“Yazdıqlarını həyatı ilə təsdiqləməyən heç bir şairə, yazıçıya inanmıram”

Aqşin Yenisey: “Mütaliədən gələn müəllif ancaq naşı oxucu üçün orijinal ola bilər, əsl orijinallıq kitabdan kitaba deyil, həyatdan kitaba gəlməkdir”“Ankarada bizdən üst mərtəbədə 98 yaşında tənha qadın yaşayır. Oğlu Şərq ölkələrində səfir olan o qadının hər gün öləcəyindən qorxuram”
"Bizdə müğənnilərə, rəqqasələrə xərclənən pul burada kitablara xərclənir. Ancaq potensiala gəlincə, Türkiyə Qara Qarayev, Arif Məlikov kimi bəstəkarları heç 50 il sonra da yetişdirə bilməz”
Siz Ankarada bizim Bakıda, yaxud Moskvada tez-tez rast gəldiyimiz içib öz faciəsini həyat
tərzinə çevirmiş küçə insanlarına rast gələ bilməzsiniz. Belə adamlar burada cəmiyyətdən
gizlənirlər, ədəbiyyat üçün əlçatmaz olurlar
Atalar yaxşı deyib: "Söz vaxtına çəkər”. İki il bundan əvvəl yaz aylarında şair Aqşin Yeniseyin Türkiyəyə köçməsi barədə söz-söhbət yayılmışdı. Kimisi onun müvəqqəti getdiyini, kimisi də birdəfəlik ölkəni tərk etdiyini deyirdi. İctimaiyyəti bu çək-çevirdən qurtarmaq üçün şairlə əlaqə saxlayıb, onun qardaş ölkəyə köç etməsinin gerçək səbəbləri ilə maraqlandıq və qaneedici cavabları söz-söhbətlərə birdəfəlik son qoydu. Şair azı 5 il Ankarada yaşayacaqdı. Aradan qosqoca 2 il keçib və bu zaman kəsiyində şair cəmi bir dəfə, o da bir neçə günlüyə Azərbaycana qayıtmışdı. Bu səbəbdən də onunla yenidən əlaqə saxlayıb, səhhətində, həyatında, yaradıcılığında nə kimi yeniliklər olduğunu soruşduq.
- Səhhətiniz necədir? Türkiyədə yenə müayinə olunursunuz?
- Sovet şairləri kimi səhhətimdən danışmağı sevmirəm. Ona görə ümumi cavab verəcəyəm. İndi yoqa kimi ağrını xoşbəxtliyə çevirməklə məşğulam, yoqa sükunəti seçmişdi, mən isə Ankarada "Qurtuluş” parkında günaşırı altı kilometr yeriyirəm. Yazıçı ilə yoqa arasında bənzərliyin olduğunu da yeriyə-yeriyə kəşf etmişəm. Yoqa əzabı xeyirxahlığa çevirdiyi kimi, yazıçı da həyatda gördüyü, yaşadığı bütün eybəcərlikləri canına hopdurub maraqlı əhvalatlara çevirir, bir növ, zibillikdə eşələnən zibilyığanlar kimi yararsızları yığıb yararlı olana çevirir. Yoqa diriykən ölə bilmək sənəti olduğu kimi, yazıçılıq da yaşaya-yaşaya heçkimləşə bilmək sənətidir. İnsanlar yaşanmış və işlənmiş şeylərdən üz çevirirlər, yazıçılar isə həyatı ikinci əldən yaşayanlardır. Mən indi öz həyatımın "Second Hand”ini yaşayıram, köhnəliyimin azadlığından zövq alıram. Daha qırışmaq qorxum yoxdur. Ütünün həyatımda heç bir əhəmiyyəti qalmayıb.
- İki ildən artıqdır Türkiyəyə köçmüsünüz? Oradakı həyat tərzinə tam uyğunlaşa bilmisiniz, yoxsa Ankarada da azərbaycansayağı yaşayırsınız?
