"Paytaxtda illərdir qoyulmuş heykəllərin yerinin dəyişdirilməsi ciddi məsələdir”.
Bunu Sherg.az-a Şah İsmayıl Xətainin paytaxtın Yusif Səfərov küçəsində yerləşən heykəlinin yerinin dəyişdirilməsindən danışarkən tarix elmləri doktoru, Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü Dilavər Əzimli deyib.
O bildirib ki, təmir-bərpa işləri aparılırsa, bunun heykəlin yerinin dəyişdirilməsinə heç bir dəxli olmamalıdır:
"Məsələnin kökü şəxsiyyətlərə qarşı sayğısızlığa dayanır. Qeyd edim ki, heykəlin ətrafını o qədər daraldıblar ki, ora keçmək mümkün deyil. İyunun 17-də Şah İsmayıl Xətainin 530 illiyi idi. Biz onun heykəlinin qarşısına gül qoymaq üçün çox əziyyət çəkdik. Yol qaydalarını pozmağa məcbur olduq, maşınlar sürətlə gəlirdi. Yol polisləri bir qədər şərait yaratdılar. Heykəlin ətrafının o şəkildə təhlükəli olması yaxşı münasibət deyil. Heykəlin köçürülməsini cəmiyyət yaxşı qarşılamayacaq. Müşfiqin heykəli də köçürüləndə onun bərpasından söhbət getmirdi. Bununla bərabər əhali kəskin reaksiya verdi”.
D.Əzimli diqqətə çatdırıb ki, ümumiyyətlə, Şah İsmayıl Xətainin heykəlinin "Xətai” metrosundan köçürülməsi düzgün deyildi:" Heykəlin adıçəkilən metro stansiyasında yerləşdirilməsi ilə bağlı qərar verilibsə, onun köçürülməsi nəyə lazım idi?.
Xətainin heykəli özündə çox şeyi əks etdirir, əzəmətli heykəldir. İndiki yeri də gözəldir. Əksinə onun ətrafında divar düzəltmək, gözəlləşdirmək olardı. İndi heykəli hara köçürə bilərlər? Şəhidlər Xiyabanının yanında yer ayrılıb, heykəl ucalacaqsa, bununla razılaşmaq olar. Şah İsmayıl Xətai dünyanın 7 böyük sərkərdəsindən biridir. Bu, bizim qürur yerimizdir. O mərkəzləşmiş Səfəvi dövlətinin, Azərbaycan dövlətinin banisidir. Bu gün beynimizdə olan, İraqdan, Kərkürkdən tutmuş, Dərbəndə, Ərzincana qədər uzanan, Azərbaycan deyilən xəritə var. Bu xəritənin müəllifi kimi düşüncəmizdə qalan şəxsiyyət məhz Xətaidir. Ona görə, bu qədər böyük şəxsiyyətin heykəlinin burdan-ora, ordan-bura köçürülməsinə yol verilməməlidir”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin sözlərinə görə, "Yollarının Optimallaşdırılması Layihəsi" çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər.
Aysel Aslan