“Əsəb və sinir sistemi üçün ən kritik dövr soyuq fəsillər deyil, əksinə, məhz yaz fəslidir”
Yayılan xəstəlik qrip deyil
Yaz aylarında allergik, həzm xəstəlikləri, virus, depressiya fəallaşır
“Əsəb və sinir sistemi üçün ən kritik dövr soyuq fəsillər deyil, əksinə, məhz yaz fəslidir”
“Əsəb və sinir sistemi üçün ən kritik dövr soyuq fəsillər deyil, əksinə, məhz yaz fəslidir”
Yazın gəlişi insan orqanizminə təsirsiz ötüşmür. Havanın qeyri-sabit keçməsi, temperaturun düşüb-qalxması, insanlarda təbiətdəki yeniləşmə ilə bağlı gözləntilərin güclənməsi istər-istəməz ovqata təsir edir. Eyni zamanda orqanizmdə müəyyən fiziki dəyişikliklər baş verir. Məhz bunun fonunda bir neçə gündür ki, əhali arasında yeni baş qaldıran virus mənşəli xəstəlikdən şikayətlənənlərin sayı sürətlə artmaqdadır.
İstər yaşlı, istər orta nəsil, istərsə də uşaqlar arasında yayılan xəstəlik özünü yüksək hərarət, öskürək, halsızlıq və kəskin baş ağrıları ilə büruzə verir. Poliklinikalarda da yeni yayılan virus mənşəli xəstəlikdən şikayətlənənlərin sayında artım, xüsusilə azyaşlı uşaqlar arasında xəstəliyə yoluxma hallarının sürətlə artması müşahidə olunur. Həkimlər azyaşlı uşaqları yeni virus mənşəli xəstəlikdən qorumağın vacibliyini, bu xəstəliyə yoluxmamaq üçün ictimai yerlərdə maska taxmağın önəmli olduğunu bildirir. Tibb eksperti, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında deyib ki, yaz aylarında insanlarda olan əksər xroniki xəstəliklər kəskinləşir. Soyuqdəymə, virus infeksiyaları, tənəffüs sistemi xəstəliklərinin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəifləmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir. Yazda allergik xəstəliklər də kəskinləşir. Bu xəstəlikləri olan insanların əvvəlcədən həkimlə məsləhətləşməsi və lazım olan müalicəni alması tövsiyə olunur: "Öskürək, asqıraq, qızdırma ilə müşahidə olunan xəstəliklər qripdir. Amma indi yayılan xəstəlik qrip deyil. Qrip 4 karantin infeksiyasından biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qripin göstəriciləri əks olunub. Qrip virusunun müəyyən dövrlərdə təhlükəli ştamları olub və bu da çoxlu insan tələfatı ilə nəticələnib. Bilirsiniz ki, iki ay bundan əvvələ qədər qonşu ölkələrdə yayılan "donuz qripi”nin qarşısını almaq üçün lazımi tədbirlər aparıldığı üçün virusu lokallaşdırmaq mümkün oldu. Ona görə də bu gün yayılan xəstəliyin həmin virusla heç bir əlaqəsi yoxdur”. Professorun sözlərinə görə, hər il yaz fəslində infeksiyalar fəallaşır və bu xəstəliyin geniş yayılması da bununla bağlıdır: "Qış fəslindən yaz fəslinə keçid mərhələsində bütün xəstəliklər üzə çıxır. Allergik, həzm xəstəlikləri, virus, depressiya fəallaşır. Bu günlərdə əhali arasında yayılan xəstəlik yuxarı tənəffüs yollarında olan mikroorqanizmlər soyuqdəymə və immun sisteminin zəifləməsi fonunda aktivləşir. Bəzən buna ümumi olaraq qrip deyirlər, halbuki bu paraqripdir. Paraqrip isə kəskin respirator xəstəlik kimi bülletenə yazılıb. Fəallaşan mikroorqanizmlər yoluxucu xarakter daşıdığı üçün insanlar arasında yayılır”. A.Qeybulla deyib ki, insanlar bu müddət ərzində sağlamlıqlarının daha çox qeydinə qalmalı, ictimai yerlərdə maska ilə gəzməli və immun sistemini möhkəmləndirən vitaminli qidalara üstünlük versinlər:
"Bu aylarda xüsusilə də hamilə qadınların və yaşlı insanların özlərini qoruması vacibdir. Çünki bəzi ürək-damar xəstəlikləri məhz bu aylara təsadüf edir. Ona görə də insanlar daha diqqətli olmalıdır. Digər allergik xəstələrdə ciddi problemlər əmələ gəlir ki, belə xəstələr əvvəlcədən müxtəlif müalicə kursu qəbul etməlidir”.
Həkimin sözlərinə görə, bu fəsildə xroniki mədə-bağırsaq sistemi xəstəlikləri də geniş vüsət alır. Xüsusilə bu, qastrit və 12 barmaq bağırsağın xorası xəstəliyi kimi xəstəliklərə aiddir: "Əsəb və sinir sistemi üçün ən kritik dövr soyuq fəsillər deyil, əksinə, məhz yaz fəslidir. Necə ki, qışın gəlişilə ağaclar yarpaqlarını tökür, eləcə də insan orqanizmində də bir sıra fizioloji və psixoloji proseslərin gedişatında dəyişikliklər baş verir. Ona görə də yazda hər bir şeyin təzədən başlanması əslində daha çox kimyəvi proseslərlə bağlı bir məsələdir. Bu dövrlərdə insanlar yaxşı qidalanmalı, tez-tez açıq havada olmalıdır. Yazda sağlam insanların əksəriyyətinin avitaminozdan əziyyət çəkdiyini nəzərə alsaq, o zaman həmin insanlar yarma, meyvə-tərəvəz, göyərti, balıq, ət, süd məhsulları ilə qidalanmalıdır. Kimyəvi qidalardan uzaq durmaq lazımdır. Artıq xəstəliyə yoluxan adamlar isə yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli, ehtiyac yarandığı halda həkimə müraciət etməli, mütəxəssislərin nəzarəti altında dərman preparatları qəbul etməlidir. Bilirsiniz ki, xəstəlik ağırlaşacağı halda ölümlə nəticələnə bilir. Buna görə də, insanlarımıza kifayət qədər ehtiyatlı olmağı məsləhət bilirəm. Kütləvi informasiya vasitələrində zəruri təbliğat aparılmalıdır ki, insanlar özlərini bu xəstəlikdən qoruya bilsinlər”.
Şəymən