fabrik və zavodların istehsalatından asılıdır. Azərbaycan biznes mühitində çox savadlı, səriştəli sahibkarlar hər zaman olub və bu gün də var. Hansı ki, bu insanlar Azərbaycan iqtisadiyyatına öz töhfələrini verməklə ölkəmizin güclənməsinə çalışıblar. Ən gözəli də odur ki, iqtisadiyyatın inkişafına xidmət edən biznesmenlərin hamısı olmasa da, bəziləri həm də milli-mənəvi dəyərlərin təbliğinə, ölkənin tanıdılması işinə özlərinin maliyyə dəstəyini əsirgəmirlər. Milli maraqları biznes maraqları ilə eyniləşdirən sahibkarlarımızın sayı az olsa da, belələri var. Saday İsa oğlu Əhmədov kimi.
"Heydər Əliyev mənim hər zaman kumirim olub. Azərbaycan xalqının dahisi həqiqətən də Heydər Əliyevdir” – deyir Saday müəllim: "Həmişə düşünmüşəm, hansı azərbaycanlı Sovet İmperiyası kimi böyük bir dövlətin rəhbərlərindən ola bilərdi?! Bunu Heydər Əliyev bacarmışdı. Savadı ilə, intellekti ilə, hər şeyi bilməsi ilə bunu bacarmışdı. Mən bu gün də Heydər Əliyevlə dahi bir şəxsiyyətimiz olaraq fəxr edirəm. Hazırda da dahi liderin siyasətini cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirməkdədirlər. Ölkəmizin nicatı, inkişafı ölkə rəhbərliyimizin əlindədir və bunu uğurla davam etdirirlər”.
"İnterturan” konsersiumunun təsisçisi və baş direktoru olan Saday müəllim həm də millətçi bir insandır – qatı türk millətçisi... Elə şirkətinin də adında millətçi xüsusiyyət var – "İnterturan”. Saday Əhmədov özü deyir ki, Böyük Turan sevdalısı olduğu üçün, holdinqini zamanında "İnterturan” adlandırıb. Bu arada qeyd edək ki, müstəqilliyi yeni qazanan ölkədə "İnterturan”ın maliyyə dövriyyəsi 3 milyon olub. Təsəvvür etmək çətin deyil ki, bu şirkətin dövlət büdcəsinə verdiyi vəsait nə qədər olub. Bu vergi hesabına da, çətin günlər yaşayan ölkənin təqaüdçülərinin təqaüdlərinin ödənilməsinin böyük qismi həyata keçirilib.
Moskvada böyük maneələr yaratdılar
Saday Əhmədov 1949-cu ildə Azərbaycanın Göyçə mahalında dünyaya göz açıb. Orta məktəbin 6-cı sinfində oxuyarkən anasının xalası Saday müəllimi özünün yaşadığı yerə, Ukraynanın Luqansk şəhərinə aparıb. Saday müəllim orta məktəbi Luqanskda bitirdikdən sonra Azərbaycana geri dönüb. Özü deyir ki, arzum təyyarə pilotu olmaq idi. Amma atası icazə verməyib, Saday müəllimi aptek müdiri kimi görürmüş: "Mən də atamın istəyi ilə, indiki Tibb Universitetinin Əczaçılıq fakültəsində oxudum. Amma bu iş mənə görə deyildi, elm adamı olmaq istəyirdim. Xüsusən də fəlsəfə mənim üçün çox maraqlı idi. Bunun üçün sənədlərimi Moskvaya aspiranturada oxumaq üçün göndərdim və getdim orada oxudum. Düzdü, mənə burda çox maneələr yaradıldı, amma onların hamısını aşa bildim. 3 il Moskvada Lenin adına kitabxananın zirzəmisində fəlsəfə-ədəbiyyat oxumuşam. Mənim o oxuduqlarım təşkilatçı kimi yetişməyimdə böyük rol oynadı. İndi də mən böyük fəlsəfə alimi Kantı mütaliə etməklə məşğulam”. Saday müəllim yenidən Bakıya qayıdır – "İşsiz-gücsüz idim. Elə oldu ki, Bakıda, Xətai rayonunda köhnə bir aptek götürüb işlətdim. O apteki təsəvvür edin ki, bir neçə ayın içində təmir etdirdim, ərazisini genişləndirib, 40 kvadratmetrlik yeri 600 kvadratmetrə çatdırdım. Və mənim müdiri olduğum aptek Bakıda mərkəzi aptek idi. Həmin tikdirdiyim bina xüsusi memarlıq nümunəsi idi ki, hələ də qalmaqdadır”. Ötən əsrin 80-ci illərinin sonlarında mən yenidən Moskvaya qayıdası oldum, Rusiyada biznesə başladım. Amma Saday müəllim orada böyük kapital əldə etsə də, yenidən Bakıya qayıdıb – məqsəd də müstəqilliyini yenicə elan etmiş Vətəni Azərbaycanda işlər görmək, istehsalat müəssisələri yaratmaq olub: "O zaman məni bir çox biznesmen azərbaycanlı dostlarım qınadılar. Dedilər "nə var Azərbaycanda, nəyə gedirsən. Sənin bütün pulların gedəcək, orada müharibədir və s”. Amma Saday müəllim onların dediklərinə əhəmiyyət verməyib, Azərbaycana gəlib – müharibə şəraitində yaşayan, yenicə müstəqilliyini əldə edən ölkənin iqtisadiyyatına, istehsalatına töhfə vermək üçün. Və gəlir Bakıda sonradan ölkənin ən böyük şirkəti olacaq "İnterturan” Konsersiumunu təsis edir.
