"Xaricdə polis küçədə görünmür, hadisə olanda isə tez peyda olurlar"

İradə Cavadova: "Bakıda küçənin ortasında gündüz vaxtı qadının zorla qaçırılması çox acınacaqlı haldır"



"Bakıda küçənin ortasında gündüz vaxtı qadının zorla qaçırılması çox acınacaqlı haldır".

Bunu Sherg.az-a vəkil İradə Cavadova deyib. O bildirib ki, yol polis xidməti, hüquq-mühafizə orqanları bu hadisəyə müdaxilə etməli idi:

"Yol patrul xidməti əməkdaşları beynəlxalq əhəmiyyətli tədbirlər və idman yarışları ilə bağlı asayişi qoruyan şəxslərdir. Buna baxmayaraq, problemlər tez-tez yaşanır. Kiminsə uşağı qaçırılır, yaxud zorla qadınlar küçədə sürüklənir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını isə lazım olan vaxtda görə bilmirik. Amma bəzi tıxaclar və s. olduqda hüquq-mühafizə orqanları nümayəndələri, dövlət yol polisləri olur. Hətta bəzən daha çox tıxacın yaranmasına da səbəb olurlar. Onlar düzgün tənzimləmə aparmadıqda belə vəziyyətlər yaranır.

Bu cür vəziyyətlərdə isə küçədən keçən vətəndaşlar belə hərdən laqeyd qalır. Hesab edirəm ki, polislərin bununla bağlı təlimatları yoxdur. Məsələn, xarici dövlətlərdə şəhərdə getdikdə heç bir hüquq-mühafizə orqanı əməkdaşını görmürük. Amma hər hansı xoşagəlməz hadisə olarsa, kimsə yaxınlaşıb, mənfi hərəkət edərsə, görürsən ki, polis əməkdaşları haradansa peyda olur, dərhal müdaxilə edirlər”.

Azərbaycana hazırda turist axını da çox olduğunu diqqətə çatdıran İ. Cavadova buna görə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməli olduğunu söyləyib:

"Turistlərin qayda qanunları bilməməsini, yaxud hansısa özbaşınalıq hərəkətlərinin ola biləcəyini nəzərə alıb, asayişi daha ciddi qorumaq lazımdır.

Düzdür, şəhərdə kameralar var, hər şeyi çəkir. Amma ola bilər ki, bu özbaşınalığı edənlər həmin kameralara düşməsin, müxtəlif üsullarla kameralardan yayınsınlar. Həmin cinayətkarların cəzasız qalması isə xoşagəlməz haldır”.

Qeyd edək ki, hadisə Bakıda, "Dərnəgül yolu"nda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, bir xanım kişi ilə mübahisə edib. Nəticədə xanım özünü avtomobildən çölə atıb. Sonra isə kişi xanımı zorla avtomobilə mindirib. Qadın qışqıraraq kömək istəsə də, heç kim yaxın durmayıb.

Aysel Aslan