- Türkiyədə iki Azərbaycan var, ateist və dindar Azərbaycan, baş qaldıran və itaət edən Azərbaycan, içən və namaz qılan Azərbaycan, inanan və inanmayan Azərbaycan. Özünə uyğununu seçə bilərsən, amma sərhədləri pozmamaq şərtilə. Burada ideologiyaları yuxarılar yox, aşağılar diqtə edir. Məsələn, bizim əvvəl yaşadığımız məhəllədə daha çox dinə meyilli insanlar məskunlaşmışdı, ancaq məhəllənin ortasında havaya atəş açan da çox idi, ev oğurluğu da. Yolun bu biri üzünə köçdük, burada hər səhər təzə qəzetləri mənzillərin qapısına gətirirlər, çünki yolun bu biri üzündə hamı qəzet oxuyur. Ziddiyyətlərin bu qədər iç-içə, yan-yana olduğu bir ölkədir Türkiyə. Mən hələ ki, gələcəkdə Türkiyədəki günlər haqqında yazacağım romanın qeydlərini götürürəm və istəmirəm ki, bu qeydlər kitablardan, jurnallardan çırpışdırılmış, redaktəyə uğramış Türkiyə olsun. Məişətimiz isə azərbaycansayağı olaraq davam edir.
- Bakıya gəlmişdiniz bir müddət əvvəl. Darıxmışdınız?
- Yox, birdən Bakıya getmək istədim və çıxıb getdim. Mənim həmişə ehtiyatda özümə aid bir macəra yaşamaq haqqım olur, o haqqı nə vaxt, harda, necə istifadə edəcəyimi qabaqcadan heç özüm də bilmirəm.
- Türkiyəyə köçəndən yeni şeirlərinizi görmürük. Heç kitab çıxarmaq barədə planınız olduğuna da toxunmursunuz. Ancaq köşə yazılarınızı oxuyuruq. Şeirdən küsmüsünüz? Ya yazırsınız, paylaşmırsınız?
- Burda tələbə bir dostum var, o da şairdir, Elcan Bayram, onunla birlikdə keçən bu bir il ərzində mənim bir kitablıq şeirlərimi türkcəyə çevirdik, bəzi şeirlər var ki, türkcə yazmışam. Kitablaşdırmaq mərhələsində maraqlı bir mənzərənin şahidi oldum. Üz tutduğum iki yayın evi qapının ağzındaca şeir kitabları çap etmədiklərini söylədi. Elmi-kütləvi ədəbiyyata daha çox üstünlük verirlər ki, bu da Türkiyə, Azərbaycan, Pakistan kimi ölkələr üçün çox vacibdir. Salman Rüşdi yazır ki, keçən əsrin 60-cı illərində bütün dünya gəncliyi daha çox azadlıq üçün küçələrə axışdığı bir zamanda pakistanlı tələbələr dövlətdən daha çox qadağaların gətirilməsini tələb etmək üçün İslamabadı dağıdırdılar. Siyasilər həmişə gəncliyi şeirlə yoldan çıxarırlar, ona görə mən şairliyimi müvəqqəti olaraq, məşhur ifadə ilə desək, dondurmuşam.
- Tərcümələriniz, köşələriniz Türkiyə mətbuatında dərc olunur, yoxsa sadəcə Azərbaycan saytlarına göndərirsiniz?
- Türkiyədə bir neçə dəfə dərgilərdə çap olunmuşam, ancaq inanın ki, o dərgilərin heç birini əldə etmək, şəklini çəkib paylaşmaq həvəsim olmayıb. Çünki yaşım dərgidə, jurnalda çap olunmaq yaşı deyil. Bu yaxınlarda türk yazar, Azərbaycanda da ədəbi çevrədə yaxşı tanınan İmdat Avşar bəyə bir şeirimi göndərmişdim, "Türk ədəbiyyatı” jurnalında çap etdi. Son illər 3 irihəcmli kitab üzərində işləyirəm. Onlardan biri artıq bitib və ilk fəslini oxuyan bir dostum bu kitabın rus dilinə tərcümə olunmasını təkid etdi, tərcümə xərclərini də öz üzərinə götürdü. Kitab indi tərcümədədir. Yəqin ki, payızda Azərbaycan dilində də çap olunacaq. Həm də bu işdən mənə pul qalmadığı və mənim də artıq quru şöhrət xəstəliyindən qurtulduğum üçün çap olunmaq, oxucuların görüşünə tələsmək kimi dərdim yoxdur. Türkiyədə isə bu il hazırladığım şeirlər kitabını nəşr etmək istəyirəm.
