Əjdər Ağayev: “Müəllim valideynlə işləməlidir”
XXI əsr Azərbaycan məktəbinin tablosu...
“Şagird müəllimə əl qaldırır, hətta bıçaqlayır, qızlar saçyolduya çıxır”
Əjdər Ağayev: “Müəllim valideynlə işləməlidir”
Əjdər Ağayev: “Müəllim valideynlə işləməlidir”
Məlahət Nəqiyeva: "Şagirdlər arasındakı mübahisə, münaqişə heç bir halda valideynlərə sirayət etməməlidir”
Məktəblərimizdə indiyədək görüb-eşitmədiyimiz olaylar baş verir. Oğlanlar arasında dava-dalaş, qızların bir-biriylə küsülülüyü, valideynlərin məktəbə çağırılıb utandırılması... ehh, bunlar sovet vaxtında qaldı. Müasir zəmanəmizin "məktəb olayları” tamam fərqli biçimdədi; şagird müəllimə əl qaldırır, hətta bıçaqlayır, qızlar saçyolduya çıxır, sonra da ana-ataları gəlib "razborka”nı davam etdirir, kimisi döyür, kimisi döyülür. Yarıçılpaq fotolarını internetdə paylaşan, klip çəkdirən, şagirdinə təcavüz edən müəllim və direktorlar... Nələr baş vermir məktəblərdə?!
Adət-ənənələri, milli-mənəvi dəyərləri ilə daim öyünən Azərbaycanda nə dəyişdi ki, şagird bu dərəcədə müəllimin üzünə ağ oldu? Müəllimlə yola getməyən, ipə-sapa yatmayan şagirdlər həmişə, bütün zamanlarda olub. Amma daha bu qədər?! Axarıncı ("axırıncı” yox -red.) kriminal olay bu günlərdə Suraxanı rayonundakı 101 saylı orta məktəbdə baş verib. Nədəninə baxanda sadə, sıradan bir hadisədir; yuxarı siniflər şagird azlığı səbəbindən birləşdirilib, "böyümüş” qızlar nəticədə biri-biri ilə yola getməyib. Sonrası isə artıq günümüzün reallıqları ilə səsləşir. Qızlar gerçəkdən əlbəyaxa döyüş növü nümayiş etdirməyə başlayıblar. Gerisi, davaya valideynlər də qoşulub. Bir valideyn
xəstəxanalıq olub, o birilər də yəqin polislik. Bu, artıq 21-ci əsr Azərbaycan məktəbinin tablosudur. Çünki 20-ci əsrdə şagirdlər arasındakı bu cür qovğalar sinif rəhbəri, ya da "zavuç”, məktəb direktoru səviyyəsində həll edilərdi. Biz orta məktəbdə təhsil aldığımız illərdə də oxşar hallar yaranırdı. 10-cu sinifdə bəzən bir, bəzən də iki sinif ləğv edilib, digər siniflərə birləşdirilirdi. Şagirdlərin sayı normal hala gəlirdi, amma təbii, şagirdlər arasında biri-birini qəbul etməmək halları da yaşanırdı. Daha bu, valideynlər arasında baş yarmaq həddinə çatmırdı. Uzaqbaşı bir-iki ay uşaqlar təzə uşaqlara isinişə bilmirdi, sonra hər şey yoluna düşürdü. İndikilər isə, nə yeyib, nə içiblərsə, "Nuh deyib, peyğəmbər demirlər”. Hər kəs özünü haqlı, qarşısındakını günahkar sayır. Nə olacaq bu işlərin axırı?
"Valideynlər məktəbdən uzaq düşüb”
Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev hesab edir ki, məktəblərdə baş verən istənilən insidentdə məktəb rəhbərliyinin, pedaqoji kollektivin günahı var:
- Deməli, məktəbdə müəllimlərlə, şagirdlərlə, həmçinin valideynlərlə maarifləndirici iş aparılmır, məktəblə ailələrin əlaqəsi zəifdir, valideynlərlə görüşmürlər, ailələrlə maraqlanmırlar. Elə ailələr var, eqoistdirlər, öz uşaqlarını hamıdan üstün bilirlər. Bilirsiz, mən ailələr barəsində "imkanlı, imkansız” ifadələrini işlətmək istəmirəm. Çünki insanların biri-birinə münasibəti maddi imkanlarla deyil, bilavasitə insan tipi ilə bağlı məsələdir. Elə insanlar var, təkəbbürlüdürlər və bu xüsusiyyət onların varlı-kasıb olmasından da asılı deyil. Elə imkanlı ailələr də var ki, mərifətli, alicənabdırlar. Böyük-kiçik yeri biləndirlər. Bəziləri də fərqlidir. Yəni, insanın müəllimə, həmçinin müəllimin də şagirdə və valideynə münasibəti maddi imkanla ölçülmür. Amma varlı, vəzifə sahibi olan valideynlər də var ki, uşaqlarına bir kimsənin "gözün üstdə qaşın var” deməsinə təhəmmül etmir. Bilirsiz, bunlar hamısı ailədə tərbiyədən asılıdır. Uşağın necəliyi də ailənin göstəricisidir. Hər uşaq bir ailədən çıxır və məktəbdə də, cəmiyyətdə də ailəsini təmsil edir. Ona baxıb ailəsinə, ata-anasına qiymət verirlər. Bəzən şagirdlər müəlliməni hövsələdən çıxarır. Amma gərək müəllim təmkinini qorusun, kobud ifadələr işlətməsin, şagirdi təhqir etməsin, mənliyini alçaltmasın. Uşaq yeniyetmə yaşında bu cür hallara qarşı həssas olur və alçaldılmasını uzun müddət unuda bilmir. Müəllim valideynlə işləməlidir. Onu məktəbə çağırmalı, söhbət etməli, vəziyyəti bildirməlidir. Uşağın dərsdə özünü necə apardığını valideynə deməlidir. Valideyn uşaqla bağlı birinci özü ölçü götürməli, uşağın tərbiyəsi ilə məşğul olmalıdır. Sinifdə özünü apara bilməyən şagird tənbeh olunmalıdır, amma heç bir halda şagirdə fiziki güc tətbiq etmək olmaz. Buna qətiyyən yol verilməməlidir. Hansısa məktəbdə şagirdlər arasında mübahisə yaranırsa, bu, ilk növbədə məktəb rəhbərliyi, kollektiv tərəfindən həllini tapmalıdır. Bəs, ictimaiyyət nə üçündür? Biz aramızdakı problemi özümüz həll edə bilməyəcəyiksə, cəmiyyət adına necə iddia edə bilərik?! Valideynlərin bu şəkildə məktəblilərin işinə qarışması, əlbəyaxa dava səviyyəsinə çatmaları pedaqoji mühit üçün yarıtmaz bir haldır. Çox təəssüf edirəm.
