“Uorlikin diktəsi ilə heç nə həll olunmur”
Fazil Mustafa: “Rusiyanın özünün də Dağlıq Qarabağ siyasətində ciddi bir dəyişiklik müşahidə olunmur”
Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda xüsusi canlanma müşahidə edilməkdədir. Beynəlxalq təşkilatlar əvvəlki dövrlərdən fərqli olaraq problemin sülh yolu ilə həlli istiqamətində ciddi səy göstərirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də son bəyanatlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal altında olan əraziləri boşaltmalı olduğunu vurğulayırlar.
Həmsədrlərin Moskva görüşünü, onların regiona səfərini və digər siyasi prosesləri şərh edən bir sıra ekspertlərin fikrincə, yaxın günlərdə münaqişənin həlli istiqamətində müsbət nəticə əldə etmək mümkün olacaq. Ancaq bunun əksini düşünənlər də az deyil. Münaqişə ətrafında yaşanan aktivliklə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa problemin həlli üçün hələlik ümidverici şəraitin yetişmədiyi fikrindədir...
- Fazil bəy, münaqişənin həlli istiqamətində son günlər cərəyan edən prosesləri necə dəyərləndirirsiniz? Sizcə, danışıqlarda müsbət nəticə əldə etmək mümkün olacaqmı?
- Yox, mən hesab etmirəm ki, müşahidə olunan aktivlik, canlanma münaqişənin həlli ilə bağlı hansısa irəliləyişə səbəb olsun. Çünki hələlik ABŞ-ın və Fransanın Rusiya ilə tam uzlaşması yoxdur. Rusiyanın özünün də Dağlıq Qarabağ siyasətində ciddi bir dəyişiklik müşahidə olunmur. Ona görə də düşünürəm ki, həmsədrlərin Moskva görüşü, eləcə də regiona səfərləri protokol görüşündən başqa heç bir mahiyyət daşımır.
- Konkret olaraq Ceyms Uorlikin problemin həlli ilə bağlı bəyanatlarını necə dəyərləndirirsiniz?
- Hər halda amerikalı həmsədrin maraqlı bəyanatlar səsləndirməsi, münaqişənin həlli ilə bağlı açıqlamalar verməsi, xüsusən də Dağlıq Qarabağ ətrafı yeddi rayonun qaytarılacağını deməsi yaxşı haldır və təqdirəlayiqdir.
Düzdür, məsələ Ceyms Uorlikin diktəsi ilə həll olunmur. Amma ən azından ümid edək ki, münaqişəyə bu cür yanaşmanın ardı gələcək və daha real nəticələr ortaya qoyulacaq. Amma bütövlükdə hələki Ermənistanı işğalçı dövlət kimi tanımaq, ona sanksiyalar tətbiq etmək siyasəti izlənmir. Nə qədər ki, bu siyasət izlənmir, münaqişənin müsbət həllinə boş yerə ümid bəsləmək olmaz.
- Ən çox müzakirə olunan məsələlərdən biri də bölgədə sülhməramlıların yerləşdirilməsidir. Bu məsələyə münasibətiniz necədir?
- Sülhməramlı qüvvələr ancaq Azərbaycanla Ermənistanın sərhəddində yerləşdirilə bilər. Bu da yalnız işğalçı ermənilərin zəbt etdikləri ərazilərdən və Qarabağdan çəkilməsindən sonra baş tuta bilər. Təbii ki, iki dövlət arasında müəyyən problem qalacaq. Çünki indiyə kimi baş verənləri görməzdən gəlmək, unutmaq mümkün deyil. Amma hər halda barışıq və sabitlik naminə BMT-nin mandatı altında sülhməramlıların sərhəddə yerləşdirilməsinə icazə verilə bilər.
- Həmsədrlərin aktivliyi ilə yanaşı, cəbhə xəttində müharibə ritorikası da güclənib. Savaşla bağlı verilən sərt bəyanatları necə şərh edərdiz? Müharibə riski nə qədərdir?
- Əgər iki tərəf arasında gərginlik varsa, sülh və müharibə tipli çağırışlar da hər zaman olacaq. Belə bəyanatları müəyyən qədər normal qarşılamaq lazımdır. Hərbi əməliyyatların başlanacağı ilə bağlı xəbərlər zaman-zaman gündəmə gətirilir. Ancaq real vəziyyət onu göstərir ki, hələlik müharibə ab-havası yetişməyib.
İsmayıl