- Türkiyədəki ümumi-siyasi vəziyyətlə maraqlanırsınızmı? Burada deyirlər, Türkiyə özünü uçuruma aparır. Ərdoğanın ərəb sevgisi güclü dövlətləri Türkiyəyə düşmən edəcək? Orada nə danışırlar?
- Türkiyədə milyonlarla Atatürk olduğu kimi, milyonlarla da Ərdoğan var və atatürklərin ən yaxşısı Atatürk olduğu kimi, ərdoğanların da ən yaxşısı Ərdoğandır. Atatürklər və Ərdoğanlar biri-birlərini çox az faizlə üstələyirlər burda. Türkiyədə demokratiya ənənələri artıq ailədaxili münasibətlərə qədər hopub, ona görə burada totalitarizmə ancaq xalqın yarısını ölkədən sürgün etməklə nail olmaq olar. Bunu isə heç bir lider bacarmaz. Ərdoğan səsi xalqın aşağı təbəqələrindən alır. O təbəqələrdən ki, onlar heç vaxt dünyəvi Türkiyəyə səs verməyiblər. Türkiyə onlar üçün bir müsəlman ölkəsidir. Bizə elə gəlir ki, burada xalqın inanclı kəsimi hökumətin yaradıcılığıdır. Elə deyil, burada xalqın böyük bir hissəsi Atatürkçü dünyəviliyi qəbul etmir, onlar üçün vətənpərvərlik millətçiliklə islamın vəhdətindən ibarətdir. Türklər bu vəhdətin hesabına imperiyalar qura biliblər. Dünya bu vəhdətin imperialist gücündən qorxur.
- Yayda erkən seçkilər olacaq. Siz kimin mövqeyini dəstəkləyirsiniz?
- Mən, əlbəttə ki, Atatürkçüyəm. Atatürk Stalinin, Hitlerin, Mussolunun müasiridir, ancaq öz müasirlərindən fərqli olaraq ölkəsində diktatura, totalitar sistem yaratmadı, parlamentar Türkiyə qurdu. Atatürk bu gün Türkiyənin dövlət mənəviyyatıdır. Hansı ki, bu mənəviyyat bugünki islam dövlətlərinin heç birində yoxdur. Bəzən deyirlər ki, islam ölkələri niyə geri qalır, əzilir? Bunun yeganə səbəbi bu ölkələrdə dövlət mənəviyyatının olmamasıdır. Mən bu mənəviyyatın tərəfindəyəm. Qərb dövlətləri ancaq bu mənəviyyatın hesabına inkişaf ediblər. Dövlət mənəviyyatı demişkən, bir nümunə danışım. Ankarada bizdən üst mərtəbədə 98 yaşlarında tənha bir qadın yaşayır. Hər gün gəlib bizim İgidayla oynayır. Oğlu Şərq ölkələrinin birində səfirdir. Mən hər gün o qadının öləcəyindən qorxuram, demişəm ki, özünü pis hiss etsə, yıxılıb eləsə, əsasını döşəməyə döyəcləsin. İndidən qapısını sındırmaq üçün bir balta da saplayıb əl altına qoymuşam. Evdə bişən Azərbaycan yeməklərindən ona da pay ayırırıq. Siz heç müasiri olduğumuz Azərbaycanda oğlu səfir olan və özü 98 yaşında tənha yaşayan bir ana təsəvvür edə bilirsinizmi? Bu ana Atatürk yadigarıdır. Atatürk də Türkiyə uğrunda cəbhədən-cəbhəyə qaçanda anasından xəbəri yox idi.
- Türkiyənin ədəbi mühitini necə görürsünüz? Oradakı ədəbi birliklər, dərgilərlə tanış olmusunuzmu?
