Yalançı, ixtisas təhsili olmayan psixoloqların yeri daraldı

Psixoloqlar Şurasının yaradılması böyük nailiyyət olacaq
Milli Məclisin dünən keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib.


6 fəsil, 22 maddədən ibarət qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.
Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Qanunun 21-ci (Azərbaycan Psixoloqlar Şurası) maddəsinə əsasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır.

Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla 7 üzvdən ibarətdir. Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması və idarə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən "Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

Psixoloq Nail Cəlil "Şərq”ə açıqlamasında sözügedən qanun layihəsinin qəbulu və Azərbaycan Psixoloqlar Şurasının yaradılması qərarının çox müsbət və gözlənilən bir addım olduğunu deyib: 

"Mən BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirmiş, sosial psixologiya üzrə doktorantura təhsili almış bir mütəxəssis kimi, bunu çox yüksək qiymətləndirirəm. Psixologiyanın 600-dən çox tədqiqat istiqaməti var və sosial elmlər sahəsində bu səbəbdən xüsusi çəkiyə, aparıcı mövqeyə malikdir. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi az da olsa, yalançı, ixtisas təhsili olmayan psixoloqların insanları aldatmasının qarşısını alacaq. Bu sahədə peşəkar, yüksək keyfiyyətli sosial-psixoloji, eləcə də tibbi-psixoloji xidmətin genişlənməsinə, formalaşmasına yol açacaq”.

Azərbaycanda Psixoloqlar Şurasının yaradılmasına gəldikdə isə N.Cəlil deyib ki, bu Şura ilk növbədə, fənlərarası əlaqənin düzgün qurulmasına diqqət yetirməli, psixologiyaya hansı bilik sahələrindən açıq keçidin mümkün olduğuna diqqət yetirməlidir: 

"Bu gün psixologiyanın yaxın olduğu sosial elm sahələri sırasında daha çox sosiologiyanın, sosial işin rolu, əhəmiyyəti daha böyükdür. Bununla yanaşı, tibbi-psixoloji xidmətin - psixoterapiyanın, psixatriyanın, sosial-tibbi gigiyenanın, klinik sosial işin, klinik psixoloji xidmətin adekvat təşkilinə xüsusi diqqət yetirilməlidir. Belə olarsa, Azərbaycan Psixoloqlar Şurasının işi özünü doğrultmuş olacaq. İstənilən halda bu qərar irəliyə doğru bir addımdır”.

Şəymən