Dünyada xeyli alimlərimiz var ki, onlar haqqında bilgimiz yoxdur
AMEA-da xaricdəki alimlərimizlə bağlı elektron baza yaradılacağı haqqında xəbər çox ümidvericidir
Azərbaycan Milli Elmlər Akademiyasında xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin elektron bazası yaradılır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.
İ.Həbibbəyli bildirib ki, elektron bazanın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan Azərbaycan alimləri haqqında informasiyaların toplanmasıdır. Bazada alimlərin tərcümeyi-halları, elmi işləri haqqında məlumatlar öz əksini tapacaq:
"Həmin baza AMEA-nın müvafiq qurumlarına dünyanın müxtəlif ölkələrində çalışan tanınmış soydaşlarımızla əlaqə yaratmağa kömək edəcək. Digər tərəfdən, biz soydaşlarımızla birgə layihələr həyata keçirə biləcəyik. Onlar öz çalışdıqları ölkələrdə olan qrant proqramlarına, layihələrə Azərbaycanın elmi müəssisələrinin cəlb olunmasına kömək edə biləcəklər. Biz də Azərbaycanda soydaşlarımızın birgə fəaliyyət tələb olunan proqramlarda, layihələrdə iştirakına çalışacağıq. Bu, həm də elmi əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək”.
İ.Həbibbəyli bildirib ki, hazırda AMEA tərəfindən xaricdə fəaliyyət göstərən Azərbaycan alimlərinin sayı dəqiqləşdirilir.
İqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu ideyanı müsbət qiymətləndirdi. "Şərq”ə açıqlamasında alim bildirdi ki, adı möhtəşəm səslənən qurumlar yaradılır, lakin bəzən o qurumların fəaliyyəti heç də qənaətbəxş olmur. Halbuki hər bir yaxşı ideya, mükəmməl icra tələb edir:
- 1992-ci ildə parlamentdə "Humanitar tədqiqatlar və proqnozlaşdırma Mərkəzi” yaratmışdım. O zaman da mərkəzə elm adamları müraciət edirdi, layihələr təqdim edirdilər. Amma bizim bütün o layihələri maliyyələşdirmək, yardım göstərmək imkanımız yoxuydu. Mərkəzə müraciət edənlərdən çoxunun sonralar dünyanın müxtəlif ölkələrində çalışdıqlarını eşitdim. Bəzisinin xəbəri Argentinadan gəlirdi, bəzisinin İspaniyada, Almaniyada yaşadığını öyrənirdim. Dediyim odur ki, həqiqətən də dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən xeyli alimimiz var. Amma onlar haqqında heç bir bilgiyə sahib deyilik.
AMEA-da xaricdəki alimlərimizlə bağlı elektron baza yaradılacağı haqqında xəbər çox ümidvericidir. İdeya yaxşıdır. Amma qalır bu ideyanın tətbiqi. Elektron bazadan necə istifadə olunacaq, alimlərlə necə işləyəcəklər, vacib olan budur. Elmi müzakirələr açmaq, tələbə mübadiləsi aparmaq olar. Çox iş görmək olar. Mərhum Lütfi-zadənin Azərbaycana nə qədər köməyi dəydi. Rafiq Əliyev kimi alimimizə dayaq oldu, köməklik elədi. Başqa alimləri də Azərbaycan üçün gərəkli işlər görməyə cəlb etmək olar. Amma bu ideyanın uğuru, o alimlərlə işləyəcək qurumdakı adamların səviyyəsindən asılı olacaq. Alimlərin potensialından istifadə edə biləcəklərmi, bunu zaman göstərəcək.
Məlahət Rzayeva