Yeni mərhələ başlayır

İranla Azərbaycan arasında ziddiyyətlər əməkdaşlıqla əvəzləndi
İki dövlət tarixi razılaşmalara imza atdılar


İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm hərbi, həm də siyasi münasibətlərin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan səfər çərçivəsində əldə edilən ikitərəfli mühüm razılaşmalar əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi qiymətləndirilir. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsi sayıla bilər. Təkcə dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib. Məhz bu kimi mühüm faktorlar ölkələrimiz arasındakı münbit tərəfdaşlıq münasibətlərini önə çəkir. İctimaiyyət nümayəndələri də hesab edirlər ki, Həsən Ruhaninin ölkəmizə səfəri iki ölkə arasında əlaqələri daha da gücləndirəcək, regionda sabitliyi möhkəmləndirmək məqsədilə mövcud problemlərin həllinə yardım edəcək.

Müsəlman ölkə olan İran Azərbaycanın həm qonşusu, həm də yaxın müttəfiqidir. Müəyyən amillərdən dolayı işğalçı Ermənistanla əlaqələri olsa da, rəsmi Tehran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Azərbaycana ziyan vuran münasibətlərə yol verməyib. Ruhaninin Bakı səfəri də göstərir ki, İran tərəfi Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir. Şübhəsiz ki, dövlət başçılarının səmimi görüşündən və imzalanan mühüm anlaşmalardan sonra tərəflər arasındakı ziddiyyətli məqamlar da tamamilə aradan qalxacaq.

Hər iki dövlət fayda görəcək

İki ölkə arasında imzalanan sənədlər içərisində Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişi göstərə bilərik. Bütün bunlar tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilir. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Artıq əminliklə demək mümkündür ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək və bu kimi layihələr hər iki dövlətə və xalqa fayda gətirəcək. Digər önəmli məqam isə odur ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynayacaq. Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu da aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Layihə İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsi üçün halqa rolunu oynayacaq. İlk mərhələdə "Şimal-Cənub” dəhlizi ilə ildə 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yük nəql etmək planlaşdırılır. Yüklər Hindistan ərazisindən, sonra Fars körfəzi, İran, Azərbaycan və Rusiyadan keçməklə Şimali Avropaya cəmi 14 günə çatacaq”.

"Ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir”

Ruhaninin səfərində əhəmiyyətli məqamlardan biri də İranın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. İran İslam Respublikasının prezidenti Bakı səfərindəki çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin konkret mövqeyini bəyan edib və beynəlxalq prinsiplərin məsələnin həlli üçün alət kimi istifadə edilməsinin vacibliyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi siyasi danışıqlar yolu ilə həll edilməlidir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün əsas alətə çevrilməlidir”. Həsən Ruhaninin Bakıya rəsmi səfəri çərçivəsində İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşməklə yanaşı, yaxın gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyini proqnozlaşdırır.

"Azərbaycan-İran əlaqələri dünya üçün böyük əhəmiyyətə malikdir”

Azərbaycan Prezidenti İlham Əliyev də iranlı həmkarının Bakıya səfərini və imzalanan anlaşmaları çox müsbət dəyərləndirib. Dövlət başçısı qətiyyətlə bəyan edib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir: "Keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində 11 dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir, çünki xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb, yaradıblar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir. Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik. İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region və hətta dünya üçün böyük əhəmiyyətə malikdir”.
Prezident Həsən Ruhani də öz növbəsində İran-Azərbaycan əlaqələrinin bütün region və dünya üçün faydalı olduğunu bildirib: "Xalqlarımızın dini, tarixi və adət-ənənələri olduqca biri-birinə yaxındır. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq, həmçinin, müştərək fəaliyyətimiz bütün regionun xeyrinədir. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır”.

"Bakı dəmir yolu ilə öz neft-kimya və aqrar-sənaye məhsullarının daşınmasını həyata keçirəcək”