- Burada sənət və milli burjua arasında sıx əlaqələr mövcuddur. Türk sənətçilərinin, yazarlarının bizdən üstün tərəfi budur. Bizdə müğənnilərə, rəqqasələrə xərclənən pul burada kitablara xərclənir. Ancaq potensiala gəlincə, Türkiyə Qara Qarayev, Arif Məlikov kimi bəstəkarları heç 50 il sonra da yetişdirə bilməz. Ədəbi mənzərəni daha çox jurnallardan izləyirəm. Maraqlı jurnallar saysız-hesabsızdır. Bakıda isə demək olar ki, ədəbiyyat jurnalı yoxdur, yalnız Yazıçılar Birliyinin jurnallarıdır ki, orada da ədəbiyyat yoxdur. Türkiyədə ədəbi mənzərə o qədər rəngarəngdir ki, oturub kitab yazmaq olar. Məsələn, "Düşünbil” adlı bir jurnal var, hər nömrəsi bir məşhur fikir adamına həsr olunur. Yaxud "Doğu-Batı” jurnalı var, hər nömrəsi bir mövzuya həsr olunur və bu mövzuya hərs olunmuş bütün dünya bilgilərini əhatə edir.
- Ankara ilə Bakının kültür və məişət həyatını necə müqayisə edərdiniz?
- İzlədiyim qədəriylə Bakıda indi demək olar ki, kültür həyatı yoxdur, yaradıcı adamlar ancaq rəhmətlikləri yola salmaq üçün bir yerə yığışırlar. Hər yer məişət həyatından ibarətdir. Hətta kitab təqdimatları da qohum-əqrəbanın yığışdığı sünnət toylarına oxşayır. Ankarada, sadəcə, bir kitab dükanına girmək yetər ki, nə qədər insanın yaradıcılıqla nəfəs aldığını görəsən. Hələ Ankara inzibati mərkəz kimi tanınır, Türkiyədə kültür aləmi İstanbulda qaynayır. Mən Azərbaycan şair və yazıçılarını daha çox Türkiyədə keçirilən ədəbi tədbirlərdə görürəm, nəinki Azərbaycanda.
- Aqşin bəy, burada olanda ətrafınızda ancaq şair, yazar dostlarınızı görürdük. Bir-birinin evinə getmələr, kafelərə, ədəbi məclislərə yığışıb ədəbiyyat müzakirəsi aparırdınız. Ankarada gününüz necə keçir?
- Ankarada daha çox həkimlərlə görüşürük, mən ədəbiyyatdan danışıram, onlar isə tibb aləmində baş verənlərdən. Türkiyədə bizim Bakıdakı ədəbi məclislərimizi reallaşdırmaq çox baha başa gələr. Bir şüşə ən ucuz içki burda bizim pulla 50-70 manatdır. Burada ədəbi məclislər çox praktik ovqatda keçir. İnsanlar niyyətlərini ayıq sifətlərin arxasında rahat gizləyə bilirlər. Ona görə türk ədəbiyyatı, məsələn, rus ədəbiyyatı qədər insanın içini yaza bilmir, texniki təsir bağışlayır. Təfəkkürün dini yapısı türk yazarını istər-istəməz göyə dartır. Məsələn, müasir türk kinosu fransız realizmindən təsirləndiyi filmlərdə mən deyənə yaxınlaşa bilirlər. Türk oxucular da bunu bilir, ona görə burada rus ədəbiyyatına böyük heyranlıq var. İçki kəlməsini boşuna yazmadım, içki insanda ikiləşmə, üçləşmə yaradır. Siz türk ədəbiyyatında Dostoyevskinin qəhrəmanlarına xas olan ikiləşməni, üçləşməni görə bilməzsiniz, bunu bəzi türk aydınları özləri də etiraf edir. İçki daxili ziddiyyətlərin üzə çıxmasını şiddətləndirir.
Məsələn, bizim rəhmətlik Elçin Səlcuq türk ədəbi mühitində olsaydı, indi çoxdan ədəbi qəhrəmana çevrilmişdi. Siz Ankarada bizim Bakıda, yaxud Moskvada tez-tez rast gəldiyimiz içib öz faciəsini həyat tərzinə çevirmiş küçə insanlarına rast gələ bilməzsiniz. Belə adamlar burada cəmiyyətdən gizlənirlər, ədəbiyyat üçün əlçatmaz olurlar. Cəmiyyət özü ədəbiyyata qəhrəman vermək istəmir. Məsələn, arvadından boşanandan sonra içib küçələrdə yatmaq varkən, türk kişisi keçmiş karısını öldürüb həbsxanada yatmağı üstün bilir. Bu seçimə onu cəmiyyət vadar edir. Türk yazarlar şablonları deformasiyaya uğradaraq ədəbiyyat düzəltməklə məşğuldur. Yəni ədəbiyyat üçün cəmiyyətdə xammal azdır.