Böyük "İnterturan”
"İnterturan” konserni 1990-cı ilin aprelində təsis edilib. Konsernin yaradılmasında məqsəd sahibkarlıq sahəsində uğurlar əldə etmək olub. Azərbaycan Nazirlər Kabineti 1991-ci ilin oktyabrında ilk fərdi sahibkarlıq subyekti kimi "İnterturan”ı qeydiyyata alıb. Konsersiumun tərkibində mebel fabriki, konserv və pivə zavodu fəaliyyətə başlayıb. Bununla yanaşı, holdinq tikinti materialları istehsalına – beton və parket istehsalını da həyata keçirib. Konsersiumun Rusiyanın Moskva, Samara, Rostov-Don, Ukraynanın Dnepropetrovsk, Qazaxıstanın Almatı, İranın Tehran şəhərlərində filialları açılıb, ofisləri fəaliyyət göstərib. Həmin vaxtlar holdinqin işçilərinin sayı 1500 nəfərə çatıb. Bu təbii ki, kiçik rəqəm deyil. 1500 işçi 1500 ailə deməkdir və bu qədər ailə maaşla təmin olunub.
Saday müəllim deyir ki, başlanğıc olaraq konsersium beynəlxalq ticarətlə məşğul olub: "Moskva filialı Rusiyada və xarici ölkələrdə ən böyük ticarət əməliyyatlarını həyata keçirdi. Bizim məqsədimiz ölkə xaricində qazanılan kapitalı Azərbaycanda xərcləyib, ölkəmizdə sənayenin, istehsalın inkişafına xidmət etdirmək olub. Biz çalışdıq ki, ölkə iqtisadiyyatına xeyir verək, Azərbaycanın iqtisadi inkişafı yolunda töhfələrimiz olsun. İstehsal etdiyimiz mallar da yüksək keyfiyyətə malik oldu. Keyfiyyətli məhsul istehsalına və istehsalat sahəsindəki nailiyyətlərə görə konsersium müxtəlif sertifikatlarla təltif edildi, mükafatlara layiq görüldü. Bizim şirkət tez-tez beynəlxalq biznes-forumlara, tədbirlərə dəvət olunurdu.
20 il davam edən əsassız iddialarla keçirilən məhkəmələr...
Saday müəllim əsassız iddialarla məhkəmələrə də çəkilib. Maraqlıdır ki, Saday müəllimi məhkəmələrə verən şəxslər öz yaxınları – qardaşları Çingiz və Mayıl Əhmədovlardır. Onlar "İnterturan”ın 45 faiz hissələrini mənimsəmək istəyirlər. Dəfələrlə məhkəmələr bu insanların iddialarını rədd edib, Saday müəllimin xeyrinə qərar verib. Hətta Ali Məhkəmə də Saday müəllimin haqlı olduğu qərarını çıxarıb. Amma sonra yenidən birinci instansiyaya müraciətlər edilib, qardaşları tərəfindən. Və bəzi proseslərdə də qardaşların iddiası təmin olunub. 20 ildir ki, bu məhkəmə çəkişmələri davam edir – gah Saday müəllimin xeyrinə məhkəmə qərarı çıxarılır, gah da əsassız iddiaçıların. Çox maraqlıdır ki, bu çəkişmələrin davam etməsində maraqlı olan hansı qüvvə var? Amma Saday müəllim bunlardan da danışmaq istəmir. Deyir iş olan yerdə hər zaman, şər-böhtan da atılacaq.
