Yaşlı insanlar aldadılır, adlarına kreditlə əşya götürülür, sonra isə...




"İnsanlar bilməlidir ki, özləri üçün deyil, başqalarına kreditə əşya və s. götürəndə məsuliyyət onların üzərindədir”.

Bunu Sherg.az-a 54 yaşlı qadının qonşuları tərəfindən aldadılıb adına kredit götürülməsindən danışarkən vəkil İradə Cavadova deyib. O bildirib ki, həmin xanım zamin durubsa, onun adına kredit rəsmiləşdirilməyib:

"Xanım ora gedib, imzanı atıbsa, kredit onun adına götürülübsə, təbii ki, həmin krediti ödəməli olacaq. Ola bilməz ki, kiminsə şəxsiyyət vəsiqəsi ilə kredit götürülsün və həmin şəxsin xəbəri olmasın. Bu, qeyri-mümkündür.

Həmin qadının 54 yaşı var, ağlı, başı da yerindədir. Əgər kirayəşinlər onu mağazaya aparıb, kreditə telefon götürürsə, xanım nəyə qol çəkdiyinə necə diqqət etməyə bilər? Balaca uşaqdan danışmırıq axı, 54 yaşlı xanımdan danışırıq. Bu şəxs bilməlidir ki, kredit kimin adına götürülüb”.

Mağazada çalışan əməkdaşlar həmin qadına bu barədə xəbərdarlıq etməli olduğunu qeyd edən İ. Cavadovanın sözlərinə görə, alıcıya və ya zaminlərə prosedurlar izah olunmalıdır:

"Həmin xanıma deyilməlidir ki, sənin adına müqavilə imzalanır, krediti ödəməlisən, üzərinə məsuliyyət alırsan. Ola bilsin, kirayəşin və ya qonşu qeydiyyatı olmadığını, onun adından istifadə etmək istədiyini deyib. Amma o getməməli idi. Ən azından soruşmalı idi ki, özünü hansı məsuliyyət gözləyir.

Mağazaların əməkdaşları sözsüz ki, belə məsələlərdə bəzən maraqlı olurlar. Onlar malın satılmasını, kreditin baş tutmasını istəyirlər. Amma onlar da məsuliyyət daşıyırlar. Əgər mağaza əməkdaşlarının məsuliyyətsizliyi var idisə, xanım istehlakçı haqlarına və ya hüquq-mühafizə orqanlarına zəng vurmalıdır. Şikayətini bildirməlidir ki, mənimlə kredit müqaviləsi imzalanıb, məni heç nə ilə bağlı xəbərdar etmədilər. Müqavilənin necə imzalandığını dəqiqləşdirmək üçün mağazanın direktorunu çağıracaqlar. Adətən bu prosesləri ciddi mağazalarda videokameralar mühafizə edir. Bəzən mağazalarda belə qanunsuzluğa yol verirlər. Amma onun rəhbərliyinin cəzalandırılması üçün şikayətçi olmalıdır. Dəlillər ortaya qoyulduqdan sonra məsələ aydınlaşacaq”.

Qeyd edək ki, 54 yaşlı qadını qonşuları aldadıb adına kredit götürüblər. Hələ bu azmış kimi daha sonra krediti ödəməyib aradan çıxıblar. Biçarə qadını isə mağaza məhkəməyə verib, hər ay pensiyasının yarısını alırlar.

 Ayyət Əhməd