"Minik avtomobillərindən yükdaşıma məqsədi ilə istifadə edən insanlar əvvəl-axır bu özbaşınalıqlarına görə məsuliyyət hissi daşımalıdır"
"Volqa"da 12 metrlik armatur daşınır
Yol polisi qəza törədən bu halın qarşısını sərt şəkildə alacaq
"Minik avtomobillərindən yükdaşıma məqsədi ilə istifadə edən insanlar əvvəl-axır bu özbaşınalıqlarına görə məsuliyyət hissi daşımalıdır"
"Minik avtomobillərindən yükdaşıma məqsədi ilə istifadə edən insanlar əvvəl-axır bu özbaşınalıqlarına görə məsuliyyət hissi daşımalıdır"
Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır. İdarədən verilən məlumata görə, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.
Salyanda üzərində dəmir qırıntılar daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı digər nəqliyyat vasitəsi toqquşmasını xatırladan DYP qeyd edib ki, nəticədə "Opel”in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin qabaq alın şüşəsindən girərək sürücünün həyatına son qoyub.
Həmin hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməsi barədə göstəriş verilib. Nəsimi rayonu ərazisində "QAZ-31" markalı avtomobil isə 12 metr uzunluqda armatur daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan müayinəyə dəvət edilib və sənədləri tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzin tökərək həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.
Digər bu kimi xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən yol polisi yol-hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol-nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.
Yol polisinin məlumatına görə, belə nəqliyyat vasitələri aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tədbirlər görüləcək.
"Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlının "Şərq”ə açıqlamasına görə, DYP bu addımı lap çoxdan atmalı idi. O hesab edir ki, minik avtomobillərindən yükdaşıma məqsədi ilə istifadə edən insanlar əvvəl-axır bu özbaşınalıqlarına görə məsuliyyət hissi daşımalıdır:
"Bəlli məsələ idi ki, bu avtomobillərin yaratdığı təhlükələr özünün pik nöqtəsinə çatacaqdı və biz artıq bu hadisələrin şahidi oluruq. Salyanda üzərində dəmir qırıntılar daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı digər nəqliyyat vasitəsinin toqquşması nəticəsində "Hyundai"ın sürücüsü dünyasını dəyişib. Nəsimi rayonu ərazisində "QAZ-31" markalı avtomobilin 12 metr uzunluqda armatur daşıyan sürücüsünün çıxardığı hoqqa da eyni cür təhlükə mənbəyidir. Qanunvericiliyə görə, minik avtomobilinin üzərində xüsusi baqajlar olmalı və yük həmin baqajlara bərkidilməlidir. Daşınan yük minik avtomobilinin ön və arxa hissəsindən maksimum bir metr, sağa-sola isə 40 sm kənara çıxara bilər. Görün, bu sürücü ətrafa və insanların həyatına qarşı nə qədər laqeyddir ki, "QAZ-31" markalı avtomobillə 12 metr uzunluqda armatur daşıyır. Düşünür ki, onun daşıdığı bu yük öndə və arxada hərəkət edən sürücülər, həmin maşınlardakı sərnişinlərin həyatı üçün potensial təhlükə mənbəyidir”.
E.Muradlının sözlərinə görə, bu cür harınlamış sürücülər bir çox hallarda özlərinin sosial vəziyyətini önə çəkir. Qarabağ əlili, müharibə veteranı, məcburi köçkün, şəhid ailəsi kimi statuslardan istifadə edib, bu özbaşınalığına hüquqi don geyindirməyə çalışır:
"Başqa imkanım yoxdur, dolanmam bundan çıxır deyən sürücülərin durumunu araşdıranda görürsən ki, dediyi qədər imkansız biri deyil. Normal şəraiti, evi, hətta saz vəziyyətdə olan xarici maşını da var. Sovet istehsalı olan nasaz avtomobildən isə biznes məqsədi ilə, dəmir satmaq üçün istifadə edir. Bu cür alverçilərin "Qazel” alıb, daha rahat və təhlükəsiz şəkildə yükdaşıma ilə məşğul olmaq imkanları var. Sadəcə olaraq əlavə xərc çəkməkdənsə, insanların həyatını təhlükə altına atmağı üstün tutur. Məhz bu düşüncədə olan insanların özbaşınalığına son qoymaq üçün DYP başladığı bu işi qətiyyətlə sonlandırmalı və yükdaşıma qaydalarını pozan bu cür sürücüləri saxlayıb məsuliyyətə cəlb etməlidir.
Nasaz vəziyyətdə, baqajı, kapotu olmayan, işıq cihazları işləməyən avtomobilləri ümumiyyətlə, müsadirə etməlidir.
Elə avtomobillər var ki, içəridə sürücüdən başqa sərnişin üçün oturacaq yoxdur. İstismara yararsız olan bu cür avtomobilləri cərimə meydançasına aparmağa yol polislərinin tam səlahiyyəti çatır. Əgər sürücü sonradan gəlib, həmin avtomobili saz vəziyyətə gətirəcəksə, buraxılır. Əks halda sürücü könüllü şəkildə ərizə yazıb, maşını metalloma verməli olacaq”.
Sözügedən məqsədlər üçün istifadə olunan minik avtomobillərinin mütəxəssislər tərəfindən "yeriyən tabut” adlandırıldığını deyən ekspert deyib ki, əvvəl-axır bu maşınlar kiminsə həyatına son qoyur. Ya sürücü qəzaya düşüb ölür, ya da hansısa günahsız bir insanın həyatına son qoyacaq: "Biabırçılığa baxın ki, minik maşınının sürücüsü tikinti şirkəti ilə əməkdaşlıq edib, onların yükünü daşıyır. 5-10 manat ucuza razılaşır deyə, bu sövdələşmə tikinti şirkətinə də sərf edir”.
Şəymən