Vitse-spiker: “Azərbaycanda hakimlərin sayının artırılmasına ehtiyac var”




Parlamentin bu gün keçirilən növbədənkənar iclasında vitse-spiker Ziyafət Əsgərov Azərbaycanda məhkəmələrə göstərilən diqqətdən danışıb. Sədr müavini deyib ki, məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı möhkəmləndirib: 

"Məhkəmədə işlər artıb, hakimlər vəzifəsini layiqincə yerinə yetirməyə çalışırlar. Amma yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir. Ölkə başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilirlər. Məhkəmə rüsumlarını da elektron qaydada ödəyə bilirlər. Bu gün 9 məhkəmə üçün yeni bina inşa olunur.

Düzdü hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür. Təsəvvür edin ki, bu rəqəm Avropa ölkələrində 100 nəfərə 20 hakim düşür. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə hakimlərin sayının artırılmasına ehtiyac var. Azərbaycan məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər. 
Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarların sayı çoxalır. Amma statistikanı nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib. Bu ölkəmizin məhkəmə sisteminin inkişafı ilə bağlıdır".