"100 il öncə azərbaycanlılara qarşı törədilmiş 31 Mart Soyqırımın səbəblərini, nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ciddi iş aparmaq lazımdır”.
Bunu "Sherg.az”a 31 Mart Soyqırımının 100-cü ildönümü haqqında danışarkən tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova söyləyib.
O vurğulayıb ki, keçirilən beynəlxalq konfranslar, tədbirlərlə işi yekunlaşdırmaq olmaz:
"Tədqiqat işlərini genişləndirmək lazımdır. Xüsusilə, 1917-1918-ci illər tarixi ilə bağlı araşdırmaları, arxiv sənədlərini xarici alimlərin, tədqiqatçıların asanlıqla əldə etməsinə imkan yaratmaq lazımdır. Onlar ermənilərin saxtalaşdırdığı, müxtəlif səbəblərdən yanlış informasiyalara söykənən mənbələrdən deyil, həqiqi arxiv sənədlərindən istifadə edə bilsinlər. Məsələn, Fövqəladə Tədqiqat Komissiyasının materialları, vacib sənədlər, fotoşəkillər xarici ölkələrdə tanıdılmalıdır. Bu sənədlərin internet, sosial şəbəkələr vasitəsilə PDF variantının dərc olunması gərəklidir. Elmi resursları olan, bu təyinatlı saytlarda həmin materiallar yerləşdirilməlidir ki, xarici tədqiqatçılar üçün rahat, əlçatan olsun”.
Ölkə daxilində 31 Mart Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə gəlincə, F. Əhmədova diqqətə çatdırıb ki, paytaxtın mərkəzində Soyqırımı muzeyin təşkilinə ehtiyac var:
"Hərçənd hərbi prokurorluğun nəzdində belə muzey təşkil olunub, amma bu qurumun binası geniş ictimaiyyət üçün açıq məkan deyil. Soyqırımı muzeyi geniş, xüsusi tikilmiş bina olmalıdır. 1918-ci il qırğının qurbanlarının uyuduğu, Şəhidlər Xiyabanına yaxın kompleks olmalıdır ki, burada tarixi sənədləri, həqiqətləri əks etdirən kompozisiya təşkil edə bilək. Şəhidlər Xiyabanını ziyarət edən xarici qonaqlar həmin binanı da ziyarət etməli, azərbaycanlılara qarşı törədilən qırğınların tarixi reallıq olduğunu təsdiq edən sənədləri öz gözləri ilə görməlidirlər”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan