Yataqxana qoxusu...

Tələbə oğlanlar dolanmaq üçün marketlərdə işləyir
Tələbə vaxtı... Bu ifadəni işlədəndə hər bir insan həyatın ən gözəl illərini, qayğılarını, acılı-şirinli xatirələrini yadına salıb, kövrəlir. Bu səbəbdən, qeyri-ixtiyari küçədə, nəqliyyatda tələbə görəndə öz tələbəliyini xatırlayıb, o tələbəyə qayğı ilə yanaşanlar da az deyil. Çünki hamı bilir ki, tələbənin qayğıları, problemləri o qədərdir ki, hətta bu onları ali məktəb illərinin şirinliyini ürək dolusu yaşamaqdan da soyudur. Əsas da rayonlardan paytaxta təhsil almağa gələn, yaşamağa evi olmayan tələbələr daha çox əziyyət çəkir.
"Şərq” qəzetinin əməkdaşı kimi özüm də tələbə olduğumdan müşahidələrim tələbələri sınağa çəkən bu problemləri daha geniş araşdırmağıma təkan verdi.
Bəs başqa tələbələr? Rayonlardan gələn tələbələr qalmağa rahat yer tapa bilirlərmi, təhsil haqqı, yemək pulu, yol pulu kimi məsələlərin öhdəsindən necə gəlirlər?
Özümdən deyim. Əlbəttə, çoxlarımızın heç bir maddi qazancımız olmadığından xərclərimizi ödəmək valideynlərimizin üzərinə düşür. Verilən təqaüdlərlə isə nəinki bütün xərcləri, heç yarısını da qarşılamaq olmur. Nəzərə alsaq ki, əksəriyyət kirayədə qalmağa məcburdur, ən yüksək göstəricidə (əlaçı) təqaüd alan tələbə belə qiyməti 350-400 manat arasında dəyişən normal evlərin kirayələrini təqaüd hesabına ödəyə bilmir. Bir də düşünsək ki, bu tələbə ödənişli təhsil alır, bir ailədə 2 və daha artıq uşaq şəhərdə universitetdə oxuyur, onda vəziyyət daha çətinləşir. Oxuduğum üç il müddətində qohum evi, yataqxana da daxil olmaqla bir neçə mənzil dəyişmişəm. Hər birində də say çoxluğu ilə yaşamışıq - iki otaqlı 300 manatlıq mənzildə beş nəfər. Tək mən yox, rayondan gələn əksəriyyət tələbənin belə vəziyyətdə olduğu məlumdur. Hər dərs ilinin əvvəlində kirayə axtarmaq üçün paytaxta gələnlərin sayı artdığından kirayə mənzillərin qiymətində də istisnasız artım baş verir. Bir otaqlı mənzilləri 250-300, iki otaqlı mənzillər isə 300-400 manat arasında dəyişir. Tələbələrə bir qəpik belə güzəşt etməyə niyyəti olmayan "insaflı” ev sahibləri isə evdə yaranan problemləri də kirayəşinlərin üzərinə atmaqdan çəkinmirlər. Bəziləri bu kirayələrə gücü çatmadığından qohum evlərində və ya yataqxanalarda qalırlar.
Bəs universitetlərin yataqxanalarında vəziyyət necədir?
Əksəriyyətinin yataqxanalarında qaçqınların məskunlaşması ali məktəb tələbələrinə yer tapmaq baxımından ciddi çətinlik yaradırdı. Vəziyyəti yerindəcə öyrənmək üçün yollandığım, ölkənin seçilən ali təhsil müəssisələrindən olan, Dövlət İdarəçilik Akademiyasının yataqxanasında həmin vəziyyətlə qarşılaşdım. Yataqxanadakı vəziyyəti xəbər aldığım, başqa asan seçimi olmadığına görə vəziyyəti ilə barışmış kimi görünən 3-cü kurs tələbəsinin sözlərinə görə, şəraiti elə də ürəkaçan olmasa da, yataqxanada yaşayanlar biri-birlərinə hörmət etməyi bacarırlar. Adını çəkməyimizi istəməyən tələbə yataqxanada qaçqın ailələrin və əsasən oğlan tələbələrin yaşadığını təsdiqlədi. Qızların burda qalmamasının səbəbini isə o, yataqxananın şəraitinin, təmir vəziyyətinin zəif olması ilə əlaqələndirdi: "Binanın təhlükəsizliyi, daxili intizam qaydaları tam təmin olunsa da, burada oğlanlar və ailələr çox olduğuna görə ümumi hamam, mətbəx kimi otaqlardan istifadə, istilik sistemindəki problemlər qızlar üçün bir qədər çətinlik yaradır. Amma hazırda burada yaşayan tələbələrin yataqxanadan hər hansı bir şikayəti yoxdur, indiyə qədər də səs-küy və ya başqa məsələlərdə narazılıq yaşanmasının şahid olmamışıq”.
