“Yalnız qələbə haqqında düşünürəm”
Rövşən Bayramov: “Hər bir azərbaycanlı idmançı arxasında İlham Əliyev kimi güclü bir dövlət başçısının dayandığını çox yaxşı bilir”
Yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionu Rövşən Bayramov "Şərq”ə ilk Avropa Oyunlarının ölkəmizə qazandıracağı dividendlər və Azərbaycan idmanına gətirəcəyi yeniliklərdən danışıb. Tanınmış güləşçi qeyd edib ki, sözügedən mötəbər yarış dünyanın idman tarixinə qızıl hərflərlə həkk olunacaq. Onun sözlərinə görə, bu möhtəşəm idman tədbiri ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq: "Doğrudan da Oyunlar ölkəmiz üçün bir bayramdır. Nəinki idmançılar, bütün Azərbaycan xalqı sevinir. Şübhəsiz ki, bu, ölkə başçısının idmana olan diqqət və qayğısının göstəricisidir”.
R.Bayramovun fikrincə, Azərbaycan böyük bir tarixə imza atacaq: "Baxın, ilk Olimpiya Oyunları Yunanıstanda baş tutub. Üstündən illər ötüb, indi yenə də Olimpiya Oyunları deyəndə ilk olaraq Yunanıstan yada düşür. İndi Avropa Oyunları haqda danışanda Azərbaycanı
xatırlayacaqlar. Düşünürəm ki, "Bakı-2015” bütün dünya və Avropa xalqlarının yaddaşına həkk olunacaq. Bunun üçün yenə də ölkə rəhbərinə təşəkkür edirəm. Bütün idmançılar iyunun 12-ni səbirsizliklə gözləyir”.
Həmsöhbətimizin qənaətincə, Oyunlar ölkəmizin mədəni və tarixi irsinin dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm rol oynayacaq: "Tədbir ərəfəsi ölkəmizə çoxsaylı idmançı və eyni zamanda turist axını olacaq. Əlbəttə, hansısa idmançı və turist başqa bir ölkəyə səfər edirsə, internet vasitəsilə həmin ölkənin tarix və mədəniyyətinə dair məlumatlar əldə edir. Əminəm ki, ölkəmizə təşrif buyuracaq qonaqlar da Azərbaycanın tarixi gerçəklikləri və mədəni irsinə dair müəyyən bilgilər toplayıblar. Ölkəmizə gələndə isə həmin faktları gözləri ilə görəcəklər. Şübhəsiz ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 20 Yanvar hadisələrinə dair həqiqətlərin canlı şahidi olacaqlar. Bir sözlə, marafon tarixi reallıqlarımızın dünya və Avropa ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayacaq. Bundan başqa, əcnəbi ölkəmizin, xalqımızın qonaqpərvərliyini öz gözləri ilə görəcək. Dünya qonaqpərvərliyimizdən danışacaq. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətin təzahürüdür. Oyunlar ölkə başçısı ilə yanaşı, xalqımızın da nailiyyətidir. Zaman gələcək ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində işğaldakı torpaqlarımız azad olunacaq. Mən bunu əminliklə qeyd edirəm və inanıram”.
Tanınmış idmançı hesab edir ki, məlum böyük idman törəninin ölkəmizdə reallaşması Azərbaycan idmanına çoxsaylı müsbət töhfələr verəcək: "Azərbaycanda hər ailədə bir idmançı var. Odlar Yurdu Azərbaycan həmişə öz idmanı və idmançıları ilə qürur duyub. Oyunlar isə ölkəmizdə idman sahəsinə axını, meyli daha da gücləndirəcək. Ölkədə peşəkar idmançıların sayının artmasına, eyni zamanda Azərbaycan insanının sağlam böyüməsinə gətirib çıxaracaq. Çünki sağlam ruh yalnız sağlam bədəndə olar. Sağlam bədən isə idmanla qazanılır. Əlbəttə, Azərbaycan güclü bir idman ölkəsidir. Bu tarixi yarış Azərbaycanın idman ölkəsi olmasını bütün dünyaya sübut edəcək. Məlumdur ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu, təəssüf doğurur. Lakin vəzifəsindən asılı olmayaraq hər bir idmançı və azərbaycanlı vətən üçün bir əsgərdir. Düşünürəm ki, ölkəmizdə idmanın güclü şəkildə təbliği, insanlarımızın kütləvi olaraq idmana cəlb olunması ərazi bütövlüyümüzün təminatı baxımından çox önəmli məsələdir”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu yarışın təşkili Olimpiya Oyunları kimi daha genişmiqyaslı yarışların keçirilməsi baxımından ölkəmizə böyük təcrübə qazandıracaq: "Azərbaycanda idmanın müxtəlif növləri üzrə Avropa və Dünya Çempionatları gerçəkləşdirilib. İndi də ilk Avropa Oyunları keçirilir. Bircə Olimpiya Oyunları qalır. İnanıram ki, çox yaxın perspektivdə Azərbaycan Olimpiya Oyunlarına da ev sahibliyi edəcək. Olimpiya çempionu və Cüdo Federasiyasının vitse-prezidenti kimi əminəm ki, paytaxtımıza təşrif buyuran bütün qonaqlar sözün yaxşı mənasında Bakını görüb şoka düşürlər. Çünki Azərbaycan yenicə müstəqillik əldə etmiş bir ölkədir. Əcnəbilər ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini təsəvvür edə bilmirlər. Azərbaycanın sürətli iqtisadi inkişafı və Bakımızın gündən-günə gözəlləşməsinə heyran qalırlar. Bütün bunlar dövlət başçısının danılmaz səyləri nəticəsində ərsəyə gəlib. Artıq Azərbaycanı bütün dünya tanıyır. Bu da çox arzuolunan və qürurverici haldır”.
