Yad dillərə yamaq dilim...

“İdarələrin, obyektlərin adı böyük hərflərlə və yalnız Azərbaycan dilində öz əksini tapmalıdır”




Cəmiyyətdə öz doğma Azərbaycan dilinə ögey, soyuq münasibət bəsləyənlərin sayı az deyil. Bunu paytaxtda yerləşən restoran, kafe, otel həmçinin uşaq bağçalarının adlarına nəzər saldıqda görmək olar. Bakının küçələrinin qısaca seyri deməyə əsas verir ki, ölkədə Azərbaycan dili getdikcə başqa dillərin təsirinə məruz qalır. Dükanların, otellərin, restoranların, kafelərin, çayxanaların əksəriyyətinin adı xarici, əsasən ingilis dilində yazılır.

Bu hala mərkəzi küçələrdə daha çox rast gəlinir. Hətta paytaxtın mərkəzində olarkən özümüzü Azərbaycanda deyil, hansısa bir xarici ölkədə təsəvvür edirik. Paytaxtın Nizami küçəsində ("Torqovı”) bir sıra obyektlərin adlarının tərcüməsi mümkün də deyil. Restoranlar "saray” kimi deyil, "plaza” kimi qəbul edilir. Hətta kafe, restoran sözlərini "reustorant”, "cafe” yazırlar. "Pizza İnn”, "Amazon Cafe”, "Balizza cafe”, "Bookcafe”, "Ali & Nino”, "Teatral Tea club” və s. buna misal göstərmək olar. Görünür, kafe, restoran, mağazalara Azərbaycan dilinə aidiyyəti olmayan adlar qoymaqla sahibkarlar qarşılarına əcnəbi müştərilərin cəlb edilməsi məqsədini qoyublar.

Məsələyə münasibət bildirən filologiya elmləri doktoru Bilal İsmayılov belə halların düzgün olmadığını bildirib. Onun sözlərinə görə, Konstitusiyada da dövlət dilimiz Azərbaycan dili kimi verilib. Bunun üçün də adlar məhz öz dilimizdə yazılmalıdır: "Vaxtilə Prezidentin fərmanı ilə xüsusi bir komissiya yaradıldı. Komissiyanın sədri isə Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev idi. Bir vaxtlar komissiya üzvləri tərəfindən bu məsələ müzakirə olundu ki, xarici dil üzrə hər hansı adlar və elanlar verilə bilməz. İdarələrin, obyektlərin adı böyük hərflərlə və yalnız Azərbaycan dilində öz əksini tapmalıdır. Bizim dövlət qanunumuzda da bu məsələ qanunlaşdırılıb. Vaxtilə müzakirələr getməsinə baxmayaraq bunun hər hansı bir nəticəsi olmadı. Konstitusiyamızda dilimizin Azərbaycan dili olduğu göstərilir. Hər hansı bir xarici dildə reklamların, ticarət obyektlərinin, otellərin yazılması düzgün deyil”.

Yeganə Bayramova