Azərbaycan ilə Meksika arasında iqtisadi-ticarət, mədəni-humanitar, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Teleqraf-ın Şuşaya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ölkələr arasında coğrafi məsafə ikitərəfli münasibətlərin inkişafı üçün maneə deyil:
“Hər iki dövlətin əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdirilməsi ilə bağlı qətiyyəti var”.
O vurğulayıb ki, iqtisadi-ticarət və investisiya sahələrində aidiyyəti qurumlar arasında təmaslar aparılır və mövcud potensialın reallaşdırılması üçün ciddi imkanlar mövcuddur.
Prezidentin köməkçisi Meksikanın Latın Amerikası regionunda dinamik inkişaf edən, mühüm iqtisadi göstəricilərə malik dövlətlərdən biri olduğunu qeyd edib.
O, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.