Yeri gəlmişkən onu da qeyd edək ki, Saday müəllimin ailəsi də hər zaman vətənpərvərliyi ilə, ölkəyə xeyir verməklə məşğul olub. Məsələn, qızı dizayner-modelyer Leyla Əhmədova Azərbaycanın moda sahəsində öndə gedən simalarındandır. Onun əl işləri dünyada tanınır. Amma təəssüflər olsun ki, 3 ildir ki, Leyla xanım da əsassız iddialarla məhkəmə çəkişmələrindədir. Və bu da Leyla xanımın öz işlərini görməsinə problemlər yaradıb, yaratmaqdadır.
Şəhid övladlarına verilən aylıq təqaüd – "O şəhid övladlarını özüm axtarıb tapırdım”
Əlindəki qovluğu göstərərək, "bu mənim mesenatlıq qovluğumdur, burada etdiklərimin hamısının qeydiyyatı aparılıb” – deyir Saday müəllim. 1991-ci ildən 2000-ci ilə qədər 40 uşağın yemək və təhsil xərclərini ödəyib: "Burada ad-soyadı ilə həmin uşaqlara edilən maddi yardımın qeydiyyatı var. Bu uşaqlar Qarabağ savaşında şəhid olan insanların övladları idilər”. Bu şəhid övladlarını Saday müəllim şəxsən özü araşdırıb tapırmış: "Mən özüm mətbuatdan oxuyurdum, həmin şəhidləri axtarıb tapırdım, gedib ailələrinə baş çəkib, maraqlanırdım. Və o zamanın pulu ilə 20 min manat hər ay təqaüd verirdim. Məsələn, burda adı qeyd olunan (kağızda göstərir – A.B) Əhmədova Elmira Riyad qızına hər ay 40 min manat vəsait verirdim. 20 min qızın özünə, 20 min də qardaşına. O vaxt təxminən bu pul 100 dollar idi. Bu uşaqlar Daşaltı əməliyyatında həlak olan Milli Qəhrəman Riyad Əhmədovun övladları idilər. Bu familyaları, adları siyahıda qeyd olunan 40 nəfər şəhid övladlarına hər ay bu qədər maliyyə göndərirdim.
Quba batalyonu, 17 məcburi köçkün ailəsi və...
Saday Əhmədov müharibə zamanı könüllülərdən ibarət Quba batalyonunun da yaradıcısıdır: "Biz Göyçədən sonra Qubaya köçmüşdük, orda yaşayırdıq. Orda məni tanıyırdılar. Tanışlarım mənə bildirdilər ki, bir qrup könüllü var, onlar Qarabağda döyüşmək istəyirlər. Mən o zaman batalyonun yaranmasına maliyyə dəstəyi verdim. O batalyondan şəhid olan əsgərlərimizin ailələrinə hər zaman diqqətimi, qayğımı göstərdim”.
Onu da qeyd edək ki, 17 məcburi köçkün ailəsi bu gün də Saday müəllimin şəxsi mənzillərində yerləşdirilib: "O vaxt məcburi köçkün taleyi yaşayanda mən o insanlara evlərimin qapılarını açdım. Və bu gün də o insanlar o evlərdə təmənnasız olaraq yaşamaqdadırlar”. Amma bunları dilə gətirməyi, reklam etməyi sevmir Saday müəllim.
Heç elm və sənət adamlarına göstərilən maddi yardımları, tibb müəssisələrinə dəfələrlə humanitar yardım olaraq verilən dərman vasitələrini və s. sadalamağa lüzum görmür. Deyir ki, bu da mənim borcumdur, Vətən, millət və insanlıq qarşısında...Heç "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (KVN) konsertlərinin təşkilatçılığına ayırdığı maliyyə vəsaitlərini sadalamır.
"Azərbaycan Qalalar – Qəsrlər” kitabı və "Yarasa” filmi...
"İnterturan” konserni istehsalatla, ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrlə yanaşı, Saday müəllimin şəxsi təşəbbüsü ilə bir çox xeyriyyəçilik tədbirləri də həyata keçirib. Azərbaycan milli dəyərlərindən tutmuş mənəvi tədbirlərə kimi, bir çox xeyriyyə məsələlərində sponsorluq dəstəyi göstərib.
