Xalq artistinin və oğlunun başına iş gəldi

Ramiz Novruzla Cavidanın avtomobilləri eyni gündə qəzaya uğradı




Dünən xalq artisti Ramiz Novruzla, oğlunun başına gələn olay təsadüf olsa da, üzücü hadisədir.
Xalq artisti Ramiz Novruzun avtomibilini əziblər. Maraqlısı odur ki, eyni saatda xalq artistinin oğlu Cavidan Novruzun da maşını qəzaya uğrayıb. Hər iki avtomobil arxadan vurulub. Bunun da bir təsadüf olduğunu nəzərə alsaq, eyni gündə ata-bala gözə dəyib demək olar.

Hadisə ilə bağlı xalq artistinin oğlu Cavidan Novruzla əlaqə yaratdıq. Maraqlandıq ki, bu gün ailənin hər iki üzvünün avtomobilinin qəzaya uğraması, arxadan vurulması təsadüfdür, ya sifariş? Qəza barədə "Şərq”in suallarını Cavidan Novruz cavablandırdı: "Bəli, bu gün atamın da, mənim də avtomobilimi arxadan vurublar. Bu sırf təsadüfdür. Yalandan nə deyim? Deyim ki, sifarişdir? Yalan olar. Maraqlandıq, bəlli oldu ki, sırf təsadüfdür. Sığorta gəldi, atamın maşınını demək olar düzəltdirdik. Mənim maşınım isə bir az çox zədə alıb. Əda etmək kimi görünməsin, mənim idarə etdiyim X-5 markalı maşın eksklyüziv olaraq tyuninq tərzdə yığılıb. Gözəgəlimli maşındı. Hətta harda görürlər maraqlanırlar ki, satıram, ya yox. Görünür, gözə gəldim. Mən əvvəllər göz-nəzərə inanmazdım. Sonralar həyatımda elə məqamlar oldu ki, gözə, nəzərə inanmağa başladım. Düşünürəm ki, gözə gəldik. Başqa bir açıqlaması yoxdu”. Cavidan bizimlə söhbəti zamanı ona paxıllıq edənlərin də olduğunu dilə gətirdi: "Hər sahədə olduğu kimi bizim sahədə də paxıllıq edənlər olur. Mənim səhnədə, sənət aləmində varlığım bəzilərini narahat edir. Təbii ki, mənə paxıllıq edənlər var. Bunu açıq hiss etdirirlər. Hətta əvvəllər pərəstiş etdiyim, sənətinə, şəxsiyyətinə dəyər verdiyim xalq artisti var idi. Həqiqətən hörmət edirdim. Amma onun mənə paxıllığını görəndə dəhşətə gəldim. Xalq artisti mənim kimi gənc aktyora paxıllıq edirsə, artıq burada dəyərdən söhbət gedə bilməz. Mən o insanın xətrini o qədər çox istəyirdim ki, o insanı yaxından tanıyana qədər barəsində təəssüratım tam fərqli idi. Paxıllıq edəcəyi ağlıma belə gəlməzdi. Xalq artisti mənə necə paxıllıq edə bilər ki? Amma çəkiliş meydançasında, sənət aləmində bu kimi halların olması normal işmiş. Əvvəl paxıllığı ona yaraşdırmaq istəmirdim. Ancaq reallığı da qəbul edəcək qədər həyatı başa düşə bilirəm. Onun mənə olan paxıllığından sonra gözümdə cılızlaşdı, ucuz göründü. Bəli, Cavidan Novruzun sənət aləmində varlığı bir çoxlarının gecəsinə haram qatıb, onların narahatlığına səbəb yaradıb. Mən əslində belələrini görəndə bir az da həvəslənirəm, ruhlanıram. Onlar mənə paxıllıq etdikcə, mən yaradıcılığımda daha böyük uğurlar qazanmağa israrlı oluram. Allah belə xəstə təfəkkürlü insanlara şəfa versin”.
Cavidan Novruzla qəza barədə söhbət edərkən sosial şəbəkədə paylaşımına da münasibət öyrənməyə çalışdıq. Xalq artistinin oğlu "Hər kəs səhərini fərqli açır. Məndə də bu səhər belə açıldı. Dincəlin, bəzilərinin gözü aydın. Qəribədir ki, eyni saatda atamın da, mənim də maşınımı arxadan vurublar” deyə paylaşım etmişdi. "Bu paylaşım ünvanlıdır?” deyə soruşduqda Cavidan Novruzun maraqlı cavabı oldu: "Mən sosial şəbəkələrdə səbəbsiz paylaşımlar etmirəm. Təbii ki, paylaşımım ünvanlı idi. Bəziləri bizim qəzadan sevinmişdilər. Yəni bu paylaşım ünvanlı olduğu üçün düşünürəm ki, ünvanına da çatmış oldu”.

Tahirə