O, MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir
Yarımçıq siyasətçi...
Zatulindən Azərbaycana qarşı alət kimi istifadə olunur
O, MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir
O, MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir
Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin bu günlərdə Ermənistana rəsmi səfər edib. O, səfər zamanı Azərbaycanla bağlı müəyyən xoşagəlməz fikirlər səsləndirib ki, bu da ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Trend-ə deyib ki, Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavinidir: "Ancaq bu şəxsin fəaliyyəti tam əksinə, MDB ölkələri ilə, eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir.
Bu isə onun üzvü olduğu "Vahid Rusiya” fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil”. H.Babaoğlu bildirib ki, K.Zatulin həmişə milli etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub: "Gah əməkdaşlıq yaratmalı olduğu hansısa MDB ölkəsi tərəfindən persona non-qrata elan edilib, gah da hansısa tanınmayan bir separatçı rejimin "prezident seçkilərini” legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Ən nəhayətində isə öz yarımçıq tarixi bilgiləri və yarımçıq siyasətçi keyfiyyətləri ilə Azərbaycan Prezidentinin fikirlərini şərh etmək cəsarəti göstərib”. Millət vəkili xatırladıb ki, K.Zatulin Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edildi, 2008-ci ildə Simferopol aeroportunda saxlanıldı və bu ölkəyə girişi birdəfəlik qadağan edildi. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq aldı, 2017-ci ildən isə dövlət axtarışındadır. 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən persona non-qrata elan edildi. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynadı”.
H.Babaoğlunun fikrincə, onun siyasətçi mahiyyəti natamamdır, etnik separatçıların dəstəkçisidir və bu, o qədər barizdir ki, bəzən onun siyasi məqsədləri vətəndaşı olduğu dövlətin belə rəsmi maraqları nöqteyi-nəzərindən anlaşılan deyil:
"Ona görə də Zatulinin kiminsə fikirlərini qeyri-ciddi adlandırmağa heç bir haqqı yoxdur. Çünki qeyri-ciddi biri varsa, o da elə Zatulindir. Ciddi siyasətçi hər şeydən əvvəl öz dövlətinin, qonşu və tərəfdaş ölkələrin maraqlarını nəzərə alan siyasətçidir. Təəssüf ki, Zatulin MDB ölkələri ilə əməkdaşlığa məsul şəxslərdən biri kimi, əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir. Bununla da təkcə həmin ölkələrin rəsmi strukturlarının deyil, eyni zamanda, MDB-də yaşayan çoxminli rus icmasının qınağına tuş gəlir, onların mənafeyini tapdalamış olur. Ciddi siyasətçilər isə heç vaxt bunu etmirlər”.
H.Babaoğlu qeyd edib ki, Zatulinin tarixi təfəkkürü və tarixi şərhetmə "istedadı” elə onun "siyasətçi istedadı”ndan heç də geri qalmır:
"Tarix keçmiş siyasət, siyasət isə hazırkı tarixdir” fikrini nəzərə alsaq, onda gərək Zatulin həm keçmiş siyasət olan tarixə ciddi yanaşsın, həm də bu günün siyasətçisi kimi gələcəkdə tarix olacaq sözləri və fikirlərində obyektiv olsun. Çox təəssüf ki, Zatulində bunların heç biri yoxdur. Bunun iki səbəbi ola bilər. Ya doğrudan da MDU-nun tarix fakültəsinin məzunu olan Zatulin universitetdə oxuyarkən Qədim dünya tarixi dərslərinə girməyib, ya da tarixi bilərəkdən təhrif edir. Hər ikisi olduqca pis haldır. Heç bir Roma imperiyası xəritəsində "Böyük Hayk” yazısı yoxdur. Xüsusilə də indiki Azərbaycanın inzibati siyasi sərhədləri, elə indiki Ermənistan da daxil olmaqla, heç bir xəritədə "Böyük Hayk” kimi göstərilmir. Həmin ərazilər müxtəlif dövrlərdə Sarmatiya, Albaniya, Midiya və s. kimi göstərilir ki, bura da həmişə Roma İmperiyası sərhədlərindən kənarda qalır. Roma xəritələrində müasir Azərbaycan və Ermənistanın, yəni tarixi Qərbi Azərbaycanın sərhədlərindən kənarda göstərilən ərazi isə Qıpçaq türklərinin vətəni kimi qeyd olunur.
1800-cü illərdən sonra Çar Rusiyası tərəfindən Azərbaycana, onun qərb hissəsi olan İrəvan, Zəngəzur, Göyçə və Qarabağa köçürülən haylar xristian olduqları üçün bu yerlərin avtoxtonları olan xristian qıpçaqlarının mədəniyyətinə və adına sahib çıxdılar. Həmin qıpçaqlar öz dillərini və mədəniyyətlərini zorən haylara verməli oldular. Beləliklə ilk dəfə tarixdə yalnız 1800-cü illərdən hay və hayk sözləri Cənubi Qafqazda işlənməyə başladı”.
