Yaşayacağıq, görəcəyik...
İctimai yerlərdə siqaretin qadağan edilməsi cəmiyyətin də ürəyincədir, amma...
Uzun illərdir, gözümüzü yolda qoyan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi nəhayət ki, ötən həftə Milli Məclisin plenar iclasında ilk oxunuşda qəbul olunub. Bu isə o mənaya gəlir ki, siqaret qadağası, deyəsən, reallaşmağa yaxındır.
Layihə əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda), beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.
Layihə parlamentarilər tərəfindən qəbul olunsa da, cəmiyyətdə ciddi fikir ayrılıqları var. Sadəcə adi vətəndaşlar deyib, ictimaiyyət üzvlərinin belə bir qismi müəyyən olunmuş yerlərdə tütün məmulatlarının çəkilməsinə icazə verilməməsinin əleyhinə olduqlarını deyib. Digər qisim isə sözügedən qanun layihəsini dəstəkləyərək Avropa ölkələrində müxtəlif təcrübələri xatırladaraq qadağaların sərtləşdirilməsini də tövsiyə ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanaraq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 12-ci (Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği) maddəsində qeyd olunur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı, bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.
Bəs, narazılıqlar fonunda siqaretə qadağa ilə bağlı qanun özünü doğrulda biləcək?
Siqaretin tüstüsü də aktiv siqaret çəkənlərdən çox, çəkməyənlərə zərər verir
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu siqaretə qadağanı müsbət qarşılayır: "Mən hesab edirəm ki, ictimai yerlərdə siqaretin çəkilməsinə qadağanın qoyulması müsbət haldır. Ona görə də bununla bağlı hazırlanan qanun layihəsini alqışlayıram. Çünki biz aktiv siqaret çəkənlər yanımızda duran şəxsləri passiv siqaret çəkənlərə çeviririk. Siqaretin tüstüsü də aktiv siqaret çəkənlərdən çox, çəkməyənlərə zərər verir. Amma ictimai yerlərdə siqaret çəkənlərə qarşı böyük məbləğdə cərimələrin yazılması yaxşı deyil”.
Bu, uşaqların tərbiyəsi, ailənin qorunması üçün vacibdir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qanun layihəsinin qəbul olunmasının arzuolunan olduğunu deyib: "Amma təəssüf ki, qanunun icrası ilə bağlı birmənalı danışmaq mümkün deyil. Baxmayaraq, siqaretin çəkilməsi üçün müəyyən olunmuş yerlər var. Hətta restoran və kafelərdə xüsusi zallar yaradılıb. Siqaret çəkənlər xüsusi ayrılmış zalda əyləşə bilərlər. Orada da yaxşı havalandırma olmalıdır. Digər ölkələrdə qapalı yerlərdə siqaretin çəkilməsinə icazə verilmir. Bu, uşaqların tərbiyəsi, ailənin qorunması üçün vacibdir”.
Sanki bu, siqaret çəkənlərə qarşı təcavüzdür
"525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə siqaretin bəzi yerlərdə qadağan edilməsinə qarşı çıxanlardandır. Baş redaktor modern.az-a deyib ki, siqaret məsələsi dünyanın bir nömrəli problemi deyil: "Dünyada o qədər problemlər var ki! İndiki şəraitdə insanlar əsəb gərginliyi yaşamaqdadır. Hətta mənfi halların baş verdiyi məqamlarda həkimlər siqaretin insanı müəyyən mənada infarktdan, insultdan qoruduğunu bəyan edir. Hansısa məqamda pis hadisə barədə xəbər eşidəndə siqaret çəkmək hardasa əsəbləri sakitləşdirir. O baxımdan siqareti mənfi obrazda təqdim etmək doğru deyil. Amma qanunun qəbul olunması təbiidir. Bu, dünyanın bir çox ölkələrində də mövcuddur. Xüsusilə, uşaqların siqaret çəkməsi barədə daha diqqətli olmaqla yanaşı, ciddi addımlar atılmalıdır.
Siqaret çəkən insanlara bu formada təzyiq etmək olmaz. Hava limanında siqaret çəkmək üçün heç bir yer yoxdur. Ən azından bir küncdə də olsa, siqaretdən istifadə edənlər üçün şərait yaradılmalıdır. Təəssüf ki, Azərbaycanda belə bir sistem yoxdur. Bununla da siqaretdən istifadə edənlərin hüquqlarını məhdudlaşdırırlar. Sanki bu, siqaret çəkənlərə qarşı təcavüzdür. İnanıram ki, bir çox iaşə obyektlərinin, müəssisələrinin rəhbərləri siqaret çəkənlər üçün xüsusi yerlər ayıracaqlar”.
