Hər kəs ölkə əleyhinə kampaniya aparanlara etirazını bildirməlidir
“Bütün sanballı söz sahibləri bu çirkin, söyüş siyasəti aparanlara cavab verməlidirlər”
Hər bir sivil qaydalarla idarə edilən ölkənin, müxalif düşüncəli insanları da olmalıdır. Bu, təbii haldır. Hansısa təşkilatlarda birləşən müxalif qüvvələrin funksiyası ölkədə olan problemləri gündəmdə saxlamaq, onun həlli məsələsini aidiyyəti dövlət strukturları qarşısında qaldırmaqdır. Bir növ müxalif cəbhə vətəndaş cəmiyyətinin təmsilçiləridir.
Azərbaycanda da demokratik ölkə olaraq müxalif qüvvələr var, konstruktiv təkliflərini verirlər, təmsil olunduqları parlament kürsüsündən problemləri qaldırırlar. Amma bir də var söyüş müxalifəti. Bu təbəqə əsasən xaricə sığınıb, monitor arxasına keçərək, sosial şəbəkə vasitəsilə "mübarizə”lərini təhqir vasitəsi ilə aparırlar. Mübarizə aparmaq olar, müxalif olmaq olar, amma mübarizənin də qaydaları var, etik çərçivələri var. Bəzi azərbaycanlılar isə xaricdə özlərinə şərait qurub, rahat yaşamaq üçün, antimilli mövqe nümayiş etdirirlər, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana bağlı, Avropadakı erməni lobbisi ilə əməkdaşlıq edirlər. Sonra da erməni ağalarının göstərişi ilə, 5-10 özləri kimi savadsız, intellekti olmayan insanları da yanlarına alıb, guya ki, müxalifətçilik edirlər, aksiya keçirirlər. Bununla həm, müxalifət olduqlarını göstərməyə çalışmaqla, "Azərbaycanda bizə təzyiq edilir” yalanlarına görə deportasiya olunmaq riskindən azad olurlar, həm havadarları ermənilərə yarınırlar, onlardan aldıqları maliyyə ilə rahat həyat yaşayırlar. Etik normalar isə gözlənilmir. Ölkənin atributlarını, mənəvi dəyərlərini ən iyrənc ifadələrlə aşağılayırlar. Adını da qoyurlar ki, "biz müxalifətçiyik”. Müxalifətçilik isə bu deyil. Müxalifətçilik yuxarıda da qeyd etdiyimiz kimi, vətəndaş cəmiyyətidir, problemlərdən çıxış yolu haqqında təkliflər verməkdir. Nə vaxtdan Vətənin milli maraqlarını satmaq, ermənilərlə əməkdaşlıq etmək, söyüş söyərək mübarizə aparmaq müxalifətçilik olub? Avropaya sığınan yalançı "mühacirlər”in apardığı iyrənc siyasət "bezpredellik”dən başqa bir şey deyil.
Təbii ki, Azərbaycan ictimaiyyətində bu söyüş "mübariz”lərinin davranışları, sosial şəbəkələrdə dəyərlərimizi təhqir etmələri qıcıq yaradır. Artıq cəmiyyətdən bu cür sifarişlər gəlməkdədir ki, onların bu hərəkətləri ziyalılar, ictimai xadimlər, ölkədəki söz sahibləri tərəfindən pislənilsin.
Millət vəkili Zahid Oruc deyir ki, prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir: "Lakin sakitliklə bağlı məsələ məni narahat edir. Bu sakitlik də bəzi insanların təhqirlərinə, mənəvi dəyərlərimizi aşağılamalarına etinasız yanaşan insanların sakitliyidir. Xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycanın əleyhinə kampaniya aparırlar. Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə ən kəskin münasibətimi bildirirəm. Hesab edirəm ki, bu tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. Düşünürəm ki, ilk növbədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Hacı Allahşükür Paşazadə məsələyə qarışmalıdır. Mən ona müraciət edirəm. Şeyx Həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib, xalqın maraqlarından çıxış edib. Ona görə Şeyx başda olmaqla hər kəsi, ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik. Bütün sanballı söz sahibləri bu çirkin, söyüş siyasəti aparanlara cavab verməlidirlər”.
Anar