İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib

İstanbulun Maltepe rayonunda qismən uçan yeddi mərtəbəli binanın dağıntıları altından beş nəfər sağ çıxarılıb. Daha 7 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir.

Sherg.az xəbər verir ki, İstanbul valisi Davut Gülün sözlərinə görə, dağıntılar altında qalan daha 4 nəfərlə əlaqə saxlamaq mümkün olub, 3 nəfərin taleyi isə hələlik məlum deyil.

1987-ci ildə inşa edilən binanın zirzəmi mərtəbəsində mağaza, digər altı mərtəbəsində isə ümumilikdə 12 mənzil yerləşib. Qeydiyyata əsasən binada 33 nəfər yaşayıb. Dağıntı zirzəmi, birinci və ikinci mərtəbələrdəki 4 mənzilə təsir edib. Bu mənzillərdə 14 nəfər qeydiyyatda olub, onlardan 2-si hadisə zamanı İstanbulda olmayıb.

Binanın uçmasına səbəb olan hallar araşdırılır. Hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırma aparılacağı bildirilir.