"Xəzərdəki hadisə hansısa ölkənin təxribatı ola bilər"- DEPUTAT






"Son bir ildə Xəzərdə eyni hadisənin ikinci dəfə baş verməsi olduqca ciddi və təhlükəlidir". 

Sherg.az-ın məlumatına görə bunu parlamentin iclasında millət vəkili Qüdrət Həsənquliyev dünən SOCAR-ın estakadasında baş verən hadisə ilə bağlı danışarkən deyib. 

 Deputat vurğulayıb ki, məlum hadisə hansısa ölkənin təxribatı da ola bilər. Onun sözlərinə görə Azərbaycan elə ölkələrlə sərhəddə yerləşir ki, rəsmi Bakının apardığı xarici siyasət onların xoşuna gəlmir: "Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər. Yaxud bu başqa bir səbəbdən də ola bilər - məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair. Təklif edirəm ki, Milli Məclis bu məsələdə öz sözünü desin. Baş Prokurorluğa müraciət edək və bunun istər hansısa xarici ölkənin əməli və yaxud digər hansısa əməl səbəbindən baş verməsi ciddi araşdırılsın və ortaya nəticə qoyulsun".
Spiker Oqtay Əsədov Q.Həsənquliyevin çıxışına münasibət bildirib: "Hadisə ilə bağlı dövlət komissiyası yaradılıb və işlə komissiya məşğul olur. Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun”.

Anar