"Vətənə xəyanət edənlər ömürlük həbslə cəzalandırılmalıdırlar" - Sabiq dövlət müşaviri




"Vətənə xəyanət edən şəxslər ən ağır cəza – ömürlük həbslə cəzalandırılmalıdırlar”.

Bunu Sherg.az-a Azərbaycanda casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında ölkədən çıxarmağa çalışan şəxsin saxlanmasına münasibət bildirərkən sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, ələ keçirilmiş və agentura xidmətini yerinə yetirən şəxslər həmişə olub:

"Milli Təhlükəsizlik Nazirliyinin, Eldar Mahmudovun dövründə bu cür agentura şəbəkəsinin açılması məsələləri demək olar çox zəif, hətta yox dərəcəsində idi. Düşünürəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin bu sahədə işi xeyli fəallaşıb. Bir sıra agentura şəbəkələrini, İŞİD-ə xidmət edən şəxslərin zərərsizləşdirilməsi və onların həbs edilməsi DTX-nın aktiv fəaliyyətinin nəticəsidir.

İnsanların vətəninə sədaqətlə xidmət etməsi, başqa ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməməsinə gəldikdə isə bu məsələ cəmiyyətin məsələsi kimi qəbul edilməlidir. İnsanlar başa düşməlidirlər ki, müstəqil Azərbaycan onların vətənidir. Bu vətənlə fəxr etmək lazımdır. Hətta ən ağır vəziyyətə düşdükdə belə vətənin suverenliyi və təhlükəsizliyi onların şəxsi təhlükəsizliyindən üstün olmalıdır.

Vətənpərvərlik hissi ailədən və məktəbdən asılıdır. Bütövlükdə ölkəmizin tərbiyə ocaqları elə qurulmalıdır ki, insanlarda vətən və torpaq üçün fəxarət hissi formalaşdıra bilsinlər və onları əsl vətənpərvər kimi yetişdirsinlər. Digər tərəfdən insanlarımız ictimai cəhətdən fəal olmalıdırlar. Ətraflarındakı insanların hərəkətlərindəki şübhələr barədə vətəndaş yetkinliyi ilə ölkənin müəyyən xidmət orqanlarına məlumat verməyi özlərinin xidmət borcu kimi başa düşməlidirlər.

Kölə psixologiyası ilə yaşamağa alışmış, yaxud şan-şöhrət iddiasında olan insanların izlənilməsi və zərərsizləşdirilməsi təkcə xüsusi xidmət orqanlarının işi deyil. Bu həm də cəmiyyətin bütün təbəqələrinin işi olmalıdır. Biz vətənimizə xidmət etmək üçün ən azından bir məhəllədə yaşayan şəxslərin içərisində hiss etdiyimiz şübhəli əlamətləri, baş verə biləcək mənfi hadisələrin qarşısını almaq üçün özümüz vətəndaşlıq fəallığı nümayiş etdirməliyik”.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, dövlətə xəyanət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Aysel Aslan