“Vəziyyət daha da qəlizləşəcək”
Sabir Rüstəmxanlı: “Gərginliyi uzadan Rusiya hökuməti vurulan qırıcıdan qat-qat artıq itkilər verəcək”
Rusiya-Türkiyə arasındakı gərginlik azalmır. Əksinə, Kreml Türkiyənin bölgədəki maraqlarını zəiflətmək üçün əlindən gələni edir. Rusiya Türkiyə ilə İraq arasındakı münasibətlərə də qarışır və "Türkiyə İŞİD-dən neft alır” ittihamı ilə məsələni BMT müstəvisinə çıxarmağa hazırlaşır. Həmçinin, Rusiya mediası və bir qrup ermənipərəst təhlilçi televiziya ekranlarından Türkiyəyə hədələr yağdırmağa davam edirlər.
Ötən gün Rusiya hərbi gəmilərindən birinin Egey dənizində Türkiyənin balıqçı gəmisini atəşə tutması münasibətlərin daha da gərginləşə biləcəyindən xəbər verir. Əksəriyyət hesab edir ki, hadisələrin bu istiqamətdə gedişatı tərəflərə yaxşı heç nə vəd etmir. Bölgədə lokal toqquşmaların genişmiqyaslı xarakter ala biləcəyi təhlükəsi var. Bu isə digər bölgə ölkələri, o cümlədən Azərbaycan üçün təhlükəli vəziyyət yaradır. O baxımdan ən aktual məsələ Rusiya ilə Türkiyə arasında dialoqun başlanmasıdır. Rəsmi Ankara dialoq tərəfdarıdır, Moskva isə "üzr istənilsin və təzminat ödənilsin” strategiyasından geri addım atmır. Gündəmdən düşməyən Rusiya-Türkiyə gərginliyi ilə bağlı "Şərq”in suallarını cavablandıran Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı deyib ki, təyyarə hadisəsinə kimi Rusiya-Türkiyə arasındakı normal münasibət həm tərəflərə, həm də bütövlükdə bölgəyə müsbət təsir göstərirdi...
- Sabir bəy, Rusiyaya məxsus təyyarənin vurulmasından xeyli vaxt keçib. Amma tərəflər arasında gərginlik səngimək əvəzinə artmaqdadır. Sizcə, Rusiyanın yumşalmasına mane olan nədir?
- Tarix boyu baş verən rus-türk savaşları həmişə iki ölkə və xalqlar arasında çox ciddi problemlər yaradıb. Amma son dövrlər həm Avrasiya Birliyi, həm də Yaxın Şərq regionu məsələsində müşahidə olunan Rusiya-Türkiyə yaxınlaşması mövcud münaqişələrin və problemlərin həllinə ümid yaradırdı. Sırf bu səbəbdən biz hər iki ölkənin biri-biri ilə yaxınlaşmasına xoş münasibət göstərirdik. Rusiyada və Türkiyədə ağıllı ziyalılar arasında söhbət düşəndə öz fikrimizi deyirdik. Hər səfərimizdə Rusiyada maraqlanıblar və soruşublar ki, "doğrudanmı, Türkiyə rus xalqı ilə yaxınlaşmaq istəyir?”. Eyni şəkildə Türkiyədə də bir az şübhə, bir az maraqla bunu sual ediblər. Çünki əsrlər boyu davam edən ziddiyyətlər, müharibələr iki ölkədə biri-birlərinə qarşı ciddi inamsızlıq yaradıb. Son hadisələrdə məlum oldu ki, bu inamsızlıq və türk düşmənçiliyi Rusiyanın nəinki dövlət rəhbərlərində, hətta proseslərə daha sakit yanaşan ziyalılarda belə varmış. Rus televiziyaları gecə-gündüz Türkiyəyə kin püskürür, onlar əleyhinə verilişlər hazırlayırlar. Təkcə Türkiyəyə yox, bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Bunlar göstərir ki, Rusiyada hələ köhnə müharibələrin və yaraların nəticəsi olan ovqat tamamilə aradan qalxmayıb. Rus ekranlarında efirə gedən proqramlarda daha çox ermənilər və ya erməni ilə qarışığı olan "ruslar” qabağa verilirlər. Həmin qərəzli və məkirli şəxslər "yuyulmamış qaşıq” kimi araya girərək iki dövlət arasında savaş ovqatı yaratmaq, münasibətləri maksimum dərəcədə gərginləşdirmək istəyirlər. Təbii ki, bu prosesdən ən çox faydalananlar ermənilər və erməni psixologiyası ilə yaşayanlardır. Hesab edirəm ki, bu cür yanaşma xəstə təfəkkürün təzahürüdür.
