Yanan bina: Məşhur memar da fasadlardan danışdı

Həmin materialdan artıq Qazaxıstanda yaşayış binalarında istifadə olunmağa qadağa qoyulub
Paytaxtda yanğın hadisələrinin sayı artıb. Həm də yanğın daha çox fasadında yenidənqurma işləri aparılan, üzlənən binalarda baş verir. Binalara üzlük kimi vurulan penoplast materialından istifadənin təhlükəli olması dəfələrlə ekspertlər tərəfindən vurğulansa da, mütəxəssislərin rəyləri nəzərə alınmayıb. Elə bir neçə gün öncə paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binanın 9 və 8-ci mərtəbəsində başlanan qığılcımın 10 saniyə içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübutu idi.
Baş verən yanğın insan itkisi olmadan ötüşsə də, böyük təhlükənin siqnalını vermiş oldu. Aidiyyəti qurumlar isə çalınan həyəcan təbilini görməzdən gəlib, şəhər sakinlərini odun içinə atmaqda israrlı görünür. Maraqlıdır ki, daha neçə binanın alovlanması lazımdır ki, "tenderlərdə” qalib gələn şirkətlər "kitayski” fasad sevdasından əl çəkib, binaları daha keyfiyyətli və təhlükəsiz örtüklərlə üzləsinlər. Yaxud da ümumiyyətlə bu istiqamətdəki yarıtmaz fəaliyyətlərini dayandırsınlar?
Qeyd edək ki, penoplast üzlüklər Çindən gətirilir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Binaların üstünə vurulan bu plastik üzlüklər hətta günəş şüası ilə də alışa bilir. Çox ağır kimyəvi bir materialdan hazırlanan bu penoplastların digər mənfi xüsusiyyəti yanan zaman öldürücü qoxuya malik olmasıdır.
Nobel prospektində 9 mərtəbəli binanın yanıb kül olmasının təsadüfi hadisə olmadığını vurğulayan millət vəkili Fazil Mustafanın sözlərinə görə, vətəndaşların bu cür iztirabını görmək üzücüdür: "Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular. Yadıma Qabriel Qarsia Markesin illər öncə oxuduğum "Gözlənilən bir qətlin tarixçəsi” əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı”. Millət vəkili qeyd edib ki, penaplasla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma riski olduğunu ağlı başında olan hər kəs bilir: "Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risk daha da artıq. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?.. Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, "zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq”. Görəsən, bu "istəsə” sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni "siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək” sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın riski olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir”.
İqtisadçı-ekspert Samir Əliyev isə istər Avropa ölkələrində, istərsə də qonşu ölkələrdə binaların bu şəkildə üzlənməsi məsələsinə rast gəlmədiyini vurğulayıb: "Nəzərə almaq lazımdır ki, bu binalarda çoxlu sayda insanlar yaşayır. Onların təhlükəsizliyi çox vacib məsələdir. Ölkə boyu binaların üzlənməsi prosesi gedir. Bəzi yerlərdə daş hörgülərdən istifadə olunur və bu, yaxşıdır. Əksəriyyəti penoplast materialıdır və bu da yanğına qarşı çox davamsızdır. Gözəllik olsun deyə, bu cür keyfiyyətsiz materialdan istifadə etmək düzgün deyil. Bu, birbaşa olaraq insanları təhlükə altına salmaqdır. FHN və yerli icra hakimiyyətləri tikintiyə nəzarət etməlidir. Hesab edirəm ki, Nazirlər Kabineti yaşayış evlərinin normativləri ilə bağlı təlimatlar hazırlamalıdır. Həmin təlimatlarda hansı materiallardan istifadə edilməsi öz əksini tapmalıdır. Buradan o nəticəyə gəlmək olur ki, 2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsi icra olunmur. Həmin