Buraxdığı zəhərli tüstü ilə başqalarını incidən mədəniyyətsiz və məsuliyyətsiz insanlara qarşı ciddi cərimələr tətbiq olunmalıdır
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə dünyada siqaret çəkməkdən daha axmaq bir işi təsəvvürünə belə gətirə bilmir: "Nəinki qapalı, hətta açıq ictimai yerlərdə də siqaret çəkməyi qadağan etmək lazımdır. Məsələn, avtobus dayanacaqlarında, açıq havadakı kütləvi tədbirlərdə və s. Siqaret çəkənlərə hər vasitə ilə başa salmaq lazımdır ki, onlar mənasız, gülünc, sarsaq bir işlə məşğul olmaqdan əlavə, başqa insanların həyatına və rahatlığına da qəsd edirlər. Şəxsən mən yanımda siqaret çəkiləndə çox pis oluram, onun tüstüsündən başım ağrıyır, iyi paltarıma hopduğu üçün çox narahat oluram. Buna görə də yanımda siqaret çəkiləndə sərt reaksiya verirəm. Bu qanunu çoxdan gözləyirdim və düşünürəm ki, hətta bir az da sərt olsa, daha yaxşı olardı. Azyaşlı uşağın, hamilə qadının yanında siqaret çəkmək üçün bütün baxımlardan insanlıqdan uzaq hərəkət və cinayətdir. Tutaq ki, dayanacaqda hamilə qadın var, hansısa heyvərə niyə onun yanında siqaret çəkməlidir? Buraxdığı zəhərli tüstü ilə başqalarını incidən mədəniyyətsiz və məsuliyyətsiz insanlara qarşı ciddi cərimələr tətbiq olunmalıdır. Polis yolu keçənləri tutub cərimə etdiyi kimi, onları da harada görsə, cərimələməlidir”.
Qapalı yerdə siqaret çəkməyin bir adı var, o da tərbiyəsizlik
"Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs də "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunmasının lehinə olduğunu deyib. Onun sözlərinə görə, qapalı yerdə siqaret çəkməyin bir adı var, o da tərbiyəsizlik: "Normal etik davranış qaydalarına sahib olan insan şadlıq evlərində, restoranlarda, ailəvi məclislərdə siqaret çəkməz. Xanım var, uşaq var demədən tüstünü camaatın üzünə üfürürlər. Sonra da deyirik, toylarda, restoranlarda niyə dava düşür? Özlərini cəmiyyət içərisində apara bilməyən insanlar kiminsə xanımının, uşağının yanında dayanmadan siqaret çəkəndə dava da düşəcək, qan da töküləcək. Azərbaycanda fəaliyyət göstərən restoranların əksəriyyətində siqaretlə bağlı heç bir məhdudiyyət yoxdur. İlk olaraq qadağalar bu obyektlərdən başlamalıdır. Ad çəkmirəm, reklam olmasın deyə, amma Bakıda fəaliyyət göstərən restoranlardan birində zallar iki yerə ayrılıb. Sağdakı zalda siqaret çəkmək sərbəstdir, amma soldakı zalda oturan adamlar üçün siqaret məhdudiyyəti var. Bu addımın kifayət qədər nümunəvi olduğunu düşünürəm. Restorana daxil olan müştərilərə əvvəlcədən məlumat verilir və onlar da öz seçimlərini edirlər. Şadlıq evlərində də məhdudiyyət qoyulmalıdır ki, siqaret çəkmək istəyən insanlar bəlli bir məkanda bu hüquqlarından istifadə edə bilər. Bu məsələ dünyanın bütün ölkələrində bu cür tənzimlənir”.
Q.Ağsəs hesab edir ki, ayaq yolunda siqaret çəkənlərə qarşı da ciddi sanksiyalar tətbiq edilməlidir.
Şairin sözlərinə görə, ən böyük rəzalətdən biri də siqaret kötüklərinin yerə atılmasıdır. "Dəmir yolu vağzalı ilə avtovağzalda vəziyyət çox pisdir. Küçələrdən heç danışmağa dəyməz. Hərəkətdə olan maşından belə küçəyə siqaret atırlar. Axı Bakı "küləklər şəhəri”dir. Niyə insanların həyatını təhlükəyə atırsınız? Təsəvvür edin, külək siqareti hansısa bir yanacaqdoldurma məntəqəsinə atsa, nə olar?”
Q.Ağsəs deyib ki, cəmiyyət hazır olsa da, olmasa da, qanun qəbul olunduğu təqdirdə hər bir vətəndaş onun aliliyini qorumaq məcburiyyətindədir: "Cərimə ödəmək üçün hamı siqaret qadağasına əməl edəcək. İndi ortada bir qanun olmadığı üçün edilən xəbərdarlıqlara məhəl qoyulmur, amma pul ödəməyin dərdindən hamı məcbur olacaq ki, siqaret üçün ayrılan xüsusi yerlərdən istifadə etsin. Elə məsələlər var ki, sırf tərbiyə məsələsi olduğu üçün qanun şərtdir. Ağlı, dərrakəsi yerində olan adamlar arasında təbliğat işləri aparmaq və onları düzgün yola istiqamətləndirmək kifayətdir, amma birdən elə adama rast gəlirsən ki, ona bir kitab moizə də oxusan, xeyri olmayacağını bilirsən”.
Əslində şəhərin mərkəzindəki bir çox məkanda siqaret üçün ayrıca yerlər ayrılıb, lakin...
Yazar Qan Turalı isə siqaret çəkməsinə rəğmən qadağaların olmasını vacib hesab edir:
"Əslində şəhərin mərkəzindəki bir çox məkanda siqaret üçün ayrıca yerlər ayrılıb, lakin mərkəzdən bir az kənarlaşan kimi bu məkanlar yoxa çıxır. Onlara necə nəzarət edəcəklər? Müştərilərin sayını azaltmazmı? Bilmirəm. Görəcəyik”.
Şəymən