Yanğında xəsarət alanların vəziyyəti stabildir

Onların yanına hələ ki, ailələri, qohumları buraxılmır




Paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının yanması nəticəsində xəsarət alanların vəziyyəti stabildir.

Bu barədə "Şərq”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Onun sözlərinə görə, yanğın baş verən binada xəsarət alan 14 nəfərin müalicəsi davam etdirilir. Onlardan 12-si Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, digər ikisi isə 6 saylı şəhər xəstəxanasındadır. Hazırda bütün xəsarət alanların vəziyyəti stabildir. Onların yanına ailə üzvləri və qohumları və dostlarından heç kəs buraxılmır. Vəziyyətləri tam normallaşdıqdan sonra gəlib xəstələrə baş çəkməyə icazə veriləcək”.

Xatırladaq ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb. Hadisə nəticəsində 16 nəfər həyatını itirib. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə saatlarında xəstəxanada vəfat edib.

Vüqar