- Sizin nəsildən fərqli olaraq gənc yazarları heç bir yerə yığışan görmürük. İndi ancaq ədəbiyyat feysbukdan ibarətdir. Müzakirələr "comment”lərdə aparılır. Bu, zamanın tələbidir, yoxsa ədəbiyyata maraq ölüb?
- Bizim ədəbi nəsil müharibə dövründə böyümüşdü, indikilər atəşkəsdən əmələ gələnlərdir. Seymur Baycan, Şərif Ağayar, Günel Mövlud qaçqın idi. Mən universitetdə oxuduğum illərdə kasıblıq ucbatından evimizdə itkin düşmüş elan edilmişdim. Bakıda zirzəmisində içmədiyim, yatmadığım bina qalmamışdı. Seymur Baycanın nəyi vardısa, əynində gəzdirirdi. Elə bil, ürəyinə dammışdı ki, onu Bakıdan da qovacaqlar. Şərif Ağayar içəndə hamını erməni görürdü və yaşamadığı uşaqlığının intiqamını almaq üçün hamı ilə dalaşırdı. Günel Mövlud həmişə canını qoymağa yer axtarırdı. Ədəbiyyatı belə duyğular yaradır. İndiki gənclər həyatdan qaçırlar, həm də elə bir həyatdan ki, orada onları heç bir təhlükə gözləmir. Məncə, onlar ədəbiyyatdan əvvəl özlərinə ədəbi material verən həyat yaratmalıdırlar. Bu yaxınlarda qışda uçquna düşən gənc alpinistlərin meyiti tapıldı, onların yerinə olmalı və ölməli olan gənc şairlər sosial şəbəkələrdə ağlaşırdılar.
- Hətta kitab təqdimatlarına belə ancaq dost-tanış gedir? O da xahiş- minnətlə...
Təqdimatları "dost- tanış” məclisindən uzaqlaşdırmaq üçün nə etmək lazımdır?
- Belə tədbirlər özünü ədəbiyyatla aldadan adamların oylağıdır. Onlarla işiniz olmasın. Ümumiyyətlə, ədəbiyyat və təqdimat eyni adamın işi deyil.
- Hazırda üzərində işlədiyiniz bir əsər varmı?
- Yuxarıda bu barədə bir az danışdıq. 1994-cü ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Son güllələnən, səhv etmirəmsə, 13 dustaq arasında iki qardaş da olub və onlar kameradan çıxmadıqları üçün elə kameradaca güllələniblər. Bu hadisədən yola çıxaraq onların kamerada keçirdikləri və ölüm hökmünün icrasını gözlədikləri günlər haqqında bir roman yazmışam. Sözsüz ki, yazdıqlarım onlara aid deyil, mənə bu hadisənin, sadəcə, tarixi lazım idi. Hələ ki, "Tarix və Tale” adının üstündə dayanmışam. İkinci bir kitabım sufilər haqqındadır, daha çox mənbələrə istinad etdiyim üçün ona hələ bir xeyli zaman ayırmalıyam. Üçüncü kitab isə qaraciyər serrozu ilə üz-üzə qaldığım günlərdə gördüyüm halüssinasiyalar haqqındadır. Çox əyləncəli kitab olacaq.
- Kimləri oxuyursunuz, yeni yazarlardan? İstedadlı gənclər var, yoxsa baş qatırlar?
