İş saatlarının dəyişdirilməsinin faydasını hamı hiss edəcək
Bu yalnız tıxacların aradan qaldırılması və sıxlığın azaldılması deyil, həm də iqtisadi baxımdan vacibdir
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında iş saatının dəyişdirilməsi məsələsini gündəmə gətirib. Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təklif göndərdiklərini vurğulayan
V.Kərimlinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərin əsas səbəblərindən biri də bütün müəssisələrdə - istər dövlət, istərsə də özəl təşkilatlarda iş vaxtının saat 09:00-da başlamasıdır. "Təklif etmişik ki, iş vaxtının başlaması 08:00, 08:30 və ya 09:30 götürülsün. Bunun üzərində ciddi iş gedir. Biz bunu ilkin olaraq dövlət qurumlarında tətbiq etməyə nail olmaq istəyirik. Əgər təklif müsbət dəyərləndirilsə, saat 09:00-dan öncə yollarda yaşanan tıxac probleminin 20 faizini həll edə bilərik. Bu, ciddi göstəricidir”.
Nəqliyyatda sıxlığın aradan qaldırılması üçün paytaxtda dövlət orqanlarında iş saatının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən, nəqliyyat eksperti Ərşad Hüseynov isə hesab edir ki, Nəqliyyatda sıxlığın aradan qaldırılması üçün yalnız dövlət orqanlarında iş saatlarının dəyişdirilməsi kifayət etməyəcək: "Bakıda tələbə və şagirdlərin daha sıx olduğunu nəzərə alaraq, məktəb və universitetlərdə dərs saatlarının müəyyən qədər fərqləndirilməsini təklif edirəm. Həmçinin bir çox özəl şirkətlərin şəxsi avtomobildən istifadə edən kifayət qədər işçiləri var. Bütün bu müəssisələrin birlikdə hərəkət edərək, müxtəlif vaxtlarda iş və dərs saatları tətbiq etməsi pik saatların aradan qaldırılması üçün daha səmərəli olar. Nəticədə bundan əvvəl eyni vaxtda yola çıxan kütlə dörd-beş hissəyə bölünəcək. Dünya təcrübəsində də nəqliyyatda sıxlığın azaldılması üçün bu metod istifadə edildiyindən, Azərbaycanda tətbiqi effektiv nəticə verə bilər”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, iş saatlarının dəyişdirilməsi təbii ki, tıxacların aradan qaldırılması və sıxlığın azaldılması deyil, həm də iqtisadi baxımdan vacibdir.
Onun sözlərinə görə, Avropanın əksər ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir: "Tıxacın aradan qaldırılması, onun iqtisadi təsirlərinin azaldılması ilə, eləcə də iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifi bir neçə il öncə Nazirlər Kabinetinə təqdim etmişdim. Təbii ki, yanacağa qənaət edilməsi baxımından iş saatlarının vaxtının dəyişdirilməsi vacibdir. Bundan başqa iş vaxtlarının dəyişdirilməsi zamana qənaət deməkdir. İnsanların tıxacda az zaman sərf etmələri imkan verir ki, onlar tıxacda qaldıqları müddəti başqa işlərə sərf etsinlər. Bizim qiymətləndirmələr göstərir ki, işçilər orta hesabla bir saat yarım vaxtlarını tıxacda itirirlər. Hər bir zamanın dəyəri var. Zaman itkisinin azaldılması istirahət və ya başqa işlərlə məşğul olmağa imkan verəcək. Hətta vaxt itkisini işləyərək kompensasiya etmək mümkündür”.
İqtisadçının sözlərinə görə, iş vaxtları özəl, dövlət, bank sektorunun iş saatları elə uyğunlaşdırılmalıdır ki, fərqli sektorlarda işləyənlər biri-birlərinin xidmətlərindən istifadə edə bilsinlər:
"Azərbaycanda bütün sektorlar üzrə iş vaxtlarının eyni saatda başlaması və eyni nahar fasiləsi dövlət qurumlarında işləyənlərin, özəl sektorun xidmətindən daha geniş istifadə etməsinə imkan vermir. Dövlət qurumunda işləyən şəxsin iş vaxtı bitən zaman özəl sektor və bankda iş vaxtı bitir. Eləcə də nahar fasiləsi eyni saatda olduğundan hər hansı xidmətdən istifadə etmək mümkünsüz olur. Amma fərqli iş saatlarının olması və fərqli saatlarda bitməsi imkan verəcək ki, dövlət qurumları, xüsusən də bank sektorunun xidmətlərindən istifadə etmək mümkün olsun”.
Şəymən