Nazirlərin Paris görüşündə yenə nəticə olmayacaq
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır. Bu barədə məlumat verən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, bu gün Parisdə həmsədrlərlə keçirilən görüşdə danışıqların növbəti mərhələsinə start verilməsi gözlənilir:
"Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”. Ancaq nazir bəyan edib ki, Ermənistan tərəfi müəyyən bəhanələr gətirərək görüşlərdən boyun qaçırır: "Artıq aprel ayı qurtarır. Bu gün Parisdə həmsədrlərlə görüşəcəyik, hansı planları quracağımızı müzakirə edəcəyik. İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan nəticəsiz danışıqlara münasibət bildirən politoloq Həsrət Rüstəmov deyib ki, dünyadakı bütün dondurulmuş münaqişələr çox ciddi problemlər hesab olunur. O cümlədən də Dağlıq Qarabağ məsələsi: "Əgər kimsə, düşünürsə ki, münaqişəni asanlıqla və qısa müddətdə həll edəcək çox yanılır. Konkret ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar isə ümumiyyətlə heç vaxt ümid yaratmayıb. İstənilən mərhələdə, hətta proses təzə başlayanda belə siyasilər münaqişənin həllində müsbət nəticənin əldə olunacağına inanmayıblar”. Politoloqun fikrincə, Azərbaycan-Ermənistan XİN rəhbərləri, həmçinin, ölkə başçıları arasında keçirilən görüşlərin əhəmiyyətsiz hala gəlməsinin əsas səbəbi rəsmi İrəvan və onun arxasında duran həmsədr ölkələrdir. Xüsusən də Rusiya: "Bunu çəkinmədən demək lazımdır. Dağlıq Qarabağ münaqişəsinin əsas koordinatoru rəsmi Moskvadır. Nə qədər ki, böyük dövlətlər Cənubi Qafqaz regionunda öz geopolitik maraqlarını təmin etməyiblər, Qarabağ probleminin həllindən danışmaq yersizdir”.
H.Rüstəmovun sözlərinə görə, qalan digər məsələlər, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə aparılan danışıqlar, müşahidə missiyasının regiona səfərləri, XİN rəhbərlərinin nəticəsiz görüşünün təşkil edilməsi, sadəcə prosesin dayanmadığını nümayiş etdirmək üçün atılan addımlardır: "Brejnevin "qatarı silkələyin” lətifəsində olduğu kimi ictimai rəyə hesablanmış aldadıcı siyasi oyunlara əl atılır. Əslində isə danışıqların Minsk Qrupu çərçivəsində real nəticə verəcəyi gözlənilmir.
Münaqişənin həllində yeganə variant böyük dövlətlərin, o cümlədən üçlüyə daxil olan həmsədr ölkələrin Ermənistana ciddi təzyiq göstərməsi, onları işğal altındakı ərazilərimizdən çıxmağa məcbur etməsidir. Azərbaycan edə biləcəyi iş yalnız Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, yəni Azərbaycan vətəndaşı olan ermənilərə beynəlxalq hüquq qarşısında bütün hüquqlarının qorunacağına dair qarantiya verməkdir. Vəssalam”.
İsmayıl