Saday müəllimin prodüserliyi və maliyyə dəstəyi ilə 1993-cü ildə ingilis dilində, "Azerbaijan Fortresses - Castles” ("Azərbaycan Qalalar – Qəsrlər”) adlı kitab nəşr etdirib. Yazanı görkəmli tarixçi-alim, akademik Cəfər Qiyasi, foto-rəssamı Fərid Məmmədov olan bu kitab, Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə Azərbaycan memarlığı üslubunda tikilmiş qədim qalalardan bəhs edir. Saday Əhmədov deyir ki, bu kitabın ideyası hələ bir neçə il qabaq yaranıb: "İdeya da keçmiş baş nazir, indi Polşada səfirimiz olan böyük tarixçi-alim Həsən Həsənov idi. O zaman mən müraciət etdim ki, şirkətimin adını "İnterturan” qoymaq istəyirəm. O mənə bu adı verdi, amma dedi ki, sən Azərbaycan qalaları və qəsrləri haqqında kitabı çap etdir. Mən deyim ki, Həsən müəllim böyük azərbaycanlılardan biridir. Azərbaycan üçün çox şey etmiş adamdır. Onun ideya müəllifi olduğu bu kitabı mənim prodüserliyim və rəhbərlik etdiyim şirkətin maliyyə dəstəyi ilə, 20 min tirajla çap etdirdik. Bu kitab üçün o vaxt ümumilikdə 300 min dollar xərclədik. Kitabın çapında ən bahalı kağızdan istifadə olundu. Rəhmətlik ümummilli liderimiz Heydər Əliyev hər xarici ölkələrə səfər etdikdə, bu kitabı görüşdüyü prezidentlərə təqdim edirdi. Bu, Azərbaycanı tanıtmaq, təbliğ etmək üçün çox önəmli bir vəsait funksiyasını yerinə yetirdi. Bu kitabın mənası odur ki, dərc olunan, haqqında məlumat verilən Azərbaycan qalaları və qəsrləri Dərbənddən Həmədana kimi coğrafiyada yerləşir. Bu sübut edir ki, bu qalalar Azərbaycan memarlığına aid olduğuna görə, ərazilər də Azərbaycan əraziləridir”. "Mən artıq bilirdim ki, Heydər Əliyev hakimiyyətə gəlir, bu kitab ideyasının gerçəkləşməsində ümumilli liderin hakimiyyətə gəlişi də önəmli rol oynadı” – deyir Saday müəllim.
Saday Əhmədov məşhur "Yarasa” filminə də həm prodüserlik edib, həm də maliyyə sponsorluğunu həyata keçirib. Hansı ki, "Yarasa” beynəlxalq səviyyəyə yüksəlmiş və ümumdünya kino festivallarında ilk Qran-Pri qazanmış müstəqil Azərbaycanda çəkilən ilk bədii filmdir. Rejissoru Ayaz Salayev olan bədii filmin ərsəyə gəlməsinin bütün xərcini Saday müəllim çəkib. "Yarasa” Fransada keçirilən Anju festivalının Qran-Prisini qazanmaqla yanaşı, 20-dən çox beynəlxalq kinofestivalda iştirak edib.
70 yaşlı uğurlu və təcrübəli biznesmenin tövsiyələri...
"İnterturan” bu gün də fəaliyyət göstərir – amma əvvəlki gücündə deyil. Səbəb isə... Çoxdur burda səbəblər, Saday müəllim onları sadalamaq istəmir. Sadəcə bir uğurlu və savadlı biznes adamı kimi, Azərbaycanda biznesin necə inkişaf etməsi yollarını deyir – "Azərbaycan biznesində ucuz kredit resurslarından istifadə etmək üçün çox vacibdir. Bu gün ölkənin bank sistemində kredit almaq üçün ciddi şərtlər var. Almaniyada beş illik müddətlə sıfır dərəcəsi ilə kredit ala bilərsəniz, Türkiyədə - 8 faizlə, İspaniyada illik 2,5 faizlə. Azərbaycanda isə bu faiz göstəricisi ən yaxşı halda 18 faiz nisbətindədir. Bundan əlavə, yerli bank bazarını liberallaşdırmaq və dünya bazarının bank kapitalına açıq olmaq lazımdır. Hesab edirəm ki, bu, yerli bankların ələ keçirilməsinə gətirib çıxaracaq, amma böyük xarici pullar alınsa, bu, yerli bank sisteminin inkişafını stimullaşdırar. Əminəm ki, dövlət Azərbaycanın rifahı ilə maraqlanır. Cənubi Koreya, Yaponiya, Çin, Türkiyə kimi ölkələrin təcrübəsini təqlid etməliyik ki, yerli istehsalın ümumi daxili məhsul baxımından inkişafını stimullaşdırmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanda biznesin inkişafı üzrə birgə məqsədlər üçün güclü iqtisadi ixrac potensialı, bir çox ixracat yönümlü korporasiyalar yaratmaq lazımdır. Saday müəllim belə hesab edir ki, qeyri-neft sektorunu inkişaf etdirmək mütləqdir. Bununla yanaşı, azad sahibkarlığı və rəqabətliliyi də əsas şərt kimi görür.
P.S. Bu il Saday müəllimin 70 illik yubileyidir. Biz də Saday müəllimi yubileyi münasibəti ilə təbrik edir, ona sağlam həyat, xeyirxahlıq missiyasının davamını, biznes sahəsində uğurlar arzulayırıq!