Xəzər dənizi Kreml üçün prioritet məsələdir

Bölgədə Rusiyanın aktivləşməsi Qərbin təhlükəsizlik sistemi ilə yanaşı, Cənubi Qafqaz üçün də ciddi təhdiddir



Rusiyanın Xəzər donanmasının gəmiləri İranın Bəndər-Ənzəli limanına qeyri-rəsmi baş çəkiblər. Məlumata görə, Rusiya Xəzər donanmasının "Tatarıstan” və "Qrad Sviyajsk” raket gəmiləri Xəzər dənizində silahların istifadəsi və şərti düşməninin raket zərbələrindən yayınmaya dair təlimlər keçiriblər.

Rus rəsmilərinin açıqlamasına görə, Xəzərdə keçirilən birgə təlimlərin məqsədi Rusiya-İran donanması arasında sıx əməkdaşlıq qurmaqdır. Təlimlərlə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya Xəzər dənizini özünün təhlükəsizlik məsələsində prioritet hesab edir: "Moskva üçün Xəzər dənizi son dərəcə önəmlidir. İstər Rusiya, istər İran burnunun dibində Qərbin mövcudluğunu həzm edə bilmir. Bu baxımdan bu cür təlimlər keçirərək ABŞ və Avropa ölkələrinə əzələ nümayiş etdirirlər. İstənilən halda Rusiya və İranın əməkdaşlığı bölgə dövlətləri, xüsusən Azərbaycan üçün təhlükə deməkdir. Bölgədə Rusiyanın aktivləşməsi Qərbin təhlükəsizlik sistemi ilə yanaşı, Cənubi Qafqaz üçün də ciddi təhdiddir. Xüsusən, Rusiyanın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ölkəmizi çox narahat edir. Çıxış yolu, yəni Kreml təhlükəsindən xilas olmağın yeganə yolu avroatlantik məkana daha sürətlə inteqrasiya etməkdir. Mümkün qədər NATO ilə əməkdaşlığı gücləndirmək lazımdır. Hazırda ABŞ və Rusiya bölgəyə hansı dövlətin qoşunlarının gələcəyini müzakirə edirlər. Bu məqsədlə Dağlıq Qarabağa "sülhməramlı” adı altında ordu yerləşdirməyi tez-tez gündəmə gətirirlər”. Ekspertin sözlərinə görə, Azərbaycan təkbaşına Rusiya və İranın təhdidlərinə duruş gətirə bilməz: "Bizə müttəfiqlər lazımdır. Sözsüz ki, ən yaxın müttəfiqimiz qardaş Türkiyədir. Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji və hərbi əməkdaşlığını davam etdirməlidir. Əks təqdirdə, Rusiya və İranın təhdidlərinə məruz qalacağıq”.

İsmayıl