Həmsədrlərin fəallığı yalnız sülhün davam etməsinə hesablanır
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun həmsədrləri may-iyun aylarında regiona səfər etməyi planlaşdırırlar. Bu barədə qurumun rusiyalı həmsədri İqor Popov məlumat verib. Həmsədr sonuncu dəfə fevral ayında bölgəyə səfər etdiklərini xatırladıb:
"May-iyun aylarında yenidən regiona səfər etməyi nəzərdə tutmuşuq. Bunun üçün gələn ay bir araya gələrək səfərimizin vaxtını müzakirə edəcəyik. Hələlik, səfərin konkret vaxtı təyin olunmayıb”. Bundan başqa, diplomat Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması üzərində çalışdıqlarını deyib: "Əlbəttə ki, prezidentlərin görüşünü keçirməyi planlaşdırırıq. Bundan əvvəl isə xarici işlər nazirlərinin görüşünü keçirib, prezidentlərin danışıqlarına hazırlıq məsələlərini müzakirə etməliyik. Bütün bunları həmsədrlər gələn ay bir araya gələrək müzakirəyə çıxaracaq”. İ.Popov son vaxtlar bölgədə artan gərginliyi də şərh edib. Onun sözlərinə görə, həmsədr ölkələr təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır: "Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırırıq”.
Həmsədrin bəyanatını şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri "Şərq”ə deyib ki, qlobal və regional səviyyədə geosiyasi vəziyyət dəyişməz qalır. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dair də hansısa müsbət irəliləyişlər hiss olunmur: "Bu görüş yalnız atəşkəsin təmin olunması məqsədi daşıyır. Bundan sonra da sülhün davam etməsinə hesablanıb. Çünki son günlər cəbhədə ciddi fəallaşma müşahidə olunur. Bu aktivlik nəticəsində düşmən ölkə ordusu ağır itkilər verib. Əlbəttə, bu hal Ermənistanı və havadarlarını narahat etməyə bilməz. Dağlıq Qarabağ savaşı aktiv fazaya keçsə, bu, təkcə Azərbaycan-Ermənistan deyil, bütövlükdə regionu ağuşuna ala biləcək bir savaşa çevrilə bilər. Düşünürəm ki, hərbi əməliyyatların və təxribatların qarşısını almağa yönəlik danışıqlar təşkil edrilər”.
Prezidentlərin növbəti görüşünə gəlincə, ekspert söyləyib ki, hər dəfə ölkə başçılarının görüşündən sonra cəbhədə bir neçə ay nisbi sakitlik hökm sürür: "Bu görüş və danışıqlardan da ciddi dəyişikliklər gözləmə dəyməz. Baxın, Qərb-Rusiya qarşıdurması davam edir. Yaxın Şərqdə də proses getdikcə təhlükəli hal almağa başlayıb. Qarşıdurma varsa, inanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunsun”.
Ayyət Əhməd