"Müəllimin günahı odur ki...”
"Təmiz Dünya” İctimai Birliyinin hüquqşünası Məlahət Nəqiyeva təkcə məktəbdə deyil, ümumiyyətlə cəmiyyətdə zorakılığın artdığını söylədi:
- Biz qadın hüquqları ilə bağlı tez-tez məhkəmə proseslərində iştirak edirik. Bəzən ailə münaqişələrinin həlli zamanı uşaqlar da məhkəməyə dəvət edilir. Onda görürük ki, uşaq atasının onu döydüyünü deyir və buna görə də anası ilə yaşamaq istədiyini bildirir. Deməli, ailələrdə uşaqlara qarşı şiddət, zorakılıq faktları mövcuddur. Uşaqlar təkcə məktəbdə, ictimai yerlərdə zorakılığa məruz qalmır, ailə daxilində də uşaqlarla kobud davranılır, tez-tez döyülür, təhqir olunurlar. Bütün bunlar uşaqların psixologiyasına çox mənfi təsir edir və onların hafizəsində dərin iz buraxır. Valideynlər birdəfəlik anlamalıdırlar ki, fiziki zora məruz qalmış, həm özünün, həm də valideyninin
döyüldüyünü müşahidə etmiş uşaq böyüyəndə zorakılığa meyilli olur. Çox zaman uşaqların tərbiyəsində yanlışlığa yol verilir. Məsələn, küçə uşaqları ilə münasibətdə valideynlər həmişə çalışırlar ki, məhz onların övladı üstün olsun. Səni vurublarsa, sən də vur, prinsipi ilə uşaqlarını böyüdürlər. Sinifdə dava-dalaş salan da belə mühitdə böyümüş uşaqlardır. Müəllimənin günahı budur ki, sinifdəki uşaqların xarakterinə bələd deyil. Müəllimə hər bir uşağı yaxşı tanımalıdır, kiminlə necə rəftar edilməsini bilməlidir. Ailələri də tanımalıdırlar, hansı ailə mehribandır, səmimidir, hansı ailə dikbaşdır. Şagirdlərlə də buradan çıxış edərək rəftar edilməlidir.
M.Nəqiyeva hesab edir ki, məktəblərdə baş verən insidentlərdə yalnız məktəbi günahkar bilmək düzgün deyil:
- Məktəblə ailə qarşılıqlı əlaqədə olmalıdır. Uşaq günün bir neçə saatını məktəbdə olur, böyük hissəsini isə evdə. Uşaq evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Məktəbin əhəmiyyətli rolu bundan ibarətdir ki, o, uşaqların düzgün təlim-tərbiyəsini təşkil etməlidir, uşaqları düzgün istiqamətə yönləndirməlidir. Ailənin öz vəzifəsi, məktəbin öz vəzifəsi var. Şagird özünü pis aparırsa, ilk növbədə valideyn məktəbə dəvət edilməli, onunla söhbət aparılmalıdır. Şagirdlər arasındakı mübahisə, münaqişə heç bir halda valideynlərə sirayət etməməlidir. Valideyn niyə uşaqlar arasındakı mübahisəyə girişir? Uşağını sakitləşdirməkdənsə, tənbeh etməkdənsə, sinif yoldaşının üzərinə niyə gedir? Bu, əsla, normal davranış deyil. Şagird müəllim tərəfindən tənbeh edilə bilər. Bu, pedaqogikanın bir üsuludur. Ancaq hər şagird öz yaş dövrünə görə tənbeh edilməlidir. Amma təəssüf ki, bizdə müəllimlərin şagirdləri vurması, döyməsi faktları həmişə olub. Elə müəllimlər var ki, danışıqları çox kobuddur, uşaqlarla kobud davranırlar. Məktəblərdə psixoloqlar olmalıdır, onlar müəllimlərlə də, şagirdlərlə də daim işləməlidirlər. Məktəb valideynlərlə həmişə gərək əlaqədə olsun. Valideynin məktəbdən uzaq düşməsi, kənar qalması, sonda xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.
Məlahət Rzayeva