Yazıqlar olsun!
Kılıçdaroğlunun deputatı 1 dəqiqəlik “erməniləşdi”
Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında arzuolunmaz hadisə yaşanıb. Sessiyada söz alan erməni millət vəkillərindən biri "Osmanlının soyqırım törətdiyini” iddia edərək zaldakılardan qurbanların bir dəqiqəlik yad edilməsini istəyib. Erməni millət vəkilinin bu istəyi zaldakı deputatların əksəriyyəti tərəfindən qəbul edilib.
Ancaq əsl şok yaradan məqam ondan ibarətdir ki, digər ölkələrin nümayəndələri ilə yanaşı, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputat Gülsüm Bilgehan Toker ilə Xalqların Demokratik Partiyasından olan Nəzmi Gur da ayağa qalxıblar.
Türkiyə mediasının yazdığına görə, bu xəyanətə Azərbaycandan olan millət vəkilləri "sizə söyənləri alqışlayırsınızmı?” deyərək sərt reaksiya veriblər.
Sessiyada iştirak edən CHP-li millət vəkili, partiyanın keçmiş başqanı Dəniz Baykal isə ayağa qalxmayıb. Həmçinin, hakim AKP və MHP-nin nümayəndələri də azərbaycanlı deputatlarla birgə həmrəylik nümayiş etdiriblər.
Hadisəni qınayan Türkiyə mediası Strasburqda baş verənləri şok adlandırıb. "Sabah.com.tr” saytı türkiyəli parlamentarilərin addımını xəyanət kimi dəyərləndirib. Azərbaycan ictimaiyyətinin nümayəndələri də türkiyəli deputatların bir dəqiqəlik "erməniləşməsinə” sərt münasibət bildiriblər.
Sessiyada iştirak edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa baş verənlərlə bağlı fikirlərini belə bəyan edib:
"Ümumiyyətlə, burdakı Türkiyə parlamentarilərinin ermənilərin həyasızcasına ittihamları qarşısında susqun vəziyyəti acınacaqlı bir haldır. Türkiyədən olan deputatlar erməni parlamentarilərin təklifi ilə AŞ PA prezidenti Anna Brösserin soyqırım qurbanlarının sükutla yad edilməsi çağırışına fəxrlə ayağa qalxdılar. Ancaq bizimlə yanaşı, bir çox türk millət vəkili etiraz əlaməti olaraq ayağa qalxmadı. CHP-li xanım İnönünün nəvəsidir. Qısacası, bu platformada da ermənilərə uduzuldu”.
Millət vəkili Fərəc Quliyev də Türkiyəli deputatların çox yanlış hərəkət etdiklərini söyləyib: "Azərbaycan nümayəndə heyətinin onlara irad tutması düzgün addım idi. Belə məsələlərdə istənilən siyasi ştrix böyük bir mənfi nəticə verə bilər. Bilmirəm, hansı səbəblərdən həmin deputat ayağa qalxıb, amma fikrimcə, bu məsələnin üzərindən səssiz keçmək, onu malalamaq olmaz”.
BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli təəssüflə bildirib ki, son dövrlər Türkiyənin siyasi səhnəsində göz önündə olan qüvvələrin mənəvi dəyərlərə sayğısı xeyli azalıb: "Xüsusilə Cümhuriyyət Xalq Partiyasında ideoloji prinsiplər və hakimiyyət həvəsi ön plana keçdiyi üçün onlar ən prinsipial məsələlərdə belə hakimiyyət maraqlarını təmin etməyə çalışırlar. Kamal Kılıçdaroğlu CHP-nin başına gəldikdən sonra əfsuslar olsun ki, CHP-nin siyasi xəttində Atatürkdən gələn bir çox önəmli və milli məqamlar sıradan çıxıb. Eyni zamanda mötədil solçuluğu da daha çox radikal sol düşüncə əvəz edib. Həmin qüvvələr üçün milli dəyərlərin heç bir önəmi yoxdur. Bu baxımdan mən CHP-li deputatın o cür davranmağına təəccüblənmədim. Hətta MHP-li millət vəkillərindən də buna bənzər davranış görsəm, yenə təəccüblənmərəm. Əgər bir ölkənin baş naziri türkləri ən ağır cinayətdə suçlayan ermənilərə başsağlığı verirsə, digər siyasi partiya funksionerlərindən fərqli bir şey gözləməyə dəyməz”.
