“Bu gün ciddi filmə baxanların da sayı azalıb. Çünki son vaxtlar çəkilən mənasız komediyalar, yersiz gülüşlə dolu ekran işləri sənəti də, kinonu da gözdən salıb”
“Yerindən duran rejissor olub”
Rasim Balayev: “İndi kimin 5-3 tanışı var, bir az da pulu, film çəkir”
“Bu gün ciddi filmə baxanların da sayı azalıb. Çünki son vaxtlar çəkilən mənasız komediyalar, yersiz gülüşlə dolu ekran işləri sənəti də, kinonu da gözdən salıb”
“Bu gün ciddi filmə baxanların da sayı azalıb. Çünki son vaxtlar çəkilən mənasız komediyalar, yersiz gülüşlə dolu ekran işləri sənəti də, kinonu da gözdən salıb”
Xalq artisti Rasim Balayev yeni çəkilən "Sara” adlı Azərbaycan filminin qala gecəsinə dəvətlidir. Xatırladaq ki, filmdə əsas obrazlardan birini məhz Xalq artisti canlandırıb. Ekran işində Xalq artisti Rasim Balayev, Əməkdar artist Qurban İsmayılov, aktyor Fuad Osmanov, aktrisa Aysel Nazim və başqaları rol alıblar. Adıçəkilən ekran işində Rasim Balayev mənfi obraz canlandırıb. Rejissorluğunu Elvin Əhmədovun etdiyi film detektiv janrındadır.
Ekran işinin qala gecəsi aprelin 6-da olacaq. Filmlə bağlı Rasim Balayevlə əlaqə yaratdıq. Xalq artisti "Şərq”ə açıqlamasında həm "Sara” haqqında danışdı, həm də son vaxtlar çəkilən ekran əsərlərinə münasibət bildirdi: "Sara” filminə dəvət aldım, ekran işinin ssenarisi maraqlı olduğundan obrazı qəbul edib, filmdə çəkildim. Filmin qala gecəsinə dəvət olunmuşam. Amma düzünü desəm, bilmirəm təqdimata qatılacam, ya yox. Açığını desəm, son vaxtlar belə təqdimatlar o qədər çox olur ki, mənasını itirir. Əslində filmlərin qala gecəsinin olması müsbət haldı. Amma bəzən mənasız filmlərin də "möhtəşəm” təqdimatı təşkil edilir deyə, adam belə mərasimlərə getməyə ar edir”.
Xalq artisti son vaxtlar çəkilən filmlərin, serialların keyfiyyətindən isə demək olar ki, qətiyyən razı olmadığını dilə gətirdi: "Bilirsiz, film çəkmək adi iş deyil ki, kim gəldi film çəksin. Film ciddi sənətdi. Bu işə məsuliyyətlə yanaşmaq lazımdı. İndi kimin 5-3 tanışı var, bir az da pulu, film çəkir. Belə iş olar? Ayıbdı. Vallah ayıbdı. Yerindən duran rejissor olub. Bu sahəni o qədər ucuzlaşdırıblar ki, uşaq oyuncağı olub.
Uşaq ağlayanda əlinə oyuncaq düşəndə necə oynayırsa, indi bir balaca bu sahəyə əli girən, pulu olan da əlinə kamera götürüb film çəkməyə başlayır. Son vaxtlar çəkilən ekran əsərlərinə baxırsan, heç bir məna, dramaturgiya tapa bilmirsən. Filmin bir ana xətti, dramaturji təsir gücü olmalıdır. İndi çəkilən seriallar, filmlərdə bunu görmək demək olar mümkün deyil. Bu sahəyə ciddi nəzarət olmalıdır. Kim istəyir film çəkib aparır kinoteatra ki, bunu təqdim et.
Belə iş olar? Kim istəsə, kinoteatra kirayə haqqını ödəyib, çəkdiyini təqdim edə bilirsə, burda sənətdən söz açmağa dəyməz. Əvvəllər bir filmin ərsəyə gəlməsi üçün nə qədər prosedurdan keçməli olurdular. İndi pulu olan film çəkir, qala gecə təşkil edir. Çəkilən filmlərin əksəriyyətində mənasız gülüş, haaa...hiiii...hır-hır... Bu sənət deyil. Tamaşaçıların da zövqünü korlayıblar. Kütlə zövqü formalaşmağa başlayıb. Bu gün ciddi filmə baxanların da sayı azalıb. Çünki son vaxtlar çəkilən mənasız komediyalar, yersiz gülüşlə dolu ekran işləri sənəti də, kinonu da gözdən salıb. Niyə buna nəzarət yoxdu, onu siz bu sahədə səlahiyyəti olanlara ünvanlaya bilərsiz. Filmdə dramaturgiya yoxdusa, o necə sənət əsəri kimi qəbul oluna bilər. Deyirlər niyə filmlərə çəkilmirsiz? Hansı filmlərə çəkilim? Biədəb gülüşlərlə dolu çəkilən ekran əsərlərində görünməkdənsə, elə ac oturub indiyə qədər qazandığım nüfuzumu gözdən salmaram.
Mən illərlə bu sahədə çalışan, karifey kino xadimləri ilə çalışan aktyor olmuşam. Mənim kimi aktyora yaşımın bu vaxtında belə ucuz, yalnız kommersiya məqsədi ilə çəkilən ekran işlərində görünmək ayıb sayılar. Mən nüfuzumu, qazandığım hörməti gözdən sala bilmərəm. Mənim son illərim demək olar boşa gedir. Halbuki ciddi ekran əsərlərində mən görünə bilərdim. Şükür, hələ çalışmağa, aktyor olaraq potensialımdan bu gün də istifadə etməyə gücüm çatır. Amma illərim boşa gedir. Türkiyədə mənim kimi aktyorlar üçün hər bir şərait var. Onlar bu yaşlarında maraqlı ekran əsərlərində imzalarını qoyurlar. Bizdə isə ildə bir dənə ciddi ekran işi çəkən olmur ki, bizim nəslin aktyorları da oynasınlar. Mən hələ özümü o qədər qoca da saymıram. Bu illərimdə bəlkə də ən maraqlı obrazlar yarada bilərdim, heyif ki, mənim vaxtımın böyük hissəsi boş gedir. Mən ciddi ekran əsərlərində oynamaq istərdim. Bizim nəslin nümayəndələrindən kim qalıb ki? 1-2 nəfər sənətkar qalıb. Onlar da evdə oturmaqdan yorulub xəstəliyə tutulurlar. İş olsa, maraqlı ekran əsərlərinə, filmlərə dəvət gəlsə, çalışardıq. Bilirsiz, bizim aktyor ömrümüzü diri ikən basdırıblar. Halbuki biz yaşayırıq, yaratmaq imkanımız var. Amma bizi kinodan uzaq etməklə öldürmüş olublar”.
Tahirə