"Yeni hökumətdə səriştəli və istedadlı şəxslərin təyinatına start verilib" -Deputat






"Azərbaycanda iqtisadi və siyasi sahədə islahatlar paralel şəkildə həyata keçirilir”.

Bu barədə "Sherg.az”a yeni hökumətin formalaşması ilə bağlı atılan adddımlardan danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib. 

O qeyd edib ki, indiyə qədər ölkədə infrastruktur layihələrinə daha böyük diqqət ayrılırdı:

"Bunlar çox uzun vaxt və enerji tələb edən məsələlər olsa da, geniş işlər görüldü. Artıq Prezident İlham Əliyev çıxışında da vurğuladı ki, Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Qarşımızda kadr islahatları, sosial sferada diqqətin cəmlənməsi kimi perspektivlər dayanır. Xüsusilə, idarəetmə sistemində islahatların həyata keçirilməsinə ölkə başçısı önəm verir. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, idarəetmədə mövcud olan paralelliklər, bir-birini təkrarlayan qurumların ləğvi kimi problemlər Azərbaycanın hazırkı inkişaf mərhələsində daha çox diqqət tələb edir”.

Prezident İlham Əliyev inauqurasiya prosesindən dərhal sonra yeni hökumətin formalaşması ilə bağlı addımlar atdığını xatırladan deputat vurğulayıb ki, istedadlı, səriştəli şəxslərin dövlət idarəçilik sistemində yüksək vəzifələrə təyinatına start verilib:

"Baş nazir postuna təyin olunan Novruz Məmmədovun da Azərbaycan siyasi həyatında müsbət imici var. Dövlətə, dövlətçiliyə sədaqəti ilə seçilən, peşəkar insandır. Hazırkı islahatların fonunda bu iki önəmli cəhətə diqqət edilir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdi ki, artıq dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, kadr islahatları ilə əlaqədar məsələlər xüsusi önəm kəsb edir. Bundan sonra siyasi, idarəetmə sferasında dinamika daha da yüksələcək. 

Çünki ölkə başçısı özü dinamik şəxsiyyətdir və siyasətini də bu şəkildə qurur. Prezidentin atdığı addımlar cəmiyyətdə də müsbət qarşılanır və böyük ruh yüksəkliyi yaradır”.

Aysel Aslan