XİN rəhbərlərinin görüşü nə vəd edir ? - AÇIQLAMA




"Bundan sonra yəqin ki, üç ölkə liderlərinin Aşqabad görüşü keçiriləcək”.

Bunu Sherg.az-a Türkiyə-Azərbaycan-Türkmənistan XİN rəhbərlərinin Bakıda keçirilən görüşünün nəticələrindən danışarkən "Sülh və Münaqişələrin Həlli” Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib. 

O bildirib ki, nazirlərin görüşü prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır:

"Görüşdə daha çox iqtisadi və enerji məsələləri ətrafında müzakirələr aparılıb. Ölkələr arasında yeni birlik və ya ittifaq yaranması haqqında fikirlər səsləndirilir. Müşahidələrim onu göstərir ki, görüş ancaq iqtisadi və nəqliyyat, yükdaşıma məsələləri üzərində köklənib. Eyni formatda Türkiyə və Azərbaycan həm İranla, həm də Gürcüstanla əməkdaşlıq edir. Düzdür, Gürcüstanla əməkdaşlıq bir qədər fərqli məcradadır.

Türkmənistanla olan münasibətlər alqışlanandır. Çünki Türkiyənin Türkmənistanla ticari əlaqələri, münasibətləri geniş olsa da Azərbaycanınkı çox məhduddur”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü keçirilir. Məlumata görə, iki gün davam edəcək üçtərəfli görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Aysel Aslan