“Yas mafiyası” sıradan çıxacaq

Qəbir daşları ilə bağlı Komitənin müəyyənləşdirdiyi meyarlar məntiqlidir
Əhməd Qəşəmoğlu: “İdeya sağlam olmayanda, atılan bütün addımlar boşa çıxır və heç bir effekt vermir. Dini İşlər üzrə Dövlət Komitəsi sağlam bir ideya tapıb və işin inzibati tərəfini də həll edib”


Elşad Miri: "Azərbaycanda necə gəldi başdaşının qoyulmasının qarşısını almaq üçün standartın gündəmə gətirilməsi təqdirəlayiq haldır”

Məzarlıqlarla bağlı qanun layihəsi artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində hazırlanıb, sənədə Nazirlər Kabinetində baxılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib ki, "Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsinə baxılır və müzakirə olunur. Nazirlər Kabineti bunu ayrıca qərar və yaxud qanun kimi də verə bilər.

İdarəçilik məsələsinə də toxunan Komitə sədri deyib ki, qanun layihəsində bu məsələnin yerli icra strukturları və bələdiyyələrin ixtiyarına verilməsi nəzərdə tutulub. Qurum rəsmisinin sözlərinə görə, qəbiristanlıqla yaşayış məskəni arasında məsafə minimum 100 metr olmalıdır. Eyni zamanda məzarlıqlarda dəfn mərasimləri ilə bağlı məsələ də orada xüsusi qeyd olunur. Həmçinin M.Qurbanlı qəbirlərin hasarlanmasının, ayrıca dəmir çubuqlarla dövrəyə alınmasına da icazə verilməyəcəyini nəzərə çatdırıb. Komitə sədri onu da deyib ki, dində qəbirlərin itməsi öz əksini tapıb.

Uzun illərdir bu mövzudan ən çox yazan və danışan fikir adamlarından biri, sosioloq Əhməd Qəşəmoğlu da son günlər bu istiqamətdə atılan addımları yüksək qiymətləndirir: "Hansısa bir problemi təkcə inzibati yolla həll eləmək mümkün olmur. Həmin problemin həlli istiqamətində ağlabatan bir ideya tapanda, onun həm inzibati tərəfini həll eləmək lazımdır, həm də bu sahədə maarifləndirmə işi gücləndirilməlidir. Hesab edirəm ki, qəbir daşları ilə bağlı Komitənin müəyyənləşdirdiyi meyarlar məntiqlidir. Düzdür, dünyasını dəyişən insanları hörmətlə yola salmaq lazımdır, amma təəssüf ki, bizdə böyük əksəriyyət bu hörmətlə yola salmanı maddiyyatla bağlayırlar. Bu məsələlər islam dinində də aydın əks olunub. Təəssüf ki, indiyəcən bu şərtlərin özü bir sıra hallarda yaddan çıxır və meşşanlıq, harınlıq önə keçirdi. Belə bir vəziyyətin yaranmasında əsas səbəb xalqın qəlbinin həssaslığından sui-istifadə edən "yas mafiyası”nın fəaliyyəti idi. Nəticədə, islamın tələbləri, xalqın min illik adət-ənənələri bir yanda qalır, ortaya yeni adətlər çıxırdı. İnsanlar arasında meşşancasına yarış mexanizmi yaranmışdı. Rəhmətə gedənə dəbdəbəli yas mərasimi, bahalı başdaşı qoymaq kimi lazımsız adətlər kök salmışdı. Buradan isə həmin yas mafiyası böyük maddi qazanc əldə edirdi. Qəbiristanlıqlarda qəbir yerləri günü-gündən bahalaşır, qəbir üstü götürmək, ehsan vermək insanlara ciddi maddi zərbələr vururdu. Deyək ki, bəzi imkanlı, meşşan adamlar bundan zövq ala bilər, amma yoxsul adam üçün bu mərasimlər əzab-əziyyətə, ciddi maddi çətinliyə səbəb olur”.

Sosioloqun sözlərinə görə, irəli sürülən ideya sağlam olduğu üçün effekt vermə ehtimalı da yüksəkdir: "İdeya sağlam olmayanda, atılan bütün addımlar boşa çıxır və heç bir effekt vermir. Dini İşlər üzrə Dövlət Komitəsi sağlam bir ideya tapıb və işin inzibati tərəfini də həll edib. Ancaq bu istiqamətdə maarifləndirici tədbirlər də xüsusi əhəmiyyət kəsb edir. Əgər bər-bəzəkli qəbir daşlarının, dəbdəbəli dəfn mərasimlərinin aradan qaldırılması işində din xadimləri aidiyyəti qurumlara dəstək verəcəksə, görülən iş də effekt verəcək. Əks təqdirdə, atılan bütün addımlar fiaskoya uğrayacaq”.

Mərasim evlərinin az qala şadlıq evlərindən də çox pul qazanmağa başladığını deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, öz biznesini dəfn mərasimləri, qəbir daşları üzərində quran sahibkarların müqavimət göstərəcəyi istisna deyil: "Hesab edirəm ki, həmin insanlar arasında da maarifləndirici müzakirələr keçirib, bu işin dinimizin tələbi olduğunu izah etmək lazımdır”.

