ABŞ Prezidenti Donald Trampın İrana mümkün hərbi zərbələrin vaxtını nəzərdən keçirdiyi və orduya buna hazır olmaq barədə göstəriş verdiyi bildirilir.
Sherg.az xəbər verir ki, “Axios”un məlumatına görə, Pentaqon ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün hazırlıqları tamamlamaq barədə göstəriş verib.
Məlumata görə, göstərişdə mümkün zərbələrin başlanması üçün konkret tarix göstərilməyib. Trampın isə əməliyyatın vaxtı ilə bağlı hələ yekun qərar vermədiyi qeyd olunur.
ABŞ və İsrail rəsmiləri mümkün zərbələrin ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən və İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl həyata keçirilə biləcəyini bildiriblər.
Mənbələrə görə, hərbi əməliyyatların bərpası halında İranın enerji infrastrukturu, nüvə obyektləri və digər strateji hədəflərinə genişmiqyaslı zərbələr endirilə bilər.
Pentaqondan bildirilib ki, qurumun vəzifəsi hərbi variantları hazırlamaq və onları prezidentə təqdim etməkdir. Ağ Ev rəsmisi isə Trampın bütün variantları nəzərdən keçirdiyini bildirib.