Aslan Aslanov: “Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir”
"Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır”. Bunu AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində deyib. A.Aslanov bəyan edib ki, dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəmizə gəliblər:
"Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm”. Baş direktor tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da təşəkkür edib. O, nəzərə çatdırıb ki, XXI əsr keyfiyyətcə yeni bir dövrdür: "İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına uğurlar arzulayıram”.
"Məqsədimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır”
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov vurğulayıb ki, Azərbaycan son illərdə jurnalistika sahəsində ayrı-ayrı beynəlxalq təşkilatlara üzv seçilib. Deputatın sözlərinə görə, ölkəmiz kifayət qədər aktiv üzvlüyə sahibdir: "Mətbuat Şurası Avropa Mətbuat şuraları Assosiasiyasının və Dünya Mətbuat Şurası Birliyinin üzvüdür. Türk dünyası jurnalistlər təşkilatında fəal iştirak edir. AZƏRTAC artıq uzun müddətdir ki, bu kimi tədbirlərə qatılır. Tanınmış xəbər agentlikləri rəhbərliyinin bir müddət Azərbaycanda olması ölkəmiz üçün kifayət qədər əhəmiyyətli şansdır. Çünki bu tədbirlərin keçirilməsi, mütəmadi olaraq xarici qonaqların Azərbaycana dəvət olunması ölkəmizdə baş verən olayların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bir plastarmdır. Azərbaycan tərəfi bu fürsətdən istifadə edəcək. Üç günlük tədbirdə ölkəmizdə həyata keçirilən islahatlarla, Azərbaycanın ana problemi olan Dağlıq Qarabağla və ayrı-ayrı problemlərlə bağlı məsələlər qaldırılacaq, mühüm məsələlər təhlil olunacaq. Bizim məqsədimiz odur ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın”.
İsmayıl