Xaricə gedənlərə xəbərdarlıq...





"Müstəqil şəkildə yaşamaq və işləmək üçün xaricə gedən vətəndaşlarımız həmin ölkədəki müvafiq Azərbaycan qurumlarına məlumat verməlidir”. Bunu "Miqrasiya haqqında” qanuna son dəyişiklikləri dəyərləndirən ekspert Azər Allahverənov deyib. Onun sözlərinə görə, müvafiq qurumlar deyilərkən səfirlik və konsulluq idarələri nəzərdə tutulur:

"Azərbaycan vətəndaşı hər hansı ölkəyə müxtəlif səbəblərdən, ya təhsil almaq, ya da əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedir. Məlumat vermə məcburiyyəti də məhz bu şəxslər üçündür. Burda turistlərdən söhbət getmir. Turistlər gəzib-görmək üçün qısa müddətli səfərlər edirlər və onların səyahətini konkret turizm şirkətləri həyata keçirir. Əgər xaricə gedən vətəndaşlarımız Azərbaycan səfirliyinin olmadığı bir şəhərdə yaşayırlarsa, o halda ən yaxın konsulluq idarəsinə gedib özləri haqqında məlumat verə bilərlər. Buna da imkanları yoxdursa, yazılı surətdə səfirliyə məlumat verməlidirlər”.

A.Allahverənovun sözlərinə görə, məlumat tələb etməyin və bunu məcburiyyət halına salmağın müxtəlif səbəbləri var: "Nəzərə almalıyıq ki, xaricdə yaşayan xeyli sayda vətəndaşlarımız var. Çox vaxt onların varlığından səfirliyin xəbəri olmur. Bu səbəbdən səfirlik xarici ölkələrdə yaşayan vətəndaşlarımızın dəqiq siyahısını tərtib etməkdə çətinlik çəkirlər. Amma diaspora işinin effektiv şəkildə qurulması üçün xarici ölkələrdə yaşayan vətəndaşlarımız haqqında dəqiq və ətraflı məlumatın olması vacibdir. Bu həm ümumi işlərin, tədbirlərin tərtib olunmasında fayda verir, həm də onların hüquqlarının təmin olunmasını asanlaşdırır. Xarici ölkələrdə səfirliyə xəbər vermədən yaşayan vətəndaşlarımız hansısa problemlə üzləşdikdə qurumlar onlara operativ yardım göstərə bilmirlər. Ona görə də ən azından yaşadıqları ünvanlarını və əlaqə nömrələrini səfirliyə təqdim etmələri labüddür”.

Ekspert deyib ki, vətəndaşların üzərində olan öhdəlik səfirliyə birdəfəlik məlumat verməkdən ibarətdir: "Mütləq deyil ki, onlar hər ay mütəmadi olaraq müvafiq qurumlara məlumat versinlər.

Onsuz da hər hansı ölkəyə üz tutan vətəndaşlarımızın orada yaşama müddətini aldıqları viza müəyyən edir. Əgər həmin şəxs yaşadığı müddət ərzində ünvanını və əlaqə nömrəsini dəyişdirərsə, o halda ikinci dəfə səfirliyə məlumat verməsi gərəkli olur”.

Miqrasiya qanunvericiliyinin çoxşaxəli olduğunu deyən A.Allahverənov Miqrasiya qanununun kifayət qədər liberal və təkmil olduğunu deyib: "Artıq Azərbaycan miqrantlar üçün təyinat ölkəsinə çevrilməyə başlayıb. Əvvəl Azərbaycanda 20-dən çox qanun var idi. Bəzi qanunlarda hansısa müddəalar biri-birinə ziddiyyət təşkil edirdi. Amma artıq Azərbaycanda konkret Miqrasiya qanunvericiliyi qüvvədədir. Bu qanun miqrasiya ilə bağlı mühüm müddəaları özündə əks etdirir və əvvəlki ziddiyyətli məqamları vahid şəklə salır. Hansısa elementlər üzrə işlərin davam etdirilməsi təbii haldır. Çünki miqrasiya prosesləri dinamik inkişaf edir”.

İsmayıl