Xarici dövlətin vətəndaşlığını qəbul edənlər 5 min manat cərimələnəcək
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.
Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət Məcəlləsinə yeni 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinin əlavə olunması təklif edilib. Maddəyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur. Layihə artıq parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hesab edir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb edilməsi zəruridir: "Vətəndaşlıqla bağlı qanun müəyyən öhdəliklər qoyursa, həmin öhdəliklərin icra mexanizmi də olmalıdır. Dünyanın bir çox ölkəsində belə bir təcrübə var ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaş cərimələnir. Hətta başqa bir ölkədə yüksək vəzifəyə, xüsusən də Silahlı Qüvvələrdə xidmət edirsə, bu barədə vətəndaşı olduğu ölkənin müvafiq strukturlarına 1 ay müddətində məlumat verməlidir. Bunun üçün ölkəyə qayıtmaq da vacib deyil. Sadəcə olaraq elektron müraciətlə də hökuməti məlumatlandıra bilər”.
Ə.Nuriyevin sözlərinə görə, hər bir ölkənin yeritdiyi siyasətdə vətəndaşların sayı nəzərə alınır. Çünki hansısa proqramların icrası zamanı bu cür amillərə zərurət yaranır. Odur ki, vətəndaşlar da öz öhdəliklərini yerinə yetirməlidir ki, sonradan nə dövlət, nə də özləri üçün problemlər yaşansın: "Öhdəliklərini yerinə yetirməyən vətəndaşlara qarşı sanksiyaların həyata keçirilməsinə ehtiyac var. Təsəvvür edin ki, hansısa bir Azərbaycan vətəndaşının xidmət etdiyi dövlətin ordusu bizim düşmənlərimizə dəstək verir. Bu barədə isə Azərbaycanı məlumatlandırmayıb. Maraqlıdır, belə bir situasiyada həmin şəxs hansı mövqeyi sərgiləyəcək? Ən pisi də odur ki, bu vaxt ona qarşı sanksiyalar tətbiq etmək də olmur. Belə ki, hansısa bir şəxs başqa bir ölkənin vətəndaşlığını qəbul edibsə, yaxud da xarici ölkənin Silahlı Qüvvələrində xidmət edirsə, bu zaman ona qarşı hansısa addımların atılması da çətin olacaq. Həmin şəxs Azərbaycana qayıtmaq istədiyi zaman cərimələnə bilər. Yəni ki, qanuna əlavə olunan dəyişikliklərə zərurət var, sadəcə onun icra mexanizmi bir az mürəkkəb görünür. Faktiki olaraq, həmin adam ölkəyə qayıtmadığı müddətdə ona qarşı hansısa addımların atılması qeyri-mümkündür”.
Şəymən