- Türkiyənin bu məsələdə sərgilədiyi mövqeni necə dəyərləndirirsiniz?
- Rusiyadan fərqli olaraq Türkiyə daha dinc, sivil və mədəni mövqe nümayiş etdirir. Əlbəttə, hazırkı vəziyyət çox gərgindir və gərginləşməkdə də davam edir. Rusiyanın yersiz iddiaları isə bu məsələnin çözülməsinə imkan vermir. Fürsətdən istifadə edən Moskva İranla münasibətləri yaxşılaşdırır və bu ölkə vasitəsilə İraqa nüfuz etməyə çalışır, üstəlik, oradakı türkmənləri qırır, məhv edir. Ancaq heç kim cürət edib Rusiyadan soruşmur ki, "sənin Suriya torpaqlarında nə işin var?”. Lakin rus təyyarəsi Türkiyə ərazisinə keçib vurulanda Kreml hay-küy salmağa başlayır.
Halbuki Türkiyənin daha çox haqqı var desin ki, "bu region, yəni İraq və Suriya mənim bölgəmdir. Tarixi Osmanlı torpaqlarında Rusiyanın payı yoxdur”. Suriyada və İraqda daim türklər, müsəlmanlar yaşayıb. Onları qorumaq haqqı təbii olaraq Rusiyaya yox, Türkiyəyə aiddir.
- Tərəflər arasındakı gərginlik uzun müddət davam edə bilərmi?
- Məncə, gərginlik çox getməyəcək. Çünki buna bənzər qarşıdurmaların hamısının ömrü qısa olub. Ən əsası nəzərə almaq lazımdır ki, münaqişədə ağzından od püskürən, müharibə deyə bağıran rəhbərlər əziyyət çəkmirlər. Prosesdə əziyyət görən İstanbul bazarlarından hər cür, miqdarı bilinməyən dərəcədə trikotaj aparan, alverlə məşğul olan sadə rus vətəndaşlarıdır. Antalyada villalar alanlar, türk şəhərlərində istirahət edənlər, iş quran rus zənginləridir. Eyni zamanda Rusiyada çalışan sadə türklər də bu gərginlikdən əziyyət çəkir. Son günlər bütün Rusiya ərazisində türklərin necə incidildiyinin şahidi oluruq. Yuxarıların savaş çağırışları və biri-birinə meydan oxumaları nəticə etibarı ilə millətlərə ziyan vurur. Bütünlükdə isə Rusiya və Türkiyə iqtisadiyyatı zəifləyir.
- Aqressiv siyasət nümayiş etdirən Rusiya rəhbərliyi Türkiyə ilə müharibə qərarı alarmı?
- Krım hadisəsindən sonra Rusiyaya sanksiya tətbiq olundu və ölkədə iqtisadi böhran başladı. Bundan yararlanan Kreml rəhbərliyi sadəlövh və vətənpərvər rusları müharibə çağırışları ilə aldadıb qırğına verdi. Bununla hakimiyyət düşdüyü bəlalı vəziyyəti unutmağa çalışdı. Amma artıq dünyada tamam başqa vəziyyət yaranıb. Belə bir şəraitdə Rusiyanın müharibəyə qoşulması çox yanlış addım olar. Çünki Türkiyə NATO-nun üzvüdür. Bu ölkəyə savaş elan etmək əslində NATO-ya, bütün Qərbə savaş açmaq olacaq.
- Sizcə, tərəflər arasındakı problemi hansı yolla həll etmək mümkündür?
- Ağıllı dövlət başçıları bu krizisin tezliklə həllində maraqlı olmalıdır. Çünki gərginliyi uzadan Rusiya hökuməti vurulan qırıcıdan qat-qat artıq itkilər verəcək. Nəzərə almaq lazımdır ki, Suriyada savaş gedir, istənilən müharibədə ölüm hadisəsi olur, hərbi texnikalara ziyan dəyir. Ona görə də tərəflər baş verən olayı bölgədə gedən siyasi proseslərin bir nəticəsi olaraq qəbul etməli və tezliklə bir masa arxasında oturub məsələni diplomatik yolla həll etməyə çalışmalıdır. Əks halda, vəziyyət daha da qəlizləşəcək.
- Hadisədən sonra Rusiya Dumasında qondarma erməni soyqırımı gündəmə gətirildi. Deputatlar təklif etdilər ki, "soyqırım”ı inkar edənlər cəzalandırılsın. Sizcə, Rusiyanın "intiqamı” bu həddə kimi gələcəkmi?
- Yalnız başdan xarab ölkələrdə bu cür qərar qəbul edilə bilər. Xatırlayırsızsa, İsveçrədə Doğu Perinçəyə qarşı belə bir iddia oldu. Perinçək İsveçrəni Avropa Məhkəməsinə verdi və bəraət aldı. Gündəmə gətirilən məsələ çox gülünc və insan hüquqlarına tamamilə ziddir. Rusiyada 3 milyona yaxın Azərbaycan türkü yaşayır. Onların içərisində Rusiya vətəndaşlığını qəbul edənlər də var. Bütün soydaşlarımız tarixdə erməni "soyqırım”ı olmayıb deyirlər. İndi onların hamısını düşüncələrinə görə tutacaqlar? XX əsrin əvvəllərindən etibarən soyqırım siyasəti ermənilərə qarşı yox, məhz türklərə qarşı həyata keçirilib. Ən ağır şəkildə soyqırım siyasətinə məruz qalan türk xalqlarından biri də azərbaycanlılardır. Tarix boyu rusun silahları ilə təchiz olunan ermənilər türklərə qarşı savaşıblar və günahsız insanları məhv ediblər. Sovet dövründə Stalinin, Beriyanın və Mikoyanın verdiyi imkanlarla, ermənilərin şər-böhtanı ilə nə qədər ziyalımız güllələnib. Ən yaxın tarixdə Qarabağın işğalı, Xocalı soyqırımı var. Bunları bir kənara qoyaraq, "qondarma erməni soyqırımı yoxdur” deyənləri cəzalandırmaq sərsəm yanaşmadır. Vaxtı ilə Fransa belə bir addım atdı, amma göründüyü kimi heç bir nəticəsi olmadı.
- Son günlər cəbhə xəttində müşahidə olunan gərginliyi Rusiya-Türkiyə qarşıdurması ilə əlaqələndirmək olarmı?
- Nəinki son günlər, ümumiyyətlə, bütün dövrlərdə cəbhə xəttində yaşanan münaqişələrdə Moskvanın bu və ya digər şəkildə rolu var. Təbii olaraq, Rusiya-Türkiyə gərginliyi də bölgədəki proseslərə təsir edir. Kreml ermənilərin başının altına yastıq qoyur, onları əsarətində saxlayır. 7 min rus əsgərinin Ermənistana göndərilməsi, düşmən ölkənin pulsuz silahlandırılması da sırf bu məqsədlə edilir. Hazırda Rusiya hökuməti Ermənistanı köhnə silahlarla doldurub. Məqsəd isə bölgədə narahatlıq yaratmaqdır.
İsmayıl