Yenə vətəndaşlar incidiləcək

“Parabank”ın kredit təşkilatına çevrilməsi vaxt uzatmaqdan başqa bir şey deyil


Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib. Palatadan verilən məlumata görə, iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş "Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası, müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-a çevrilməsinə dair razılıq verilib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, "Parabank” ASC-nin bank olmayan kredit təşkilatının transformasiyası vaxtı uzatmaqdan başqa bir işə yaramayacaq: "BOKT-lara depozit qəbul eləməyə icazə verilməsə də, kreditləşməsinə icazə verilir. Hesab edirəm ki, depozit imkanı olmayan bir qurumun kreditlə məşğul olması üçün ya təsisçiləri vəsait qoymalıdır, yaxud da BOKT-a çevrilən qurum xarici və ya daxili donorlardan uzunmüddətli kredit əldə etməklə bazarda iştirakçı ola bilər”.

N.Cəfərli güman etmir ki, "Parabank”ın bugünə qədər verdiyi kreditlərin geri qaytarılmasında özü iştirakçı olmağa və onları toplamağa çalışacaq: "Bunun üçün "Parabank”ın bu günə qədərki fəaliyyəti ilə bağlı normal audit qiymətləndirməsi olmalı, problemlər və onların həlli yolları araşdırılmalı idi. İndiki halda isə sadəcə BOKT-a çevrilməklə "Parabank”ın bazarda qalması gələcəkdə daha böyük problemlər yarada bilər. Nəticədə isə "Parabank” bütün problemləri

krediti olan müştərilərin üzərinə yükləməyə çalışacaq. Yəni özünün idarəetmədə, kredit və ya risk menecmetində buraxdığı səhvlərdən nəticə çıxarmadığı üçün hər şey vətəndaşlar üzərində fokuslanacaq. Əgər proseslər bu istiqamətdə davam edəcəksə, müsbətə doğru dəyişən bir şey olmayacaq. Yox əgər "Parabank” idarəetmədəki yanlışlıqları aradan qaldıraraq, kredit və risk menecmentliyi düzgün quraraq hər hansı bir əməliyyatlar həyata keçirəcəksə, bu adla bazarda qalmasının heç bir ziyanı olmayacaq”.

Şəymən