“Xaçaturovun yerinə Belarusun nümayəndəsi təyin olunsa, bu, Rusiya - Ermənistan " boşanması”...” – Şərh





"Yuriy Xaçaturov məsələsi Ermənistanın baş naziri Nikol Paşinyanla bu ölkənin sabiq prezidenti Serj Sərkisyan arasındakı qarşıdurma müstəvisində baş verdi. S.Sərkisyan da Rusiya xətti deməkdi. Paşinyan Yuriy Xaçaturovu geri çağırmaqla Rusiya ilə qarşıdurmadan çəkinmədiyini göstərdi”.

Bu barədə "Sherg.az”a Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilməsinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. 

O qeyd edib ki, indi Ermənistanın yeni rəhbərliyi çalışır ki, Y.Xaçaturovun yerinə başqa namizədini yerləşdirsin: 

" Rusiya isə Belarusun nümayəndəsini onun yerinə gətirmək istəyir. Ermənistan çalışır ki, həm Qərb , həm də Rusiya ilə əlaqələrini saxlasın. Əgər Xaçaturovun yerinə başqa bir ermənini təyin etsələr, deməli Rusiya hələ Ermənistandan əlini tam çəkməyib. Yox, Belarusun nümayəndəsi təyin olunsa, Rusiya - Ermənistan " boşanması " istiqamətində ciddi addım olacaq. Çox şey Ermənistandakı 9 dekabr seçkilərindən sönra aydınlaşacaq. Amma bütün hallarda Y.Xaçaturovun vaxtından əvvəl KTMT-dan azad olunması Ermənistana inamın olmamasından irəli gəlir. Bununla da Emənistan özünütəcrid siyasətini daha da dərinləşdirir”.

Qeyd edək ki, KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

Ayyət Əhməd