"Oyunların Fransa, Almaniya, İngiltərə və s. kimi Avropa ölkələrinə deyil, Azərbaycana həvalə olunmasının kökündə nə dayanır” sualına gəlincə, R.Bayramov bəyan edib ki, bu, Milli Olimpiya Komitəsinin sədri, dövlət başçısı İlham Əliyevin proqressiv addımlarının göstəricisidir: "Fikir verin, prezident hər dəfə Avropa, Dünya və Olimpiya çempionlarını mükafatlandırır. Onların sosial və mənzil təminatlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Qalib idmançılara mənzil və pul mükafatı bağışlayır. İdmançılarımızda bir stumul yaradır. Artıq digər vətəndaşlarımız da şahidi olur ki, ölkə başçısı idmançılara məxsusi diqqət və qayğı göstərir. Bu da idmana olan marağın yüksəlməsinə səbəb olur”.
Oyunlarla əlaqədar ölkəmizə qarşı başladılan qarayaxmalardan söz açan həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın inkişafı göz önündədir: "Potensialımız və istənilən sahədəki qüdrətimizə kimsə şübhə ilə yanaşa bilməz. "Qara piar” kampaniyası ölkəmizə qarşı paxıllıqdan irəli gəlir. Tərəqqimizi gözü və qəlbi götürməyən insanlardır. Onlar bizim üçün qüvvə deyillər.
Kim nə deyir desin, biz öz karvanımızı çox proqressiv və operativ şəkildə keçirdirik. Öz işimizlə məşğuluq. Belə insanlar könül bulandırmaq istəyirlər. Lakin nail ola bilməyəcəklər. Onlara heç kim etimad göstərməyəcək. Əllərinin ləkəsi öz üst-başlarını batıracaq. Yel qayadan nə apara bilər ki? Heç nə. Təsəvvür edin, bu gün bizə qibtə edən xarici dövlətlər varsa, deməli, gücümüz onları narahat etməyə başlayıb. Bu, böyüklüyümüzün göstəricisidir. Azərbaycan sözün yaxşı mənasında dünyaya meydan oxuyur. Bu, təkzibolunmazdır. Belə anti-milli təbliğatlar bizi inkişafdan dayandıra bilməz. Bir amalımız var. O da bütün maneələri aşaraq yalnız irəliyə doğru addımlamaqdır. Qoyun onlar danışmaqlarında olsun, biz isə öz inkişafımızda. Qoyun, paxıllıq etsinlər. Biz gücümüzü danışmaqla deyil, əməli işimizlə isbat edirik. Hər şey göz qabağındadır. Əsas odur ki, biz idmançılar və ya vətəndaşlar dövlətimizə, ölkəmizə və ölkə başçımıza sadiqik”.
Müsahibimiz onu da əlavə edib ki, məlum əlamətdar tədbir ölkəmizin turizm məkanına çevrilməsi yönündə mühüm rol oynayacaq: "Baxın, Oyunlarla əlaqədar Azərbaycana on minlərlə əcnəbi gələcək. Yarış ərəfəsi onlar ölkəmizin turistik guşələri ilə tanış olacaqlar və növbəti illərdə turizm mərkəzi kimi məhz Azərbaycana üz tutacaqlar. Bu da ölkədə turizmin inkişafına müsbət təkan verəcək. Getdikcə, Azərbaycan turizm mərkəzinə çevriləcək”.
R.Bayramov yarışa hazırlıq proseslərinə də toxunub: "Çox güclü şəkildə hazırlaşıram. Müntəzəm olaraq ciddi rejimlə məşqlərimi davam etdirirəm. Öncədən bir söz deyə bilmərəm. Amma yalnız qələbə haqqında düşünürəm”.
İdmançımız sonda özünə və həmkarına uğurlar arzuladı: "Arzu edirəm ki, idmanın bütün növlərində yer alan igidlərimiz çempion olsunlar. Azərbaycan himninin sədaları altında fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlib, üçrəngli şanlı bayrağımızı zirvələrə ucaltsınlar. Xalqımızı sevindirsinlər. Əminəm ki, sevindirəcəklər də. Çünki xalça üzərinə çıxan hər bir azərbaycanlı idmançı arxasında İlham Əliyev kimi güclü bir dövlət başçısının dayandığını çox yaxşı bilir. Bir daha bütün idmançılara əzmkarlıq və tükənməz nailiyyətlər arzu edirəm”.
Ayyət Əhməd