Hazırda Türkiyədə yaşayan tanınmış jurnalist Sevil Nuriyeva da baş verənlərlə bağlı narazılığını ifadə edib: "Avropa Parlamentində Türkiyəyə dəstək verən Azərbaycan millət vəkillərini ayaqüstə alqışlayıram. CHP və HDP-li vəkillərə isə yazıqlar olsun. İqtidarla seçimdə mübarizə apara bilməyib çarəni Osmanlı düşmənçiliyi üçün erməni dəstəkləməkdə görən bu CHP zehniyyətini Azərbaycanda hələ də dəstəkləyənlər var. Buna təəccüb və ikrahla baxmamaq əldə deyil”.
"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, araşdırmaçı-jurnalist Anar Turan yaşananlara hiddətlənib: "CHP-li millət vəkilinin AŞ PA-nın iclasında ayağa qalxaraq qondarma erməni soyqırımında ölənlərin ruhunu yad etməsi mənə mərhum başbuğ Alparslan Türkeşin sözünü xatırlatdı: "CHP Atatürkün yolundan sapmasaydı, mən MHP-ni qurmazdım. Bu sözlər indiki durumda necə də yerində görünür”.
"Gün.az” saytının parlament müxbiri Kamil Həmzəoğlu da türk vəkilləri qınayıb: "HDP-li şərəfsizi başa düşdük, bəs, sizə nə oldu, sizi necə başa düşək, ay CHP-li Gülsüm Bigehan xanım?! CHP digər iki partiya ilə ortaq sənəd imzalayır, erməni "soyqırımı” deyənləri haqlı olaraq qınayır, lənətləyir, amma siz Türkiyənin və Azərbaycanın qanına susamış ermənilərin sıralarında yer alır, onlar üçün ayağa qalxırsınız, bu, nə dərəcədə məntiqli və əxlaqidir?! Axı, siz İsmət İnönünün nəvəsisiniz!”.
"Gündəlik Teleqraf” qəzetinin redaktoru Dilqəm Əhməd iki deputatın Türkiyə adına utanc yaşatdığını deyib: "Türkiyə dövlətçiliyinə "barış, demokratiya” şüarları ilə qarşı çıxan, bəzi hallarda PKK-lı terrorçularla qucaqlaşıb öpüşən kürd deputatlar hər fürsətdəcə yaşadıqları ölkəyə zərbə vurmağa adətkar olublar. Bəzi deputatlar isə birbaşa Abdullah Öcalanın sözçülüyünü edir, onun mesajlarını mitinqlərdə kütləyə oxuyur. Lakin CHP-li deputatın "soyqırım” sükutuna ayağa qalxmasını qınamamaq mümkün deyil. Parisdə beynəlxalq münasibətləri bitirən Gülsün Bilgehan 2011-ci ildə Ankaradan millət vəkili seçilib. AŞ PA və Fransa dövləti tərəfindən yüksək səviyyəli mükafatlar alıb, yazdığı əsərlər rezonans doğurub. İlk dəfə 2002-ci ildə CHP-dən deputat seçilib. Dünən isə xanım deputat ən oxunaqlı qəzetlərinin internet səhifələrində bu mükafatlarına görə deyil, xəyanətinə görə gündəmə gəldi. Əgər məsələ bu və ya digər şəkildə ölən şəxslərin xatirəsinə sayğı idisə, bu deputat elə uzun illər partiyaya rəhbərlik edən, orada olduğu halda ayağa qalxmayan Dəniz Baykaldan daha peşəkar, daha nəzakətli biri deyildi ki?!”.
Jurnalistin fikrincə, AKP və MHP-li vəkillərin də ayağa qalxmadığı halda CHP-li deputatın bunu etməsi həm də partiyanın onsuz da düşən nüfuzuna zərbə vurmuş oldu: "Artıq əminliklə demək olar ki, iyulun 7-də Türkiyədə keçiriləcək seçkilərdə CHP qalib gəlməyəcək. Qalibiyyət yenə də AKP-nin olacaq. Yeri gəlmişkən, deputatlarımızın bu hadisəyə sərt etiraz etməsi "soyqırım” məsələsində Azərbaycan tərəfinin daha həssas olduğunu göstərdi”.
İsmayıl