Elnur Rüstəmov: “Bu səpkili xəbərlərin hay-küylə manşetlərə daşınmasına yol verməməlidirlər”
“Xəbərçilər həssas məqamı nəzərə almalıdırlar”
“Psixoloji yardımın böyük əhəmiyyəti var”
Elnur Rüstəmov: “Bu səpkili xəbərlərin hay-küylə manşetlərə daşınmasına yol verməməlidirlər”
Elnur Rüstəmov: “Bu səpkili xəbərlərin hay-küylə manşetlərə daşınmasına yol verməməlidirlər”
Yanmış binanın sakinləri mənzillərinə qayıtmaqdan çəkinir. Sakinlər ifadələrində yaşadıqları faciədən dolayı bina ilə bağlı kədərli xatirələrin əsirinə çevrildiklərini deyirlər. Sakinlərdən biri "Yeni Müsavat”a müsahibəsində yaşadıqlarını bu cür ifadə edib: "Mən o binaya yenidən necə qayıdım?! Qonşumun meyitinin üstündən çıxarılmışam. Necə yenidən, heç nə olmamış kimi yaşayaq burda?! Qonşulardan biri yana-yana özünü atdı yerə. Deyirlər, bina təmir olunacaq, qayıdacaqsınız ora. Bəs bizim yaşadıqlarımız, stress, qorxumuz necə olacaq? O pilləkənləri bir də necə qalxıb-düşəcəyik?!”
Həqiqətən də, faciənin gözünün içinə baxan insanların bu stressdən qurtulması çətindir. Nəzərə alsaq ki, xalqımız bu kimi məsələlərdə fatalist düşüncə tərzinə daha çox sahibdir, bədbəxtlik üz verdikdə bunu "düşər-düşməzə” bağlayır, yanan binanın sakinlərinin halı başadüşüləndir. İnsanlar ağır travma yaşadıqlarından yenidən həmin binaya köçmək, öz mənzillərinə qayıtmaq belə istəmirlər.
Bəs bu stressi necə atlatmaq olar?
Psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında faciə ilə üzləşmiş insanlara psixoloji dəstəyin vacib olduğunu dedi:
- Hadisə baş verdikdə biz bu barədə fikrimizi bildirmişdik ki, orada zərər görmüş, yaxınını, doğmasını, körpə balalarını itirmiş insanlara mütləq psixoloji yardım edilməlidir. Bu, nəinki lazımdır, hədsiz vacibdir. Müsbət haldır ki, Psixi Sağlamlıq Mərkəzi bu işi öhdəsinə götürdü və məndə olan məlumata görə, mərkəzin əməkdaşları hadisənin ilk günündən xəstəxanalarda psixoloji yardıma başladılar. Amma vəziyyət hələ də ağırdır. İnsanlar yaşadıqları faciənin stressini hələ atlada bilməyiblər. Bu da tamamilə gözləniləndir. İnsanlar o müdhiş hadisə zamanı hədsiz gərgin anlar yaşayıblar. Hadisə bitib. Amma indi post-travmatik stress dövrü başlayıb. Yəni, travmadan sonrakı stress dövrü. Post-travmatik stress o halda baş verir ki, insan başqasının başına gələn faciəni özü ilə eyniləşdirir. İnsanlara belə bir hiss hakim olur ki, "mən də o insanlardan biri ola bilərdim. Mən də orada boğulub ölə bilərdim, yanardım. O meyitin yerinə mən ola bilərdim, mənim də meyitimin üstündən keçib gedərdilər” və s. Sizə deyim ki, hələ uzun müddət o binanın sakinləri bu stressdən qurtula bilməyəcək. Çünki həqiqətən də böyük faciə yaşanıb. Hadisə zamanı sarsıntı keçirənlər öz fikirlərini narahatlıqla ifadə edirlər. Bir çoxları bundan sonra bina evində yaşamaq istəmədiyini, həyət evinə köçmək istədiyini deyir. Və bu da tamamilə təbii bir haldır. İnsan bir dəfə ağır sarsıntı keçirdiyi, faciə yaşadığı yerə qayıtmaq istəmir. İnsanlarda belə fikir formalaşır ki, əgər həyət evində yaşasaydı, başına bu faciələr də gəlməzdi. Bu insanlara mütləq psixoloji dəstək göstərilməlidir. Psixoloqlar onlarla işləməlidir və bacardıqca qısa zamanda stressdən yaxa qurtarmalarına kömək olmalıdırlar.
