Rusiya qaz təzyiqini artırsa, Ermənistan üçün İran və Azərbaycan aktuallaşacaq - ŞƏRH

  • Yekun sülh sazişi imzalanmasa belə, bu əlaqələrin, o cümlədən yanacaq tədarükünün davam etdirilməsi mümkündür

“Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün qışda ölkəyə qaz tədarükünü dayandıra bilər”. Bunu erməni politoloq Giorgi Tumasyan deyib.

Ekspert bildirib ki, Ermənistanda Rusiyaya bağlı müxalif siyasi qüvvələr bunun üçün çalışırlar: “Müxalifət vətəndaşların küçələrə çıxıb planlarını həyata keçirə bilmələri üçün pis yaşamalarını istəyir. Qışda qazı kəsmək də daxil olmaqla, hakimiyyət dəyişikliyinə nail olmaq üçün əllərindən gələni edən qüvvələr var”.

Tumasyan bu məsələdə Rusiyada yaşayan erməni biznesmen Samvel Karapetyanın da adını çəkib və onu Ermənistanın keçmiş rəhbərləri Serj Sərkisyan və Robert Köçəryanın siyasi xəttinin davamçısı kimi təqdim edib.

Politoloq Ermənistan Apostol Kilsəsindəki vəziyyətə də toxunaraq, mövcud problemin Katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması ilə həll edilə biləcəyini bildirib. Onun iddiasına görə, son parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasına verilən səslərin səbəblərindən biri də məhz kilsə rəhbərliyi ilə bağlı narazılıq olub.

Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a bildirib ki, Rusiya qazının kəsilməsi Ermənistan üçün enerji təminatı baxımından ciddi problemlər yarada bilər. Onun sözlərinə görə, Ermənistanın Rusiya qazına alternativ axtarmaq üçün bir neçə variantı var:

“Bu alternativlər sırasında Azərbaycan, Türkmənistan və hətta Türkiyənin adı çəkilir. Lakin bu mənbələrin Rusiya qazını hansı müddətdə və hansı həcmdə əvəz edə biləcəyi ayrıca məsələdir. Lakin hazırkı şəraitdə Ermənistan üçün ən real alternativ İrandır.

Burada həm mövcud infrastruktur, həm də iki ölkə arasındakı münasibətlər mühüm amildir. İran Ermənistanın enerji təminatı məsələsinin həllində əhəmiyyətli rol oynaya bilər. Sadəcə, İranın hazırda müharibə şəraitində olması vəziyyəti müəyyən qədər mürəkkəbləşdirir. Buna baxmayaraq, düşünürəm ki, cari dövrdə Rusiya qazını müəyyən qədər əvəz edə biləcək və Ermənistanın enerji təminatını qismən də olsa təmin edəcək ən real alternativ məhz İrandır”.

Ekspert deyib ki, Azərbaycan alternativi də bu variantlar arasında əsas istiqamətlərdən biridir:

“Bildiyimiz kimi, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri artıq başlayıb. Yekun sülh sazişi imzalanmasa belə, bu əlaqələrin, o cümlədən yanacaq tədarükünün davam etdirilməsi mümkündür. Qaz təminatı məsələsində də Azərbaycan Ermənistana dəstək verə bilər. Ermənistan rəsmiləri də zaman-zaman bu variantı gündəmə gətiriblər. Bu isə onu göstərir ki, məsələ müzakirə masasındadır və Azərbaycan Ermənistan üçün əsas alternativlərdən biri kimi nəzərdən keçirilir.

Azərbaycandan Ermənistana qaz tədarükü üçün müəyyən infrastrukturun mövcudluğu da məlumdur. Sadəcə, bu infrastruktur indiyədək həmin məqsədlə işlədilməyib və məsələnin texniki tərəflərinin həllinə ehtiyac var. Bu problemlər aradan qaldırılarsa, Azərbaycanın qaz tədarükü Ermənistanın enerji təminatının şaxələndirilməsinə və Rusiya qazından asılılığın azalmasına müəyyən töhfə verə bilər”.

A. Nərimanlı bildirib ki, Türkmənistan qazının Ermənistan üçün alternativ mənbə kimi istifadəsi infrastruktur baxımından daha mürəkkəbdir. Onun sözlərinə görə, Türkmənistan qazının Ermənistana çatdırılması üçün marşrut və infrastruktur məsələsində ciddi çətinliklər mövcuddur:

“Digər variant Azərbaycan qazının Türkiyə üzərindən Ermənistana nəql edilməsidir. Lakin bu istiqamətdə də müəyyən texniki məsələlərin həllinə ehtiyac var. Bu səbəbdən hesab edirəm ki, hazırkı şəraitdə Ermənistan üçün ən real variant İran qazının ölkəyə ötürülməsidir. İran bu məsələdə Ermənistana dəstək verə bilər. İrandan sonra isə texniki imkanlar və potensial baxımından Azərbaycan ikinci əsas alternativ kimi görünür. Düşünürəm ki, Ermənistan hakimiyyəti bu variantları nəzərdən keçirir. Rusiya təbii qaz kartından istifadə edəcəyi təqdirdə, İrəvan xüsusilə İran və Azərbaycan alternativlərini gündəmə gətirə bilər. Bu, Ermənistanın bütün enerji problemini həll etməyəcək. Lakin ən azı qarşıdakı qışı daha az itki ilə keçirmək və Rusiyanın qaz təzyiqinin mümkün təsirlərini azaltmaq üçün müəyyən imkanlar yarada bilər”.

Siyasi ekspert onu da deyib ki, Rusiyanın qaz təchizatını dayandırması Ermənistanın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərə və ölkədə hakimiyyətə qarşı narazılığı artıra bilər. Onun sözlərinə görə, əvvəllər Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi müxtəlif məhdudiyyətlər də ölkədə istehlakçı və istehsalçıların narazılığına səbəb olub:

“Qaz məsələsi daha strateji xarakter daşıyır. Əgər Rusiya həqiqətən belə bir addım atarsa, Ermənistan üçün ciddi problemlər yarana bilər. Lakin hesab etmirəm ki, bu, hakimiyyət dəyişikliyinə gətirib çıxarsın. Ermənistanın sosial-iqtisadi vəziyyətini və ölkədəki siyasi münasibətlər sistemini nəzərə alsaq, Rusiyanın mümkün addımına qarşı müəyyən sosial narazılıq yaransa belə, bunun hakimiyyəti dəyişdirəcək səviyyəyə çatacağı real görünmür. Ermənistan hakimiyyəti də belə bir ssenariyə qarşı müəyyən hazırlıqlar görür. Bu proses indi başlamayıb. İrəvan artıq uzun müddətdir Rusiya ilə qarşıdurma şəraitindədir və Moskvanın mümkün addımlarına qarşı alternativlər formalaşdırmağa çalışır.

Düşünürəm ki, qış aylarında Rusiya qaz məsələsində belə bir addım atarsa, Ermənistan üçün İran və Azərbaycan alternativləri aktuallaşa bilər. Bu mənbələr vasitəsilə ölkənin bütün enerji problemini həll etmək mümkün olmasa da, yaranacaq çətinliklərin müəyyən hissəsini kompensasiya etmək imkanları var”.