Yeni qanunda staj müddəti artıq olan işçilərə üstünlük veriləcək

“Eyni zamanda işdənçıxarma müavinəti verilərkən də staj nəzərə alınacaq”

Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq. Trend-in məlumatına görə, bu, Əmək Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsində qeyd edilib.

Əmək Məcəlləsinin hazırkı variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin "B” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir. Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.

Layihəyə görə, işçinin 1 ilədək əmək stajı olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir.

Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Yeni layihəyə görə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin 1 ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək.

Həmçinin işçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq.

Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə "Şərq”ə açıqlamasında deyib ki, əsas problemi qoyub, bu cür əhəmiyyətsiz addımlar atmağa elə bir ciddi ehtiyac yoxdur: 

"Əsas problem odur ki, ölkədə işləyənlərin 70 faizinin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Müqavilə imzalamamaq həm dövlət, həm də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun ağırlığı ən çox işçinin üzərinə düşür. İşçinin əmək müqaviləsində əmək funksiyaları dəqiq müəyyən olunur, işçi hansı işləri yerinə yetirməlidirsə, o müqavilədə qeyd edilir. İşçinin əmək müqaviləsi yoxdursa, o, bədbəxt hadisələrdən və peşə xəstəliyindən sığortalanmır. Çünki hər hansı bir sığorta şirkəti əmək müqaviləsi olmadan, hətta işəgötürən özü müraciət etsə belə, həmin şəxsi sığortalamır. Ümumiyyətlə, əmək müqaviləsi imzalanmırsa, burada əmək münasibətlərindən söhbət getmir. 

Ancaq aidiyyəti qurum məsələyə diqqət ayırmaq əvəzinə heç bir səmərəsi olmayan məsələlərə vaxt ayırıb, işləyib qanuna əlavə edirlər. Əslində isə işçiləri ixtisar etmək üçün diferensial yanaşma ortaya qoyurlar. Mövcud qanunvericiliyə görə, bütün işçilər üçün standart müddət vardı. İki ay əvvəlcədən işçilərə xəbərdarlıq edərək onu ixtisara salırdılar. Həftədə bir dəfə də istirahət günü verirdilər ki, iş axtara bilsin. Yaxud da işə götürənlə işçi arasındakı razılaşmaya əsasən 2 aylıq əməkhaqqı bəri başdan ödənilirdi. Yeni layihədə isə staj müddəti artıq olan işçilərə üstünlük veriləcək, eyni zamanda işdənçıxarma müavinəti verilərkən də staj nəzərə alınacaq. Bir sözlə, işəgötürənlərin maraqları nəzərə alınacaq”.

Sözügedən dəyişikliklərin Azərbaycanın əmək bazarı üçün o qədər də aktual mövzu olmadığını vurğulayan S.Məmmədovun sözlərinə görə, 4 milyon 700 mindən çox adam əmək bazarında fəaliyyət göstərir, amma cəmisi bir milyonunun əmək müqaviləsi var: 

"Bunu qoyub, staj məsələsini qabartmaqla əmək bazarındakı problemləri aradan qaldırmaq mümkün deyil. Layihə qəbul olunacağı təqdirdə elə kağız üzərində də qalacaq. Onsuz da mövcud reallıqda işəgötürənlər işçilərə əvvəlcədən heç bir xəbərdarlıq etmədən ixtisara salır və "sabahdan gəlmə” deməklə məsələni birdəfəlik bağlayır. Çünki işçilərin əksəriyyətinin əmək müqaviləsi olmur. Hətta işə götürənlər əmək müqaviləsi olanların ixtisarı ilə bağlı da yeni üsul tapıblar. Onları illərlə məzuniyyətə göndərirlər. Bu həm hökumətə sərf edir, həm də müəssisə rəhbərliyinə. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi statistikada həmin adamı işçi kimi götürür, müəssisə də heç kimi işdən çıxartmadığını iddia edir. Faktiki olaraq da adam işsizdir. Çoxları da müqavilənin vaxtı başa çatan kimi "get” deyirlər. Bu dəyişiklik də lap onların xeyrinə oldu”.

Şəymən