Həmin binanın sakinləri ilə yanaşı, hadisəni kənardan izləyənlər də stress, həyəcan keçiriblər. Nə qədər insan var ki, gördüklərindən hələ də dəhşət içindədir. Belə hallar insanlara düzgün qərar verməkdə, seçim etməkdə əngəl olur. Hamı yanan binadan danışır. Bir tərəfdən də KİV-də, sosial şəbəkələrdə yanğın hadisələri ilə bağlı xəbərlər tirajlanır. Mən demirəm ki, hadisə barədə məlumat verilməsin. Xəbərçiliyin öz prinsipləri var. Amma xəbərçilər də hazırkı həssas məqamı nəzərə almalıdırlar və bu səpkili xəbərlərin hay-küylə manşetlərə daşınmasına yol verməməlidirlər. Çünki insanlar onsuz da həyəcan içindədir. Bir tərəfdən də belə xəbərlər yayılanda, insanlar yenə həyəcan keçirir, panikaya qapılır. Çalışmaq lazımdır ki, sakinlər arasında sabitlik, arxayınlıq öz yerini tutsun. Bildiyim qədər yanğın faciəsi yaşayanlara dərman müalicəsi də tətbiq olunur. Bununla yanaşı, psixoloji yardımın böyük əhəmiyyəti var. Əsas məsələ insanların yaşadıqları faciənin əlamətlərini onlardan uzaqlaşdırmaq, təsirini azaltmaqdır. Ətrafın münasibəti də sabitləşməlidir. Ətrafdan onları qıcıqlandıracaq, kədərli xatirələri oyada biləcək hallara, sözlərə yer verilməməlidir. Belədə stress yaşamış insanlar daha tez adaptasiya olunarlar.
Qeyd edək ki, yanmış binanın aqibəti ilə bağlı müxtəlif fikirlər səslənir. Rəsmi qurumlar binanın qısa zamanda təmir edilib sakinlərin istifadəsinə veriləcəyini deyir. Həmçinin, "kim köçmək istəməsə, onun istəyi nəzərə alınacaq” da deyirlər. Belə görünür ki, köçmək istəməyənlər də var. Oxşar situasiyalarda necə davranılır və yanmış bina ilə bağlı daha doğru qərar nə ola bilər?
E.Rüstəmov binanın təmirinin çox məsuliyyətli iş olduğunu dedi:
- Son olaraq buna komissiya qərar verəcək; bina təmir edilsin, yoxsa sökülsün. Amma əgər təmir ediləcəksə, bu iş elə aparılmalıdır ki, sakinlərdə həmin bina ilə bağlı heç bir neqativ assosiasiya qalmasın. İnsan psixologiyası belədir ki, hansısa faciə baş verdikdə insanın beynində onun mənfi assosiasiyası uzun müddət qalır. Məsələn, elə insanlar var, dənizdən qorxurlar. Səbəbini öyrənəndə, məlum olur ki, bu insanın yaxını, doğması nə vaxtsa dənizdə batıb. Yaxud özünün başına dənizdə xoşagəlməz bir hadisə gəlib, batmaq təhlükəsi ilə üzləşib və s. İnsanlarda hansısa küçə, bina, həyət, müəyyən insanlarla bağlı mənfi və ya müsbət assosiasiyalar qalır. İnsan müəyyən bir ərazini sevir, başqa bir ərazini görmək istəmir. Bunlar hamısı o yerlərlə bağlı insanın yaşadığı yaxşı, gözəl və ya kədərli hadisələrlə əlaqəlidir. Yanmış binanın sakinlərini də bu mənada başa düşmək lazımdır. Onlar faciə yaşadıqları ünvana yenidən qayıtmaq istəmirlər. Qayıtsalar da, orada yenə eyni stressi keçirəcəklər. Həmin faciə gözlərinin önündən çəkilməyəcək. Çünki həqiqətən də bu, böyük bir faciə idi, yaşandı. O binanın sakinləri uzun müddət sarsıntı içində olacaqlar. Bina təmir edilməli, faciənin izləri tamamilə silinməlidir. Bəlkə insanlar görsə ki, onların təhlükəsizliyi tam təmin olunub, artıq heç bir təhlükə, qorxu yoxdur, yavaş-yavaş adaptasiya olunub, yaşamağa başlayarlar. Amma mənim şəxsi fikrim budur ki, o bina ümumiyyətlə, sökülsə yaxşıdır. İnsanlar həmin binaya "yanmış bina” adı verib artıq. Bu, insanların yaddaşında belə də qalacaq. Ünvan deyəndə də "yanmış bina”, "yanmış binanın yanı” kimi ifadələr işlədiləcək. Şəxsi fikrim belədir ki, həmin bina sökülsə, yerində bir bağ, park salınsa, daha yaxşı olar. İnsanların beynindən də bu mənfi assosiasiyalar silinib gedər. O binada yaşamış insanlara isə tamam başqa ərazilərdə mənzil verilsin. Həyatlarına tamam fərqli yerdə davam etsinlər. Qara, mənfi fikirlərdən uzaqlaşsınlar.
Məlahət Rzayeva