Məzarlıqla bağlı hazırlanan qanun layihəsinə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri də hesab edir ki, Azərbaycanda necə gəldi başdaşının qoyulmasının qarşısını almaq üçün standartın gündəmə gətirilməsi təqdirəlayiq haldır. Heç olmasa, qəbiristanlıqlar açıq hava muzeyi ab-havasından çıxarılar və insanların qəbiristanlığa gedəndə axirəti xatırlamalarına bir səbəb olar: "Məzarlıqlarla bağlı problemin aradan qaldırılması mənim həmişə arzuladığım məsələlərdən biri olub. Bu məsələnin nəhayət ki, gündəmə gətirilməsi və qanun çərçivəsində həllinə nail olunması təqdirəlayiq və dinimizə uyğundur. Hesab edirəm ki, qəbul olunacağı təqdirə bu qanun yeni ənənənin formalaşmasına səbəb olacaq. Ümid edirəm ki, aidiyyəti qurumların səfi ilə bu qanun öz təsdiqini tapacaq və daha geniş vüsət alacaq. Həmçinin də insanlar həyata keçirilən bu prosesləri düzgün qiymətləndirib, nəzərdə tutulan qaydalar çərçivəsində əməl edəcəklər”.

Onun fikrincə, məzarlıqlar haqqında hazırlanan qanun bəzi problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Ən azından qəbiristanlıqlar müəyyən formaya düşəcək: "Peyğəmbərimiz də vurğulayıb ki, qəbiristanlıqlar insanlara axirəti xatırladacaq şəkildə olmalıdır. Çünki bu halda məzarları ziyarət edib geri qayıdanlar digər insanlara qarşı xoş münasibət sərgiləyirlər”.

Layihədə heç birinə fərq qoyulmadan adi sinəüstü qəbir daşlarının müəyyən edilməsinə vətəndaşların reaksiyasına gəldikdə isə ilahiyyatçı-alim hesab edir ki, qanun qəbul olunduqdan sonra hər bir vətəndaş buna əməl etmək məcburiyyətindədir: "Amma bir məsələ var ki, islam dinində sinə daşı anlayışı yoxdur. Sadəcə, məzarın baş tərəfinə müəyyən ölçülü bir daş qoyulur və bununla da həmin yerin məzar olduğu bilinir, vəssalam, əlavə şeylərə ehtiyac görülmür. Yəni hündür başdaşı qoymaq və onun üzərinə ad-soyad yazmaq islam dininə sonradan daxil edilib.

Amma indi Azərbaycanda sinədaşı qoydurmayan insanlara çox nadir hallarda rast gəlmək olar. Odur ki, ilkin mərhələdə eyni ölçülü standartların sinə daşlarının qoyulması təqdirəlaiyq haldır. Yası düşən insanlar da baxacaq ki, ətrafındakı insanların sinə daşları eyni stildədir. O da məcbur qalıb, bu qayda-qanunlara əməl edəcək. Amma biri qara mərmər, biri qırmızı mərmərdən istifadə edəndə, bu da Braziliya mərmərinə üstünlük verəcək!”.

Qeyd edək ki, "Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsində diqqət çəkən müddəalardan biri də qərarın əvvəlki məzarlıqlara şamil edilmədən yeni salınacaq qəbiristanlıqlarda bu qaydaların tətbiq ediləcəyidir. E.Miri deyib ki, qanun köhnə məzarlıqlara şamil olunacağı halda mövcud qəbiristanlıqlar dağıdılmalı olacaq ki, bu isə ölkədə ciddi narazılıqlara gətirib çıxara bilər: "Azərbaycanda mövcud olan yanlış ənənəni aradan qaldırmaq üçün hardansa başlamaq lazımdır. Odur ki, bu qanun yeni nəsillər üçün bir başlanğıc rolunu oynaya bilər. Onsuz da bir neçə nəsil ötəndən sonra məzarlar unudulub gedir. Bu gün insanlar babasının, nənəsinin məzarını ildə neçə dəfə ziyarət edir ki?”

Qəbirlərin yerinin itməsi məsələsinə gəldikdə isə ilahiyyatçı deyib ki, hər şey qanunun icrasından asılı olacaq: "Əgər proses özünü doğruldarsa, bu məsələ də yavaş-yavaş öz həllini tapacaq. Üzərində dəbdəbəli başdaşı, sinə daşı olmayan qəbirlər onsuz da müəyyən müddətdən sonra itəcək”.

E.Miri onu da bildirdi ki, qəbiristanlıqlarda dəfn edilənlərlə bağlı qeydiyyat elə aparılmalıdır ki, hansısa qəbri axtararkən bütün məzarlığı gəzməyə ehtiyac qalmasın: "Dünyanın müxtəlif ölkələrində belə bir şey var. Onlar ilk növbədə hansısa ərazidə kimlərin dəfn olunduğu vaxtı qeyd edirlər. Səudiyyə Ərəbistanında illərdir mövcud olan Bəqi qəbiristanlığı var ki, ümrə, həcc və digər vaxtlarda orada vəfat edən insanları dəfn edirlər. Həmin vaxt dəfn edilənlərin qeydiyyatı aparılır. 7 və ya 10 il sonra oradakı qəbirlər yığılır və şəhərin kənarındakı ümumi bir ərazidə yenidən dəfn olunur. Ümumiyyətlə, qəbiristanlıqlara yanaşmamız dəyişilməlidir”.

Şəymən