Yeni dövr başlayır

Azərbaycan İran məhsullarının Avropaya çıxarılması üçün bir tranzit ölkə rolunu oynaya bilər




"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün çox əhəmiyyətlidir”. Bunu politoloq Tofiq Abbasov söyləyib. Ekspert bildirib ki, indiki İranda prezident və ona tabe olan hökumət özünütəcrid siyasəti yeritmir:

"Nahaq yerə Qərb İranla münasibətlərini normallaşdırmağa can atmır. İran böyük potensiala malik məmləkət olduğundan xarici tərəfdaşlıqda perspektivli subyekt sayılır. İndi bir çox ölkələr tələsirlər ki, İranla saziş və çoxtərəfli müqavilələr bağlasınlar. Bu sırada Azərbaycanın nəinki imkanları, hətta imtiyazları var. Birincisi burda qonşuluq amili böyük rol oynayacaq. Digər tərəfdən bənzərliklər işin xeyrinə işləyəcək. Yəni, iki ölkə enerji daşıyıcıları bazarında fəal mövqelərə malikdir. Böyük kommunikasiya infrastrukturunun inkişafı baxımından yeni perspektivlər mövcuddur. Birgə layihələrin işlənməsi üçün münbit şərait var. Nəqliyyat, turizm, texnologiyalar sektorlarında da müştərək layihələr üçün vəziyyət əlverişlidir. İmzalanan sənədlərdən ən vacibi maliyyə və bank sektoruna aiddir. Bu, ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Zənn eləməyə dəyər ki, iki ölkə ən yaxın zamanda münasibətlərini yeni keyfiyyət mərhələsinə çıxara biləcək”. Politoloq Arzu Nağıyev də deyib ki, İranla Azərbaycanın müttəfiqliyi strateji tərəfdaşlıq səviyyəsinə çata bilər. Politoloqun sözlərinə görə, atom enerjisi ilə bağlı İran üzərindən sanksiyaların götürülməsi Azərbaycan və İran arasında əməkdaşlıq üçün yeni bir mərhələ açır: "Bu əməkdaşlıq neft-qaz, nəqliyyat, gömrük, səhiyyə və digər sektorlara aid edilir. Bundan başqa, Azərbaycan İran məhsullarının Avropaya çıxarılması üçün bir tranzit ölkə rolunu oynaya bilər. İran həm Qərbə, həm də Şərqə görə, Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bunlar eyni zamanda siyasi amillərdir. İran tərəfinin açıqlamaları göstərir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və təhlükəsizlik sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verirlər”. A.Nağıyev əlavə edib ki, hər iki dövlət Xəzərin dostluq və əməkdaşlıq dənizi olmasını arzulayır: "Dini baxımdan da, yaxınlığımız olduğunu vurğulayan dövlət başçıları Suriyada vəziyyətin normallaşmasını dəstəkləyirlər. Sülhün bərqərər olmasının hər iki dövlət üçün vacib olduğunu bəyan edirlər. Ən vacib məsələ, məhz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və bu yolun istifadəyə verilməsi istiqamətində atılan addımdır. Məlumdur ki, Ermənistan illərdir bu layihəni həyata keçirmək istəsə də, öz istəklərinə nail ola bilməyib. Bu, Azərbaycanın bir qələbəsi kimi qiymətləndirilə bilər. Çünki yolun istifadəyə verilməsi qitələrin birləşməsi deməkdir”. Millət vəkili Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin İrana son səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələr səhnəsində yeni dövrün başlanğıcı sayılır: "Tərəflər arasında imzalanan sənədlər iki ölkənin mühüm sahələrlə bağlı əməkdaşlıqlarını əhatə edir və əlaqələrin daha artıq möhkəmləndirilməsi üçün etibarlı baza sayılır. İran yenidən dünya bazarlarına qayıdır. Azərbaycan İranın Avropa və dünya bazarına çıxışı üçün bir körpü rolunu oynaya bilər. Bu, hər iki ölkə üçün son dərəcə faydalı bir əməkdaşlıq olacaq. İran-Azərbaycan əlaqələri, sadəcə iki ölkə üçün deyil, bütün region üçün faydalıdır.

İsmayıl