Rusiya Elmlər Akademiyasının əməkdaşı, politoloq Aleksandr Karavaev "Nezavisimaya qazeta”ya bildirib ki, Bakı və Tehran aralarındakı problemləri sürətli şəkildə həll ediblər. Onun sözlərinə görə, son iki ildə Azərbaycan və İranın münasibətlərində intensiv dinamika, ticarət-iqtisadi münasibətlərin inkişafı müşahidə olunur: "Buna imkan yaradan iki faktor var: İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi və Kremlin İranla infrastruktur layihələrinin inkişafına göstərdiyi xüsusi diqqət. İndidən inkişaf dəhlizi adlandırılan "Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi münasibətlərin inkişafında daha böyük rol oynayacaq. Moskva, Bakı və Tehranın düşüncəsinə görə, həmin dəhlizin ətrafında yeni sənaye və logistika mərkəzləri yaranacaq”. Ekspert nəşrə açıqlamasında deyib ki, Bakı və Tehran sakit şəkildə istədiklərinə nail olurlar: "Bir müddət əvvəl Pekin Tehranı Həmədan və Sanandajla birləşdirən dəmir yolu xəttinin çəkilməsi üçün 845 milyon dollar ayırmağa razılıq verib. Bakı və Tehran Moskva ilə birlikdə Hindistanı da bu dəhlizə cəlb etməyə çalışırlar. Doğrudur, ilk mərhələdə bu layihədən əldə olunacaq gəliri neft gəlirləri ilə müqayisə etmək mümkün deyil. Amma Azərbaycan üçün bu, böyük əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, nəqliyyat və anbar təsərrüfatının ÜDM-dəki payı 6,5 faiz təşkil edir. Tehran İran Astarasında olan yük stansiyası və terminalı 15 illiyinə Azərbaycana icarəyə verib. Əvəzində Bakı Rəşt-Astara dəmir yolunun çəkilişinin investoru kimi çıxış edəcək. Bakı dəmir yolu ilə öz neft-kimya və aqrar-sənaye məhsullarının daşınmasını həyata keçirməyi planlaşdırır. Yüklərin bir hissəsi Rusiyaya, digəri İran və Hindistana göndəriləcək”.

"Layihələr hər iki ölkə üçün unikal imkanlar yaradacaq”

Avrasiya Tədqiqat Mərkəzinin eksperti Şüeyb Bəhmən bildirib ki, Azərbaycan hazırda regional proseslərdə mühüm rol oynayır və region ölkələri arasında əlaqələndirici qismində çıxış edir. Azərbaycanın Qafqaz regionunda böyük geosiyasi əhəmiyyətini qeyd edən ekspert deyib ki, bu amil ölkənin daha güclü iqtisadi inkişafına xidmət edir: "Azərbaycanla İran arasındakı münasibətlərin perspektivi böyükdür. Bakı və Tehranın iqtisadi əməkdaşlığı genişləndirmək təşəbbüsü hər iki ölkədə iqtisadi vəziyyətə müsbət təsir göstərəcək və xalqların rifahını daha da yaxşılaşdıracaq. Son illərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər həm iqtisadiyyat, həm də siyasi sahədə inkişaf edir. Xüsusən, "Şimal-Cənub” nəqliyyat dəhlizi iki ölkə arasında əlaqələrin dərinləşməsində vacib rol oynayır. Bu layihə hər iki ölkə üçün unikal imkanlar yaradacaq. "Şimal-Cənub” nəqliyyat dəhlizi yük daşımalarını asanlaşdıracaq və hər iki ölkəyə tranzitdən gəlir gətirəcək”.
"İranla Azərbaycan
daha da yaxınlaşır”

Millət vəkili Tahir Kərimli də bildirib ki, İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi əlaqələrin möhkəmlənməsindən xəbər verir. Deputatın sözlərinə görə, əməkdaşlığı tarixi köklərə bağlı olan İran və Azərbaycanın münasibətlərinin səviyyəsinin yüksəlməsi mühüm əhəmiyyət kəsb edir:

"Budəfəki görüşdə də mühüm sazişlər imzalandı. Bu sənədlərdən ən əhəmiyyətlisi Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişdir. Səfər çərçivəsində digər sahələrdə - ekologiya, idman, mədəniyyət və səhiyyə sahələrində də sazişlər imzalandı. Bu o deməkdir ki, artıq İranla Azərbaycan daha da yaxınlaşır. İranla Azərbaycan arasında ikitərəfli görüşlərlə yanaşı, üçtərəfli və dördtərəfli formatda da görüşlər keçirilir. Bu isə o deməkdir ki, bu görüşlər regionda sülhün, təhlükəsizliyin qorunmasına səbəb olur. Hesab edirəm ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi artacaq, digər sahələrdə əməkdaşlıqla bağlı irəliləyişlər əldə ediləcək”.

T.Kərimli bildirib ki, Azərbaycanla münasibətlərin inkişafında İran ictimaiyyəti də maraqlıdır və bu əməkdaşlığa dəstək verir: 

"İran vətəndaşlarının son vaxtlar Azərbaycana gəlişi artıb. Bu da turizm sahəsinin qarşılıqlı inkişafı və sərmayə qoyuluşunun artımına töhfədir”. Millət vəkili qeyd edib ki, səfər çərçivəsində İran Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər də səsləndirdi: "Həsən Ruhani də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və bu münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu deyib”.

İsmayıl