Xətaidə 9 mərtəbəli bina kül oldu (Video)

Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib

Yanğınsöndürənlər 3 nəfərb xilas ediblər
Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın söndürülüb. Əraziyə cəlb olunmuş FHN-nin canlı qüvvəsi və texnikası yanğının digər ərazilərə keçməsinin qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".
APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".