Yanan uşaqların sayı çoxalıb
Analardan isə “nə edim, uşağı ayağıma bağlayası deyiləm ki...” səpkili özünümüdafiə ifadələri eşidirik
Son zamanlar körpə uşaqların əllərinin ət maşınında qalması hallarının artması ilə bağlı jurnalistlərə açıqlama verən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarov bu faciələrin daha çox anaların məsuliyyətsizliyi üzündən baş verdiyini deyib.
Onun sözlərinə görə, əksər hallarda belə uşaqların əllərindəki barmaqlar kəsilir: "Əl quruluşu mürəkkəbdir və kiçik bir zədə əlillik yaradır. Bu cür faciə yaşayan 10 adamdan 8-i əlil qalır”. Yanğın hadisələri ilə bağlı da instituta müraciət edənlərin çox olduğunu vurğulayan şöbə müdiri bildirib ki, uşaqların əlləri yanır və qeyri-peşəkar həkimlər onları düzgün əməliyyat etmir. Nəticədə ciddi fəsadların qarşısının alınmasında çətinlik yaşanır.
Cərrahın da qeyd etdiyi kimi, son zamanlar bu faciələrin sayı hədsiz dərəcədə artıb. Oxşar bədbəxt hadisələrlə tez-tez rastlaşırıq. Uşaqlar eyvandan, pəncərədən yıxılır, qaynar çaydan üstlərinə tökülür, bəzən özləri qaynar su dolu qazanın içinə düşürlər, evlərində olan ov tüfəngini ələ keçirib, bacı-qardaşlarına xəsarət yetirirlər... Bütün bu bədbəxt hadisələrdə isə əsas günahkar valideyn və valideyn məsuliyyətsizliyi, səhlənkarlığı hesab edilir. Analardan "nə edim, uşağı ayağıma bağlayası deyiləm ki” səpkili özünümüdafiə ifadələri də eşidirik. Təbii, ana uşağı ayağına bağlamamalıdır. Amma anadan da, atadan da ilk növbədə tələb olunan diqqət və qayğıdır.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı da evində körpə uşağı olan valideynlərin maksimum dərəcədə ehtiyatlı olmasının vacibliyinə diqqət çəkib:
"Hadisə olanda bir dəfə olur, körpələrin müdafiəsiz olduğunu nəzərə alsaq, bu hadisənin faciə ilə nəticələnəcəyi də qaçılmazdır. Valideyn maksimum diqqətli olmalıdır əlbəttə, çünki iş-işdən keçəndən sonra özünü öldürsən də faydası olmaz. Ətçəkən maşını istifadə edəndə uşağın əlinin çata bilməyəcəyi yerdə işlətmək lazımdır, qaynar çaydanı ocağın arxa gözündə qaynatmaq lazımdır, elektrik çaydanını
şəbəkəyə qoşanda körpənin ora əlinin çatıb-çata bilməməsi ehtimalını düşünmək lazımdır. Bu yaxınlarda bir tanış ailədə baş verdi elə bir hadisə. Ana elektrik çaydanını divarın aşağı hissəsində olan naqilə qoşub, qoyub döşəmənin üstünə. Evdə də iməkləyən körpə uşaq var. Uşaq çaydanı aşırdı üstünə, yandı bütün bədəni. Düzdü, həyatını xilas eləmək oldu, amma bədəninin 50 faizi yandı, hələ də güclü müalicə alır. Demək istədiyim odur ki, bu halda əlbəttə, o çaydanı ora qoyan ana günahkardır. Bunu əvvəlcədən düşünmək lazım idi, üstəlik, körpə uşağın iməklədiyini necə unutmaq olar?”.
Uşaqların qorxusuz olduğunu vurğulayan Lalə xanım deyib ki, müəyyən yaş dövrünə qədər onlar nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu anlamırlar: "Nahaq yerə iməkləyən uşağa "ilanboğan vaxtıdır” demirlər. Pəncərəyə çıxan, barmaqlığı olmayan eyvandan boylanan və ordan yıxılan nə qədər uşaq var. Hamısı valideynin bir anlıq boş buraxması, diqqətsizlik eləməsi səbəbindən olur. Əvvəllər evdə çox insan olurdu, nənə-baba, əmi-bibi, ata-ana hamı bir yerdə yaşayırdı. İndi ata-ana-uşaq üçlüyü olan cırtdan ailələrdir çoxu. Ata işdə, ana mətbəxdə başı qarışmış vəziyyətdə, uşaq nəzarətsiz qalır. Əslində bütün hallarda anaları da qınamaq olmur, hamımızın yorulduğumuz, usandığımız anlar olur ki, uşaq gözümüzdən yayınıb nəsə edir. Heç bir valideyn deyə bilməz ki, mənim uşağım nəzarətsiz qalmayıb, hadisə törətməyib. Bu hamımızın başına gəlir. Maksimum diqqətli olmaq lazımdır. Ən azı 5-6 yaşlarınadək onları addım-addım izləmək vacibdir”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc müasir dövrümüzdə diqqətin yayınması üçün kifayət qədər çox vasitələr olduğunu deyib:
"Xüsusilə, internet, sosial şəbəkələr, televiziya verilişləri, seriallar və s. Gündəlik həyatımızda diqqət prosesinə təsir edən yüzlərlə obyektlər, başqa sözlə desək, qıcıqlandırıcılar olur. Lakin biz, onların içərisində özümüz üçün əhəmiyyətli olanını seçib, diqqətimizi ona yönəldirik. Diqqətin ən vacib funksiyası ehtiyacımıza uyğun seçim etmək, daha sonra ehtiyaca uyğun diqqətin saxlanılması və nəzarət etməkdən ibarətdir. Diqqətimiz bəzən ixtiyari və ya qeyri-ixtiyari şəkildə bir neçə istiqamətə yönələ bilir. Qıcıqlandırıcının gücü, başqa sözlə desək, diqqətimizi çəkən obyektə olan maraq səviyyəsindən asılı olaraq, digər obyektlərə diqqətin nəzarət funksiyası zəifləyir.
Valideynlər uşaqların təhlükəsizlik məsələsini nə qədər vacib hesab etsələr də, qeyri-ixtiyari şəkildə diqqətin paylanılması, başqa obyektə yönəlməsi, uşağın təhlükəsizliyinə qarşı olan diqqətin zəifləməsinə səbəb ola bilər. Bəzən sosial şəbəkələrdə və ya serial qarşısında olarkən insanın zaman qavrayışı pozulur. Yəni, vaxtın normal sürəti hiss olunmur. Və beləliklə, valideyn son olaraq 40 dəqiqə əvvəl uşağının fəaliyyətinə nəzarət etməyi onun üçün 3 dəqiqə əvvəlmiş kimi hiss etməsinə səbəb olur. Bütün bu psixi proseslər azyaşlı uşaqlara nəzarəti zəiflədir və bəzən xoşagəlməz hadisələrə səbəb olur”.
Şəymən