Özlərinin tələbə həyatının necə keçdiyini ümumi xərclərin, yemək, dərslik, geyim kimi problemlərinin öhdəsindən necə gəldiklərini də soruşdum. Məlum oldu ki, tələbə oğlanların çoxu dərsdən sonra müxtəlif işlərdə işləyərək öz xərclərini ödəməyə çalışırlar: "Bizə evdən pul göndərilir, lakin çoxumuzun ödənişsiz təhsil almasına baxmayaraq, gündəlik xərclərimizi ödəmək, valideynlərimizə kömək etmək üçün özümüzün də işləməyimizə ehtiyac yaranır. Gündəlik dərslər oğlanlara daha çox ofisiant, marketdə satıcı kimi işlərdə işləməyə imkan verir, lakin onların da gəliri o qədər yüksək deyil. Ümumən götürdükdə yataqxanada tamamilə pulsuz yaşadığımızdan bizim aylıq xərcimiz 200 manat dairəsində dəyişir. Tələbəliyi necə yaşamağımıza gəldikdə isə çətin də olsa maraqlıdır. Ən azından, yaxşı dostlar qazanmışıq və indi çəkdiyimiz çətinliklər bizim üçün bir həyat dərsinə çevrilib”.
Maraqlı cavabları ilə seçilən DİA tələbəsilə söhbətdən sonra bir də yataqxanada yaşayan qızdan tələbə həyatını öyrənmək ümidilə Bakı Dövlət Universitetinin yataqxanasına yollandım. Burada qızların başqa yataqxanalara nisbətən çox olduğunu bilirdim, elə buna görə də komendatdan icazə alıb qızların qaldığı dəhlizə qalxanda qarşılaşdığım tələbə ilə söhbət etdim. Ümumi binanın köhnə tikili olduğunu nəzərə alıb otaqların təmirli olub-olmadığını soruşduğum tələbə, normal təmirli otaqlarda qaldıqlarını dedi. BDU-nun 1-ci kursunda oxuyan tələbə qızın sözlərinə görə, yataqxanada ancaq tələbələr qalır və qaçqın ailələr tamamilə binadan köçürülüb: "Bina daimi su, işıq və qazla təmin olunub və yataqxana tamamilə pulsuzdur. Kənardan köhnə görünsə də, binanın otaqları normal vəziyyətdədir. Soyuducu, yataq, şkaf kimi lazımi əşyalarımız var. "Bir otaqda 3 qız qalırıq. Beşmərtəbəli binanın 4-5-ci mərtəbələri oğlanlar üçün ayrılıb, lakin çıxışları fərqlidir, yəni biz, ümumiyyətlə oğlanları görmürük. Təhlükəsizlik cəhətdən isə tam rahatçılıqdı, binada müəyyən giriş saatları qoyulub ki, qeyri-tələbələr və yad kimsə daxil ola bilməz. Ümumiyyətlə, indiyə qədər yataqxanadan narazılıq edən kiməsə rast gəlməmişəm”.
Bu iki universitetdəki vəziyyətlə tanış olduqdan sonra belə bir nəticəyə gəlmək olar ki, sayı kifayət qədər çox olan ali təhsil müəssisələrinin bu sahədə problemləri hələ də qalmaqdadır. Bir neçə universitetin yataqxanalarında vəziyyətin o birilərinə nisbətən normal olması problemin tam həlli demək deyil. Görünən nəticə odur ki, mövcud vəziyyətlə 100 mindən çox sayı olan tələbənin problemini həll etmək üçün əsaslı işlər aparılmalıdır. Təhsilin keyfiyyəti, həm də tələbənin şəraitindən də asılıdır. Tələbə üçün az məsrəfli qalacaq yerləri olmalıdır ki, əlavə xərclərdən azad olsun. Ümid edək ki, yaxın illərdə Bakıdakı universitetlər və dövlət yataqxana məsələlərinin həllinə daha çox diqqət ayıracaq və evsiz tələbələr bu problemdən azad olacaqlar.
Aysel Aslan