- İstedadlı gənclərimiz var, ancaq bayaq dediyim kimi, istedadlarına uyğun həyat tərzi seçmədikləri üçün yaza bilmirlər, yaşamaqdan qorxurlar, ailələrindən qorxurlar, adlarına söz çıxacağından qorxurlar, əxlaq kölələridirlər, tərbiyəlidirlər, namusludurlar, ismətlidirlər, çoxlu şəkil çəkdirirlər. Şairə, yazıçıya lazım olmayan hər şeyi özlərinə rəva görürlər. Təsəvvür edin, müasir gənc şairimiz haqqında film çəkmək istəsən, şairə aid bircə detal tapa bilməzsən. Fahişədən yazırlar, amma özləri oğraşlıq edə bilmirlər, tuman altından ədəbiyyat yaradırlar. Şairi yaşamaqdan qorxan vətənin oxucusu da ölümdən qorxar. Mən yazdıqlarını həyatı ilə təsdiqləməyən heç bir şairə, yazıçıya inanmıram. Ona görə də müasir ədəbiyyatımızı, bir-iki müəllifi çıxmaqla, cəfəngiyat hesab edirəm. Mütaliədən gələn müəllif ancaq naşı oxucu üçün orijinal ola bilər, əsl orijinallıq kitabdan kitaba deyil, həyatdan kitaba gəlməkdir. Borxes kitablarla həyatını məhv etmişdi, barı kitabı belə oxuyalar. Gənclərin arasında həyatı dərindən hiss edən Mövlud Mövlud vardı, o da öz yolundan sapdığı üçün istedadı onu cəzalandırdı. Ədəbiyyatın ruhu onu küçələrdə içib yatanda qoruyurdu, o isə gərdəyə tələsdi və küçələrdə onu qoruyan gərdəkdə qorumadı.
- Dünya ədəbiyyatından kimləri oxuyursunuz? Türkiyəyə köçəndən baxış bucağınız dəyişməyib ki?
- Türkiyədə "Ağır kitablar” deyə bir tərcümə seriyası var. Bu seriyadan çap olunan kitabları oxuyuram. Hazırda fransalı psixososioloq Yucin Enrikesin "Sürüdən dövlətə” və amerikalı sosioloq Riçard Sennettin "İctimai İnsanın çöküşü” kitablarını oxuyuram. Bu seriyadan olan kitabların ən maraqlılarını alıb Azərbaycana da gətirmək istəyirəm. Təvəkkül Allaha.
- Aqşin bəy, siz Ankaraya təzə köçən vaxtlar müsahibə zamanı sizdən Rəsulzadənin məzarını ziyarət edib-etmədiyinizi soruşmuşdum. Demişdiniz bu barədə geniş reportajım olacaq. Amma deyəsən, yazası olmadınız?
- Demişəmsə, yazacağam. Bu cür yazılar, mənə görə, jurnalist qələmi ilə "oldu-bitdi” üslubunda yazılmamalıdır. Rəsulzadənin qəbri bizim Ankaradakı kirayə qaldığımız evdən piyada 15 dəqiqəlik məsafədədir. İstəsəm, hər gün gedib basməmmədi bir yazı yazar və bir şəkil çəkdirib paylaşaram. Ancaq mən o qəbirdən elə bir yazı çıxarmaq istəyirəm ki, onu Türkiyədəki günlər haqqında qeydlərini apardığım kitaba da sala bilim. Rəsulzadə mənə görə artıq ədəbiyyat mövzusudur və onu yazmaq üçün ömür xərcləməlisən.
- Cümhuriyyətin 100 iliyinə az qalıb. Türkiyədə də tədbirlər keçiriləcək. İştirak edəcəksinizmi?
- Belə tədbirlərin öz həmişəyaşıl adamları var. İkincisi, özünü aydın hesab edən şəxs vətənin xeyrinin yox, faciələrinin yanında olmalıdır, həm də tək-tənha. Bu cür çörək, karyera qoxusu gələn tədbirlər mənlik deyil və sağ olsunlar ki, heç vaxt da dəvət etmirlər.
- Ümumiyyətlə, 100 illiklə bağlı nəsə yazmaq planınız varmı?
- Gündəm quşu olmağı bacarmıram. Cümhuriyyət anlayışımız haqqında daha qalıcı bir əsər yazmağı düşünürəm. Həm də artıq çoxlarının, xüsusilə gənc nəslin tanımadığı, bu gün xatırlamadığı, Boraltan körpüsündə İsmət İnönünün cıxılmazlığı, Stalinin pantürkizm xofunun gözü qarşısında rus əsgərlərinin sırayla diz çökdürüb güllələdiyi 147 nəfər Azərbaycan aydını haqqında. Bu hadisə Türkiyə və Azərbaycan tarixində üzqızardıcı bir tarix olduğu üçün hər iki ölkədə üstündən sükutla keçirlər. Bir az araşdırdım, bir-iki mənbədən başqa heç nə tapmadım. Amma israrlıyam, o tarixi hadisəni ədəbiyyata çevirəcəyəm bir gün. O qanı torpağa hopub unudulmağa qoymayacağam.
Şəymən