Millət vəkili "tarixçi” K.Zatulinə tarixi yaddaşını təzələmək üçün bir şeyi də xatırladıb:
"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi İrəvan paytaxt olmaqla gəlmə haylara 100 illiyinə icarəyə verildi ki, onlar da özlərinə dövlət qursunlar. Əvəzində isə Zəngəzura, Göyçəyə, Qarabağa iddia etməsinlər. Azərbaycan Prezidenti də bu tarixi həqiqətə və yaddaşa söykənərək deyir ki, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq. Bu mövqe isə beynəlxalq hüquqa və ümumiyyətlə, onun prinsiplərinə zidd deyil. Çünki beynəlxalq hüquq tərəfindən tanınan ən təməl hüquqlardan biri insanın doğulduğu torpaqlarda yaşamaq hüququdur. Azərbaycanda isə bu hüquqdan məhrum edilmiş insanların sayı 1 milyondan çoxdur. Onlar 1988-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən zorla, qəddarcasına qovulub. Prezident İlham Əliyev də hər bir Azərbaycan vətəndaşının hüquqlarının təminatçısı kimi, bu hüququ təmin edəcəyindən danışıb. Ona görə də bu çağırış Prezident İlham Əliyevin beynəlxalq nüfuzuna xələl yox, hörmət gətirir. Çünki bu fikirlərdə başqa ölkənin torpaqlarını işğal etməyə yox, beynəlxalq hüquqa hörmətə, tarixə obyektiv yanaşmağa, insanların dinc və bir arada yaşamasına çağırış var”.
"Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi”. Bu sözləri isə deputat Elman Nəsirov deyib.
O bildirib ki, xüsusilə də K.Zatulinin aprel döyüşlərinin əsl mahiyyəti ilə bağlı, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərlə bağlı yanaşmaları daha çox diqqəti cəlb edir, onun nə dərəcədə erməni mənafeyinə xidmət göstərdiyi, onların əlində bir alət olduğunu təsdiqləyir:
"Zatulin martın 26-da Ermənistan parlamentində keçirdiyi mətbuat konfransında aprel döyüşləri ilə bağlı reallıqları təhrif edərək bu hadisələrin başlanmasına görə məsuliyyəti birbaşa Azərbaycanın üzərinə qoyur. Guya Azərbaycan Rusiyadan aldığı silahları tətbiq etməyə başqa yer tapmadığı üçün məhz aprel döyüşlərində istifadə etdi, guya Ermənistan müdafiə vəziyyətində olub, atəşkəsi pozmayıb. Eyni zamanda, Zatulin Azərbaycan Prezidentinin səsləndirdiyi İrəvan və Zəngəzur kimi tarixi torpaqlarımıza qayıdışla bağlı fikrə diqqəti cəlb edib və beləliklə, erməni lobbisi və Ermənistan siyasi hakimiyyətindən nə qədər asılı vəziyyətdə olduğunu, onların tapşırıqlarını yerinə yetirdiyini növbəti dəfə sübut edib. Bu faktlar bir daha göstərir ki, Zatulin əslində Rusiya Dövlət Dumasına erməni lobbisinin dəstəyi ilə deputat seçilib və bu səbəbdən də birbaşa erməni mənafeyinə xidmət göstərir”. E.Nəsirov vurğulayıb ki, əslində K.Zatulinin bu cür davranışı təəccübləndirici deyil: "Çünki Zatulin 2010-cu il 11 noyabr tarixində Ermənistan prezidenti Serj Sarkisyandan "Şərəf” ordeni alarkən artıq erməni siyasi maraqlarının bir alətinə çevrilmişdi. 2011-ci ilin iyul ayında Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilmiş qondarma parlament seçkilərində müşahidəçi statusunda iştirak edərkən də erməni siyasi dairələri əlində olduğunu təsdiqlədi. Zatulin separatçı rejimlərin dostudur”. Deputat qeyd edib ki, K.Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsinə kölgə salan bir haldır və bu, eyni zamanda, Rusiyanın regionun lider dövləti olan Azərbaycanla bağlı siyasətinə uyğun gəlməyən bir davranışdır.
Moskva təhlükəni önləyir Rusiya vəhhabiliyin qadağan edilməsi haqqında qərar qəbul edə bilər
Rusiya Dinlərarası Şurası federal qurumlara ölkədə fəaliyyət göstərən bütün vəhhabi təşkilatlarını ekstremist elan etmək xahişi ilə müraciət edib.
Bu barədə Rusiya Dinlərarası Şurasının iclasının yekunları üzrə qəbul edilmiş sənəddə qeyd olunub. Bundan başqa Şura ideologiyanın özünün isə terrorçu ideologiyası kimi qəbul edilməsini tələb edib.
Məsələni dəyərləndirən təhlükəsizlik üzrə ekspert İlham İsmayılın sözlərinə görə, əgər Rusiyanın dövlət təhlükəsizliyinə vəhhabilər tərəfindən ciddi təhlükə varsa, həmin dini cərəyanın qadağan edilməsi mümkündür: "Burada vicdan və ya din azadlığından söhbət gedə bilməz. Rusiya ölkənin təhlükəsizliyinə xüsusi xələl gətirdiklərini əsaslandırmaqla vəhhabiliyin qadağan edilməsi haqqında qərar qəbul edə bilər. Hətta Rusiya qanunvericiliyinə görə, öz ölkəsində axtarışda olan şəxsləri başqa ölkənin ərazisində öldürə də bilər”.
İ.İsmayıl onu da qeyd edib ki, yalnız Rusiya deyil, digər ölkələr də dövlət təhlükəsizliyini qorumaq üçün eyni cür addım ata bilər:
"Əgər Rusiya Dinlərarası Şurası federal qurumlara müraciət edibsə, deməli əlində ciddi əsasları var”.
Şəymən