Məcəlləyə əsasən binanın idarəsi sakinlərə verilməlidir və onlar təmirlə bağlı qərar qəbul etməlidir. Tender keçirilməlidir ki, hansı şirkətin təmiri həyata keçirəcəyini sakinlər seçsinlər. İndi bu baş verən yanğına görə dəymiş zərəri o binanı təmir edən İcra hakimiyyəti ödəməlidir. Bu kompensasiya ona görə ödənilməlidir ki, yanğın hadisəsi birbaşa onun səhvi ucbatından baş verib”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sözügedən tikinti materialı ilə bağlı bunları deyib: "Penoplast kifayət qədər lazımsız materialdır. Adətən, tikintidə boş qalan, aralıq hissələri doldurmaq, hava keçməməsi üçün istifadə edilir. Tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda, bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu səbəbdən də materialın binaların üzlüyünə vurulması düzgün deyil və yolverilməzdir. Bunun nəticəsini bir neçə gün əvvəl Nobel prospektində yaşanan hadisə zamanı hamılıqla gördük”. O qeyd edib ki, heç bir xarici ölkə praktikasında penoplastdan tikinti materialı olaraq istifadə olunmur: "Qonşu ölkələrin təcrübəsinə nəzər salsaq, onlarda bu cür tez alışan, yanmağa meylli məhsulların nəinki binaların üzlüyünə vurulması, hətta açıq ərazilərdə istifadəsi yolverilməz hesab olunur. Bizdə istifadənin nəticəsi göründü. Kiçik bir alışma səbəbindən qısa müddətdə binanın bütün fasadı yandı, hətta binadakı mənzillərə də kifayət qədər zərər dəydi. Bu praktikadan o ölkələr istifadə edə bilər ki, həmin ərazidə təbii üzlük daşlar, materiallar mövcud deyil. Azərbaycan özünün "gülbax”, "ağlay” daşları ilə kifayət qədər məşhurdur. Keyfiyyətinə və uzunömürlülüyünə görə də istənilən tikinti materialına alternativ olmaq, rəqabət aparmaq imkanına malikdir. Ona görə də şərq memarlıq üslubuna uyğun gəlməsi üçün məhz bu daşlardan istifadə edilməsi məqsədəuyğundur”. Ramil Osmanlı bildirib ki, Azərbaycanda yalnız bir şirkət tərəfindən penoplast materialı istehsal olunur, o da yanmağa meylli plastmasdan hazırlanmır: "Binaların üzlənməsində istifadə edilən material yerli istehsal deyil, ölkəyə xaricdən gətirilir. Geniş istifadəsinin səbəbi isə ucuz başa gəlməsidir”.
Memar Hacıəmi Atakişiyev isə öncə qeyd edib ki, yanğınların artmasının əsas səbəblərindən biri əhalinin məlumatsız olması ilə bağlıdır: "İşıqdan, qazdan istifadə ilə bağlı Azərbaycanda sosial reklamlar yox dərəcəsindədir. Bununla bağlı insan məlumatlandırılmır. Binalar da keyfiyyətli olmadığı üçün təhlükə getditkcə artır. Binalarda istifadə olunan naqillərin keyfiyyəti çox aşağıdır. Bütün işləri tələsik görürlər. Düzgün çəkilmədiyi üçün evə qaz daxil olur və nəticədə partlayış baş verir”.
Memarın sözlərinə görə, sakinlər haqlı olaraq yanan binaya görə, aidiyyəti qurumu günahlandırırlar: "Doğrudan da binaların üz örtüyü keyfiyyətsiz materiallardan hazırlanır. Fasadlara vurulan "alkopan”lar çox keyfiyyətsizdir. Həmin materialdan artıq Qazaxıstanda yaşayış binalarında istifadə olunmağa qadağa qoyulub. Bundan əlavə, bu gün tikinti bazarında mənşəyi məlum olmayan materiallar satılır. Hansı ki, onların hər biri də yanğına meyilli olur”.
H.Atakişiyev deyib ki, tikinti ilə məşğul olan sahibkarlar və binaların fasad örtüyünü "gözəlləşdirən” qurumlar bu məsələ ətrafında fikirləşsinlər. Bu cür keyfiyyətsiz materiallardan istifadə edildiyi azmış kimi əhalini də məlumatlandırmırlar. Çünki sakinlər məlumatsız olduğu üçün qış aylarında işıq naqilini yükləyirlər. Naqillər də dözümsüz olduğu üçün qızdıqdan sonra yanğına səbəb olur.
Şəymən